MOK ölkəmizdə idmanın və Olimpiya Hərəkatının inkişafına böyük töhfələr verib
30 yanvar 2024 2965
Cənab İlham Əliyev 1997-ci ildə Milli Olimpiya Komitəsinin Prezidenti seçildikdən sonra MOK idman və Olimpiya Hərəkatının müxtəlif sahələri üzrə fəaliyyət proqramını müəyyənləşdirdi. Bu fəaliyyəti müxtəlif istiqamətlərə ayırmaq olar. Beynəlxalq əlaqələrin qurulması və Azərbaycan Milli Olimpiya Komitəsinin beynəlxalq Olimpiya ailəsində nüfuzlu bir təşkilata çevrilməsi, ölkəmizin Olimpiya Oyunlarında layiqincə təmsil olunması, idmanın bütün növlərinin inkişaf etdirilməsi, idmançılar üçün təlim-məşq toplanışlarının təşkili və onların beynəlxalq yarışlarda iştirakının təmin edilməsi əsas istiqamətlərdən biri idi. Həmçinin idmançılara diqqət və qayğının artırılması, ölkədə idmanın maddi-texniki bazasının inkişaf etdirilməsi də əsas hesab olunurdu. Bundan əlavə beynəlxalq yarışların ölkəmizdə keçirilməsi, beynəlxalq və qitə Olimpiya komitələrinin, digər beynəlxalq idman qurumlarının tədbirlərində fəal iştirak vacib amillərdən biri idi. Ölkədə idmanın kütləviliyini artırmaq, uşaq və yeniyetmələri idmana cəlb etmək Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin 1997-ci ildə müəyyənləşdirdiyi əsas fəaliyyət istiqamətlərində yer almışdı.
Ölkənin rifahı və inkişafı istiqamətində töhfələr vermiş insanlar yüksək qiymətləndirilir
Müasir Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyev idmanın, bədən tərbiyəsinin inkişafını dövlətin beynəlxalq nüfuz və mövqelərinin təntənəsi kimi qiymətləndirirdi. Ulu öndər idmanın dövlətimizin dünyada tanınmasında, imicinin möhkəmlənməsində müstəsna rolunu önə çəkərək deyirdi: “İdman, bədən tərbiyəsi xalqın sağlamlığı ilə bağlı olan mühüm sosial sahədir. Azərbaycan bayrağı dünyada, demək olar ki, iki dəfə qaldırılır. Bu, bir Azərbaycanın dövlət başçısı hər hansı ölkəyə gələrkən və bir də idmançılarımız beynəlxalq yarışlarda çempion adını qazanarkən baş verir. Azərbaycan himni səslənir, dövlət bayrağı qaldırılır”.
Ümummilli lider Heydər Əliyev hakimiyyətdə olduğu dövrlərdə hər bir sahədə böyük işlər görmüş, ölkənin rifahı və inkişafı istiqamətində töhfələr vermiş insanları yüksək qiymətləndirmişdi. Bu diqqət və qayğı bədən tərbiyəsi və idmandan da yan keçmədi.
Ümummilli lider Heydər Əliyevin hakimiyyətə ikinci dəfə qayıdışından sonra ilk dəfə idi ki, Azərbaycan idmançıları ölkəmizi Olimpiya Oyunlarında müstəqil dövlət kimi təmsil edirdi. Bu, əlamətdar bir hadisə hesab olunurdu. 1996-cı il iyunun 29-da Zuğulbadakı “Gənclik” İdman Kompleksində Atlanta-1996 Yay Olimpiya Oyunlarına vəsiqə qazanan Azərbaycan idmançılarının yolasalma mərasimi yeni bir başlanğıc oldu. Mərasimdə Azərbaycan Prezidenti cənab Heydər Əliyev çıxış edərək idmançılara müraciət etdi. Müraciətdə qeyd olunurdu: “Sizin, yəni Azərbaycan Respublikası komandasının XXVI Olimpiya Oyunlarında iştirak etməsi özü əlamətdar bir hadisədir. Bu, sadəcə bir nümayəndə heyəti deyil ki, neçə nəfər istəyirsən, təyin et, müəyyən et, göndər. Dünyada yeganə haldır ki, bu toplantıya, dünya səviyyəli görüşə gedən nümayəndə heyəti nə dövlət, nə də xalq tərəfindən təyin oluna bilər. Olimpiya Oyunlarında iştirak etmək hüququ almaq üçün lazımi göstəricilər əldə etmək gərəkdir. Əgər bunlar olmazsa, Azərbaycan dövləti, Azərbaycan Prezidenti də nə qədər çalışsa, o nailiyyəti əldə etməyən adam yığma komandanın tərkibinə düşə bilməz. Ona görə də 23 nəfərdən ibarət olan bu nümayəndə heyəti Azərbaycan Respublikasının idman sahəsindəki imkanını nümayiş etdirir. ...Sizin, yəni Azərbaycan Respublikası komandasının XXVI Olimpiya Oyunlarında iştirak etməsi özü əlamətdar bir hadisədir, Siz oradan hansı nailiyyətlə qayıdacaqsınızsa, bu, məsələnin ikinci tərəfidir”.
İdmançılarımız Atlanta Olimpiadasında ölkəmizi layiqincə təmsil etdilər və sərbəst güləşçimiz Namiq Abdullayev gümüş medal qazandı. Olimpiadadan qayıtdıqdan sonra Prezident Aparatında keçirilən görüşdə Heydər Əliyev Namiq Abdullayevin gümüş medalının qızıla bərabər olduğunu bildirdi. Təbii ki, ölkə başçısı Atlantada qazanılmış nəticəni belə qiymətləndirməklə gözlənilən daha çox şeyin gələcəkdə əldə olunması üçün konkret işlərin görülməsinin vacibliyini də diqqət mərkəzinə çəkirdi və bu tələbi idmançıların deyil, idmanın inkişafı üçün cavabdeh şəxslərin qarşısında qoyurdu. Bununla yanaşı, əsas yükü, əsas ağırlığı yenə də öz üzərinə götürərək deyirdi: “Azərbaycan Prezidenti kimi şəxsən mən söz vermişəm və indi də bunu təsdiq edirəm ki, idmana xüsusi qayğını öz üzərimə götürürəm. Azərbaycan gənclərinə xüsusi qayğını öz üzərimə götürmüşəm və əmin ola bilərsiniz ki, bu qayğını daim hiss edəcəksiniz”.
İdmançılarla bu görüşlər ənənəvi xarakter almağa başladı.
Hər bir idmançı ona bəslənən ümidləri və məsuliyyəti yaxşı dərk edirdi
Ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olan İlham Əliyev 2003-cü ildə Azərbaycan Prezidenti seçildikdən sonra da bu ənənə davam etdi. Belə ki, cənab İlham Əliyev mütəmadi olaraq atletlərimizin Olimpiya Oyunlarına yolasalma mərasimində iştirak edir, idmançılarımıza öz xeyir-duasını verir. İlham Əliyev Afina-2004, Pekin-2008, London-2012 və Rio-2016 Yay Olimpiya Oyunlarına yollanan idmançılarla görüşüb, onlara uğurlar diləmişdi. Ölkə başçısının bu tədbirlərdə idmançılarla görüşü, onlara müsbət təsir göstərməklə yanaşı, idmançıların gələcək karyeralarında da dönüş rolunu oynadı. Bu görüşlərdə iştirak edən hər bir idmançı ona bəslənən ümidləri və məsuliyyəti yaxşı dərk edirdi. Məhz belə görüşlərin nəticəsidir ki, idmançılarımız bu olimpiadalarda medal sayını artırırdılar. Cənab İlham Əliyev həmçinin Olimpiya Oyunlarında uğurla çıxış edən Olimpiya yığmamızı qarşılayaraq, onların əldə etdikləri nailiyyətləri yüksək qiymətləndirirdi. Belə görüşlərdən biri də 2016-cı il sentyabrın 2-də Rio-2016 Yay Olimpiya Oyunlarında uğurla çıxış edən idmançıların və onların məşqçiləri ilə oldu.
Dövlət başçısı Rio Olimpiadasında uğurla çıxış edən idmançılarımızı təbrik edərək, əldə olunan nəticəni tarixi qələbə adlandırdı. “Bu, doğrudan da tarixi qələbədir. Azərbaycan idmançıları Rio Olimpiya Oyunlarında 18 medal qazanmışlar. Bu, rekord göstəricidir. Onlardan 1-i qızıl, 7-si gümüş, 10-u isə bürünc medaldır. Medalların sayına görə Azərbaycan komandası 14-15-ci yerləri bölüşür. Avropa ölkələri arasında 7-ci, keçmiş Sovet İttifaqı respublikaları arasında 2-ci, müsəlman ölkələri arasında isə 1-ci yerdədir. Bu möhtəşəm qələbə bütün Azərbaycan xalqını sevindirir. Azərbaycan xalqı öz idmançıları ilə fəxr edir”.
Yeni mərhələ, sürətli inkişaf və böyük qələbələr
Azərbaycan müstəqil dövlət kimi 1996-cı ildən etibarən Yay Olimpiya Oyunlarında iştirak edir. Atlantada təşkil olunan Oyunlarda komandamız cəmi 1 gümüş medal qazandı. Oyunlarda 9 idman növündə 23 idmançı ilə təmsil olunan Azərbaycan komandası 197 ölkə arasında 61-ci yeri tutdu. Cənab İlham Əliyev 1997-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti seçildikdən sonra idmanın və Olimpiya Hərəkatının yeni inkişaf mərhələsi başladı. Bu Olimpiya Oyunlarında əldə etdiyimiz nəticələrə də öz müsbət təsirini göstərdi. Yarışlara daha yaxşı hazırlaşan komandamız tezliklə Sidney-2000-də bunun nəticəsini gördü. Belə ki, olimpiyaçılarımız XXVII Yay Olimpiya Oyunlarında 2 qızıl, 1 gümüş medal qazandılar. Oyunlarda 8 idman növü üzrə 31 idmançı ilə təmsil olunan Azərbaycan Olimpiya yığması komanda hesabında 199 ölkə arasında 34-cü, Avropa ölkələri arasında isə 23-cü oldu. Bu, həmin dövrdə ölkəmizin Olimpiya Hərəkatı tarixində ən böyük uğuru idi. Dörd il sonra Afinada keçirilən Olimpiya Oyunlarında Azərbaycanın idman tarixində yeni bir səhifə açıldı. 12 idman növündə 38 idmançı ilə təmsil olunan Azərbaycan komandası bu möhtəşəm yarışdan Vətənə 1 qızıl, 4 bürünc medalla qayıtdı. Azərbaycan komandası bu nəticə ilə 75 dövlət arasında əyarına görə 50-ci, medalların sayına görə isə 37-ci yeri tutdu.
Beləliklə, Azərbaycan idmançılarının Olimpiya Oyunlarındakı uğurları bir-birini əvəz edirdi. Pekin-2008-də 5 (1 qızıl, 2 gümüş, 4 bürünc) medal qazanan atletlərimiz London-2012-də 9 (2 qızıl, 2 gümüş və 5 bürünc), Rio-2016-da 18 (1 qızıl, 7 gümüş və 10 bürünc), Tokio-2020-də isə 7 (3 gümüş, 4 bürünc) medalla Vətənə qayıtdılar. Bu illər ərzində atletlərimiz həmçinin Qış Olimpiya Oyunlarında da iştirak etdilər. İlk dəfə 1998-ci ildə Yaponiyanın Naqano şəhərində keçirilən Qış Olimpiya Oyunlarında iştirak edən Azərbaycan atletləri həmçinin Solt-Leyk-Siti-2002, Turin-2006, Vankuver-2010, Soçi-2014, Pxençxan-2018, Pekin-2022 olimpiadalarında da təmsil olundular.
Azərbaycanın yeniyetmə idmançıları da bu illər ərzində dünya, Avropa, yeniyetmələrin Yay Olimpiya Oyunları və Avropa Gənclər Olimpiya Festivallarındakı uğurlu çıxışı ilə ölkəmizin bayrağını yüksəklərdə dalğalandırdılar. Ölkəmiz Sinqapur-2010, Nankin-2014 və Buenos-Ayres-2018 Yeniyetmələrin Yay Olimpiya Oyunlarında və Lozanna-2020 Qış Olimpiya Oyunlarında təmsil olundu. Yeniyetmələrin Yay Olimpiya Oyunları tarixi ərzində Azərbaycan 12 qızıl, 10 gümüş və 4 bürünc medala sahib olub.
Olimpiya Oyunlarından əldə olunan bu nailiyyətlər cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan idmanının sürətlə inkişaf etdiyindən xəbər verir. Gənc və müstəqil bir ölkənin dünyanın ən mötəbər yarışlarında iştirakı və uğur qazanması özünü doğrultdu. Bu isə öz növbəsində cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin Prezidenti seçildikdən sonra MOK-un idman və Olimpiya Hərəkatının müxtəlif sahələri üzrə fəaliyyət proqramının uğurla həyata keçirilməsinin təcəssümü idi.
Olimpiya Oyunları milli mədəniyyətləri özündə birləşdirən bir vasitədir
Olimpiya Oyunları təkcə idman yarışı deyil, ölkələrin tarixlərini, milli mədəniyyətlərini özündə birləşdirən bir vasitədir. Bundan istifadə edən ölkələr öz mədəniyyətlərini, tarixi ənənələrini, Olimpiya Oyunlarının keçirildiyi ölkələrdə nümayiş etdirirlər. Olimpiya Oyunlarının keçirildiyi günlərdə təşkil olunan belə tədbirlərdən biri də “Azərbaycan Günü”dür. Cənab İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti seçildikdən sonra bu mədəniyyət və idman tədbiri ilk dəfə olaraq 2000-ci ildə uzaq Avstraliyanın paytaxtı Sidneydə keçirildi. Tədbirdə BOK-un nümayəndələri, Avropa Olimpiya Komitəsinin prezidenti Jak Roqq, komitənin baş katibi Mario Peskante, müxtəlif ölkələrin Milli Olimpiya komitələrinin prezidentləri, idman nazirləri, beynəlxalq idman federasiyalarının rəhbərləri, Sidney şəhərində yaşayan Azərbaycan diasporunun nümayəndələri iştirak edirdilər. “Azərbaycan Günü”ndə Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev qonaqlara Azərbaycan, ölkədə Olimpiya Hərəkatı və idmana münasibət, komitənin fəaliyyəti idmançılarımızın Olimpiya Oyunlarında iştirakı haqqında məlumat verdi, onun dəvətini qəbul edərək, tədbirdə iştirak edən bütün qonaqlara təşəkkürünü bildirdi. Azərbaycanın bütün sahələrdə, xüsusən də Olimpiya Hərəkatı və idman sahəsində başqa ölkələrlə əməkdaşlığının bundan sonra daha da genişlənəcəyinə əmin olduğunu qeyd edən MOK prezidenti qonaqları Azərbaycanla daha yaxından tanış olmağa çağırdı. Avropa Olimpiya Komitəsini prezidenti Jak Roqq Azərbaycan Milli Olimpiya Komitəsinin bu təşəbbüsünü, Olimpiya Oyunlarının keçirildiyi vaxtda belə bir tədbiri təşkil edərək Azərbaycanı, onun mədəniyyətini, idmanını dünyaya tanıtmağını yüksək qiymətləndirdi.
“Azərbaycan Günü”ndə Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin müxtəlif ölkələrin Olimpiya komitələrinin prezidentləri, idman nazirləri, beynəlxalq federasiyaların rəhbərləri ilə görüşləri də işgüzar və səmərəli şəraitdə keçdi. “Yaşıl qitə”dən sonra “Azərbaycan Günü” tədbiri Olimpiya Oyunlarının vətəni hesab olunan Afinada təşkil olundu. Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyevanın da iştirak etdiyi mərasimə Jak Roqq bu dəfə Beynəlxalq Olimpiya Komitəsinin Prezidenti kimi qatılmışdı. Tədbirdə həmçinin Beynəlxalq və Avropa Olimpiya Komitəsinin rəhbər şəxsləri, habelə müxtəlif Olimpiya komitələrinin prezidentləri, idman nazirləri də iştirak edirdilər.
XXVIII Yay Olimpiya Oyunlarını izləmək üçün Afinada səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 16-da “Olimpiya kəndi”nə gedərək, olimpiyaçılarımızın yaşayış şəraiti ilə maraqlandı. İdmançılarımızın Afina Olimpiadasında parlaq qələbələr qazanacağına ümidvar olduğunu bildirən Azərbaycan Prezidenti onlara uğurlar arzuladı. Bu ənənə Pekin-2008 Yay Olimpiya Oyunları çərçivəsində də davam etdi. “Azərbaycan Günü” tədbirindən bir gün əvvəl, avqustun 9-da Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva “Olimpiya kəndi”ndə oldular. İdmançılarla görüşən ölkə başçısı onların şəraiti ilə tanış oldu, idmançılar və məşqçilərlə ətraflı söhbət etdi, onlara Azərbaycanın şərəfini yüksək tutmalarını arzuladı. Avqustun 10-da keçirilən “Azərbaycan Günü” tədbirində beynəlxalq Olimpiya və idman təşkilatlarının rəhbərləri, milli Olimpiya komitələrinin prezidentləri, tanınmış idmançılar və başqa rəsmi şəxslər də iştirak edirdilər.
Prezident İlham Əliyev tədbirdə çıxış edərək Azərbaycan haqqında qısa məlumat verdi, müstəqil dövlət kimi ölkənin dördüncü dəfə Olimpiya Oyunlarında iştirak etməsini vurğuladı. Olimpiya Hərəkatının əsas aparıcı qüvvəsi olan idmançılar arasında Olimpiya Oyunları dövründə yaranacaq dostluq və yoldaşlıq ruhunun dünyada sülhə və qarşılıqlı anlaşmaya kömək edəcəyini bildirdi.
Azərbaycan tarixini, mədəniyyətini, idman ənənələrini özündə əks etdirən növbəti “Azərbaycan Günü” tədbiri 2012-ci ildə “Dumanlı Albion”da təşkil olundu. İyulun 28-də Londonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Mehriban xanım Əliyeva tərəfindən təşkil olunmuş “Azərbaycan Günü” tədbiri keçirildi. Beynəlxalq Olimpiya və idman qurumlarının, müxtəlif ölkələrin Milli Olimpiya komitələrinin rəhbərləri, digər rəsmi şəxslər, Azərbaycan idmançıları bu tədbirdə iştirak etdilər. Olimpiya Oyunlarının iştirakçısı olan Azərbaycan cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin rəhbəri olduğu dövr ərzində böyük nailiyyətlər qazandı. Bu müddət ərzində Azərbaycanın idman ənənələri ilə yanaşı, tarixi, mədəniyyəti də bütün dünyada yüksək səviyyədə təbliğ edildi.
Uşaq və yeniyetmə idmanına göstərilən qayğı bu sahədə öz əksini tapdı
Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev beynəlxalq arenalarda ölkəmizi uğurla təmsil edən idmançılarımızı və onların məşqçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün hər il mütəmadi olaraq görüşlər keçirir. Belə görüşlərdən biri də 2007-ci il dekabrın 27-də Milli Olimpiya Komitəsinin ilin yekunları ilə bağlı keçirilən tədbirinə təsadüf etdi. Dövlətimizin başçısı mərasimdə nitq söylədi. O dedi: “Mən çox sevinirəm ki, ildən-ilə medalların sayı azalmır, artır. Azərbaycanda çox gözəl gənc nəsil yetişir. İdman ənənələri yaşayır, davam etdirilir və Azərbaycan artıq bir neçə ildir ki, dünyada idman dövləti kimi tanınır. İdmançılarımızın uğurları ilə yanaşı, idmanla bağlı bütün başqa sahələrdə də işlər yaxşı gedir. İdman infrastrukturu yaradılır, yeniləşir”.
Sonra Azərbaycan Prezidenti ilə uğurla yekun vurmuş, idmançılara, məşqçilərə və idman veteranlarına, mütəxəssislərinə mükafatlar təqdim etdi. Toplantıda MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin təsis etdiyi bir nömrəli “Olimpiya” ordenini Prezident İlham Əliyevə təqdim etdi. Azərbaycan idmanının inkişaf istiqamətlərini əsas götürən İlham Əliyev uşaq və yeniyetmə idmanına qayğını da əsirgəmir. Ölkə başçısı tərəfindən bununla bağlı olaraq müxtəlif illərdə fərman və sərəncamlar imzalanıb. Nəticədə Azərbaycan idmanında güclü və istedadlı idmançılar yetişib ki, onlar da bu gün beynəlxalq idman arenalarında əldə etdikləri uğurlarla etimadı doğruldurlar. Uşaq və yeniyetmə idmanına göstərilən diqqət və qayğının növbəti təzahürü 2010-cu il avqustun 30-a təsadüf etdi. Azərbaycan Prezidenti Sinqapurda keçirilən Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında iştirak etmiş idmançıları və mütəxəssisləri qəbul etdi. Dövlətimizin başçısı İlham Əliyev Sinqapurda qazanılmış böyük və inamlı qələbə münasibətilə idmançıları, məşqçiləri və mütəxəssisləri təbrik edərək dedi: “Bu, həqiqətən böyük və tarixi nailiyyətdir. Azərbaycan artıq dünyanın aparıcı idman ölkələrinin sırasındadır. Bu qələbə onu göstərir ki, Azərbaycanda idmanın inkişafı üçün çox böyük işlər görülmüşdür. İdman hərtərəfli inkişaf edir. Həm kütləvilik artır, həm də idmanla məşğul olmaq üçün bütün imkanlar yaradılmışdır. Gənclərimiz, yeniyetmələrimiz idmana böyük həvəslə yanaşırlar. İdman bölmələrinə axın çox güclüdür. Bu, Azərbaycanda idman sahəsində aparılmış köklü islahatların nəticəsidir. Mən çox şadam və çox sevinirəm ki, idmançılarımız bu böyük qələbəni qazandılar”.
Cənab İlham Əliyev yaş kateqoriyasından asılı olmayaraq Azərbaycan idmanını dünyada tanıtdıran idmançılara diqqət və qayğını əsirgəmir. Hər dəfə yarışlardan qalibiyyətlə Vətənə dönən gənc və perspektivli idmançılarla ölkə başçısının səmimi görüşləri xoş təəssürat yaratmaqla yanaşı, həm də onları yeni qələbələrə ruhlandırır.
MOK-un tikinti-quruculuqla bağlı fəaliyyəti idmanın inkişafını sürətləndirdi
Cənab İlham Əliyev 1997-ci ildə Milli Olimpiya Komitəsinin prezidenti seçildikdən sonra ölkədə idmanın sürətli inkişafı və onun gələcək imkanlarını genişləndirmək məqsədi ilə mövcud maddi-texniki bazanın vəziyyətini dərindən təhlil etdi, onun yaradılması və inkişafı üçün iki vacib istiqaməti müəyyənləşdirdi. Birinci istiqamət yeni idman obyektlərinin tikintisi, ikinci istiqamət isə mövcud idman qurğularının qurulması, bərpası və avadanlıqla təchizatını təmin etmək oldu. Milli Olimpiya Komitəsinin tikinti-quruculuqla bağlı fəaliyyətini müəyyən dövrlərə bölmək olar. 1998-2003-cü illəri əhatə edən birinci dövrdə paytaxtda və bir sıra bölgələrdə Olimpiya İdman kompleksləri inşa edilərək, istifadəyə verildi.
Belə ki, 1998-ci ildə Bakıda, Naxçıvanda və Gəncədə iki universal zaldan ibarət yeni idman qurğularının, eləcə də Bakıda Milli Olimpiya Komitəsinin inzibati binasının layihələrinin hazırlanması üçün tender elan olundu. 1999-cu ildə həmin obyektlərin tikintisinə başlanıldı. Bakıda min nəfərdən çox tamaşaçı tutan iki universal zaldan ibarət Olimpiya İdman Kompleksinin tikintisi Sidney Olimpiya Oyunlarından bir qədər sonra başa çatdı. 2000-ci il oktyabrın 20-də yeni Olimpiya kompleksinin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev, o dövrdə Avropa Olimpiya Komitəsinin prezidenti olan Jak Roqq, AOK-un baş katibi Mario Peskante və digər rəsmi şəxslər iştirak etdilər. Açılış mərasimində Azərbaycan Prezidenti Heydər Əliyev geniş nitq söylədi. Dövlət başçısı nitqində dedi: “Milli Olimpiya Komitəsi öz imkanlarından istifadə edərək, dövlətdən bir vəsait almayaraq Azərbaycanda müxtəlif yerlərdə Olimpiya Komitəsinin idman komplekslərini tikməyə başlamışdır. Hesab edirəm ki, bu, Milli Olimpiya Komitəsinin işinin başlanğıcıdır”.
Bu, doğrudan da başlanğıc oldu. 2001-ci ilin mart ayının 26-da Azərbaycanda idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi proqramının bir hissəsi olan Milli Olimpiya Komitəsinin inzibati binasının tikintisi başa çatdırıldı. Bu obyektin açılışında iştirak edən Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev mərasimdəki nitqində dedi: “Mən heç təsəvvür edə bilməzdim ki, belə gözəl, müasir tipli və Milli Olimpiya Komitəsinin işinin səmərəli aparılması üçün lazımi imkanlara malik olan belə bir binanı Milli Olimpiya Komitəsi öz vəsaitindən istifadə edərək bir il müddətində tikib yaradıbdır”. Tezliklə Milli Olimpiya Komitəsi tikinti-quruculuqla bağlı Azərbaycanda idmanın, Olimpiya Hərəkatının, sözün əsil mənasında, möhtəşəm idman infrastrukturunu formalaşdırdı. Yeni komplekslər sürətlə Azərbaycanın bütün bölgələrini əhatə etdi.
Bu illər ərzində mövcud idman obyektlərinin yenidən qurulması, bərpası və avadanlıqla təchizatının yaxşılaşdırılması istiqamətlərində də bir sıra mühüm işlər həyata keçirildi. Bundan başqa 68 min azarkeş tutumuna malik olan Bakı Olimpiya Stadionu, Avropa Oyunları Parkı, Su İdmanı Sarayı, Milli Gimnastika Arenası və bir sıra idman obyektləri tikilərək, istifadəyə verildi. Bu gün Olimpiya idman qurğularımızın coğrafiyası genişlənməkdə davam edir. Bu günə qədər paytaxtda və bölgələrdə ümumilikdə 50-ə yaxın Olimpiya İdman Kompleksi inşa edilərək, istifadəyə verilib.
Son illərdə Azərbaycanda yeni idman qurğularının, Olimpiya İdman komplekslərinin tikintisi, mövcud olanların yenidən qurularaq, müasir səviyyəyə çatdırılması istiqamətində böyük işlər görülür. İdmanın və Olimpiya Hərəkatının inkişafı istiqamətində tikinti quruculuq işləri bu gün də uğurla davam etdirilir.
Azərbaycan beynəlxalq yarışlara ev sahibliyində nümunə göstərilir
Azərbaycanın qüdrətini, potensialını bütün dünyaya nümayiş etdirən vasitələrdən biri də ölkədə beynəlxalq yarışların yüksək səviyyədə təşkili və keçirilməsi idi. 1997-ci ildə cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsindən sonra Azərbaycanın idman təşkilatlarının beynəlxalq əlaqələri genişləndi. Bu uğurlu siyasətin nəticəsində beynəlxalq qurumlar tərəfindən ölkəmizə etimad göstərildi. Bu gün paytaxtımıza nüfuzlu idman yarışlarının həvalə edilməsi Azərbaycanın yüksək təşkilatçılıq potensialından xəbər verir. Artıq Azərbaycanda keçirilən Avropa, dünya çempionatları silsilə xarakter daşıyır. Azərbaycan bu illər ərzində müxtəlif idman növləri üzrə bir sıra dünya, Avropa çempionatları ilə yanaşı, I Avropa Oyunlarına, IV İslam Həmrəyliyi Oyunlarına, Avropa Gənclər Olimpiya Festivalına, 42-ci Ümumdünya Şahmat Olimpiadasına, şahmat üzrə Dünya Kubokuna, Formula 1 üzrə Qran-Pri yarışlarına, UEFA Avropa Liqasının final qarşılaşmasına, Avro-2020-nin dörd oyununa və bir sıra nüfuzlu mötəbər idman yarışlarına da uğurla ev sahibliyi etdi.
Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ilk dəfə paytaxtımızda təşkil olunan I Avropa Oyunlarının standartları müəyyənləşdirildi. Olimpiya Oyunları formatında keçirilən Bakı-2015 sayəsində bütün dünyanın diqqəti 17 gün ərzində paytaxtımıza yönəldi. Avropanın 50 ölkəsinin idmançılarının iştirak etdiyi bu möhtəşəm tədbirdə Azərbaycan 21-i qızıl, 15-i gümüş və 20-si bürünc olmaqla 56 medalla 2-ci yeri tutaraq tarixi qələbəyə imza atdı.
Azərbaycan idman tarixinin daha bir parlaq səhifəsi IV İslam Həmrəyliyi Oyunları oldu. Oyunlar zamanı Bakıya rekord sayda - 54 ölkəni təmsil edən 3 mindən çox idmançı gəldi. Oyunlarda 425 idmançı ilə təmsil olunan komandamız ümumilikdə 162 (75 qızıl, 50 gümüş, 37 bürünc) medal qazanaraq, komanda hesabında birinci oldu. 2019-cu ildə Azərbaycan daha bir mötəbər idman bayramına - XV Avropa Gənclər Olimpiya Festivalına ev sahibliyi etdi. Bakıda keçirilən bu mötəbər yarış bir daha sübut etdi ki, idman insanları birləşdirməkdə böyük gücə malikdir. Yarış üçün paytaxtımıza 48 ölkədən 3600-dən çox idmançı və texniki nümayəndə heyəti gəldi. “Zirvələrə hazırıq” devizi altında keçirilən Bakı-2019 paytaxtın 12 idman obyektində yeddi gün davam etdi. Bu mötəbər yarışda 10 qızıl, 7 gümüş və 6 bürünc medal qazanan Azərbaycan yığma komandası 48 ölkə arasında dördüncü oldu.
Azərbaycan XV Avropa Gənclər Yay Olimpiya Festivalını yüksək səviyyədə təşkil etməklə bir daha dünyanın diqqət mərkəzinə çevrildi. Bütün bunlar dövlətimizin, Prezidentimizin ölkədə idmana, onun inkişafına xüsusi diqqətindən xəbər verir.
Qitə ölkələri arasında inkişaf və sabitlik göstəricilərinə görə bu mötəbər yarışlar üçün Azərbaycana etimad göstərilməsi inamın, etibarın təsdiqi və təntənəsi idi. Azərbaycan müstəqillik yolu ilə irəlilədiyi müddət ərzində dünya idman tarixində öz sözünü dedi, Olimpiya Oyunları salnaməsində yeni səhifə yazdı. Prezident İlham Əliyevin əvəzsiz xidmətləri sayəsində Azərbaycan beynəlxalq idman aləmində layiqli yer qazandı və idman ölkəsinə çevrildi.
Belə ki, hər il müxtəlif beynəlxalq yarışlarının məhz Azərbaycanda keçirilməsi bir daha inkişaf etmiş bir dövlət olaraq, hər bir sahədə olduğu kimi, idmanda da ölkəmizə böyük nüfuz qazandırdı.
Fəaliyyəti dövründə sağlam gənc nəsil yetişdirən Prezident
2020-ci ildə rəşadətli Ordumuz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 30 ilə yaxın işğal altında qalan torpaqlarımızı 44 gün ərzində düşmən əsarətindən azad etdi. Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olundu. Bu, xalqımızın 30 il ərzində qazandığı ən böyük zəfər təntənəsi idi. Müzəffər Ali Baş Komandan kimi İlham Əliyev xalqımızın ən böyük uğurunun memarı oldu. İllərdən bəri fiziki və mənəvi cəhətdən yetişən Azərbaycan oğulları 44 günlük Vətən Müharibəsində iştirak edərək bütün dünyaya sübut etdi ki, Azərbaycan hər bir sahədə böyük uğurlar qazana bilən insanların Vətənidir. Belə ki, İlham Əliyevin Prezident olduğu dövrdə yetişən bu sağlam, gənc nəsil dünya hərb tarixində misilsiz qəhrəmanlıq nümayiş etdirdi. 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müntəzəm müraciətlər etdi. Bu müraciətlər Azərbaycan xalqını ayağa qaldıraraq, yumruq kimi sıx birləşdirdi. Azərbaycan Prezidenti 2020-ci il sentyabrın 27-də Vətən müharibəsinin gedişində xalqa ilk müraciətində bütün cəmiyyəti qəti qələbəyə köklədi: “Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”
2020-ci il noyabrın 10-da Ermənistanın kapitulyasiya aktı - “Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin Bəyanatı” imzalandı. Həmin gün xalqa sayca səkkizinci müraciətində İlham Əliyev milli şüara çevrilmiş “Qarabağ Azərbaycandır və nida” ifadəsinin artıq bütün Qarabağı əhatə etdiyini və Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulduğunu elan etdi. Vətən müharibəsində Azərbaycan parlaq qələbə qazanaraq Ermənistanı məğlub edərək, işğala son qoydu.
Döyüş meydanlarında tarix yazan idmançılar
Torpaqlarımızın azadlığı uğrunda canından keçməyə hazır olan qəhrəman övladlarımızın arasında idmançılarımızın da sayı az deyildi. 44 günlük Vətən müharibəsində 988 nəfər idmançı döyüşlərdə iştirak etdi. Onlardan 320 nəfər Vətən müharibəsində şəhidlik zirvəsinə ucaldı. 2020-ci ildə pandemiya səbəbindən beynəlxalq yarışlarda iştirak edə bilməyən Azərbaycan idmançıları öz Zəfər salnamələrini bu dəfə öz canları və qanları ilə Vətən müharibəsinin döyüş meydanlarında yazdılar. Beynəlxalq arenalarda yüksək qələbələr qazanaraq Azərbaycanın bayrağını ucaldan, dövlət himnimizin səsləndirilməsinə nail olan atletlərimiz bu əbədi Zəfər yolunun layiqli davamçıları olduqlarını sübut etdilər. Azərbaycan 2023-cü il sentyabr ayının 19-da günorta saatlarında Qarabağda öz ərazisində suverenliyi təmin etmək üçün lokal xarakterli antiterror əməliyyatına başladı. Lokal xarakterli antiterror tədbiri bir gündən də az müddət ərzində həyata keçirildi və nəticədə Azərbaycan öz suverenliyini bərpa etdi və qanunsuz erməni silahlı birləşmələrini öz mövqelərindən çıxartdı.
Bununla da Azərbaycan dövlət olaraq öz gücünün möhtəşəmliyini həm hərbi, həm də siyasi arenada göstərdi. Hərbi addımlarını siyasi gedişlərlə tamamlayan Azərbaycan dövləti öz qələbəsində kimsənin şübhəsinə yer buraxmadı. Bu, qəti və inamlı qələbə oldu.
Azərbaycan Qarabağa həm də öz idman ənənəsi ilə qayıtdı
Bu gün sevindirici məqamlardan biri də ondan ibarətdir ki, azad olunmuş torpaqlarda artıq idman tədbirləri təşkil olunur. 2022-ci il martın 20-də Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası tərəfindən Tərtər rayonunun Suqovuşan qəsəbəsində təşkil edilən ilk avarçəkmə təlim-məşq toplantısının rəsmi açılışı oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak etdilər. Xüsusi vurğulanmalıdır ki, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Suqovuşan qəsəbəsinə bu səfəri işğaldan azad olunan ərazilərdə ilk idman tədbirinin təşkili ilə də yadda qaldı.
Həmin il mayın 6-da Suqovuşan qəsəbəsində avarçəkmə, kayak və kanoe üzrə “Prezident kuboku-2022” reqatası start götürdü. İşğaldan azad olunmuş ərazilərdə ilk beynəlxalq idman yarışı olan bu turnir ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edildi. Suqovuşan su anbarında təşkil olunan yarışda Azərbaycan, Moldova, Özbəkistan, Türkiyə və Gürcüstanın 100-dən artıq idmançısı mübarizə apardı. Həmin ilin oktyabr ayının 21-də Suqovuşanda Avropa Kanoe Assosiasiyasının rəsmi təqvim planında yer alan “Mingəçevir Reqatası-2022” beynəlxalq turnirinin açılış mərasimi və ilk yarış günü keçirildi. Reqatada Azərbaycanla yanaşı, Türkiyə, Bolqarıstan, İtaliya, Gürcüstan, Macarıstan, Moldova, Polşa, Qazaxıstan, Rumıniya, Serbiya, Özbəkistan və Ukraynadan 150-dək idmançı iştirak etdi. 2023-cü il mayın 4-də Suqovuşan su anbarında ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilən “Prezident Kuboku-2023” beynəlxalq reqatasının açılış mərasimi keçirildi. Yarışda bu dəfə 20 ölkədən 100-dək idmançı qalib adı uğrunda mübarizə apardı. Bundan başqa 2022-ci ilin oktyabr ayının 22-də Zəngilan rayonunun Ağalı kəndində “Zəfər yürüşü” adlı triatlon turniri keçirildi. Sevindiricidir ki, həmin ərazilərdə idman yarışlarının keçirilməsi ilə yanaşı, idman bölmələri də fəaliyyətə başladı. Bu mənada ilk dəfə olaraq 2023-cü ilin mart ayında Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə Zəngilan rayonunda Ağalı kənd məktəbinin nəzdində ilk dəfə cüdo bölməsi açıldı. Ötən ilin sonları həmçinin daha bir tarixi hadisə ilə əlamətdar oldu. Belə ki, 2023-cü il dekabrın 21-də işğaldan azad olunan Xankəndi şəhərində tarixi futbol matçı keçirildi. Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları qarşılaşdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da oyuna baxmaq üçün stadiona gəldilər.
Dövlətimizin başçısı oyundan əvvəl stadionda çıxış etdi. “Bu futbol matçının Xankəndidə keçirilməsinin çox böyük mənası var. Xankəndi qədim Azərbaycan diyarıdır. Bu kəndin təməli Qarabağ xanı tərəfindən qoyulmuşdur və ondan sonra Azərbaycan Respublikasının vəsaiti hesabına Azərbaycan memarları, inşaatçıları tərəfindən böyük şəhər yaradılmışdır. Əfsuslar olsun ki, 30 il ərzində bu şəhərdə separatçılar yuva salmışdılar. Bu şəhər separatizmin rəmzinə çevrilmişdi. Torpaqlarımızı 30 il ərzində işğal altında saxlayan Ermənistan hesab edirdi ki, bunu əbədi edə biləcək. Biz, şanlı Azərbaycan Ordusu onlara və bütün dünyaya sübut etdik ki, bu, bizim tarixi, əzəli torpağımızdır. Bu torpaqların sahibləri bizik, Azərbaycan xalqıdır. Biz buraya qayıtmalı idik və qayıtmışıq”.
Stadiona daxil olan dövlətimizin başçısı futbolçularla və oyunu idarə edən hakimlərlə görüşdü, onlarla xatirə şəkli çəkdirdi. Prezident İlham Əliyevin topa rəmzi toxunuşundan sonra “Qarabağ” - MOİK görüşü başladı.
Bəli, ölkə başçısının Xankəndi stadionunda qeyd etdiyi kimi, bu gün Azərbaycan Qarabağa həm də öz idman ənənəsi ilə qayıtdı. Qarabağa Azərbaycanın idmanı və Olimpiya Hərəkatı qayıtmış oldu. Bu qayıdış ölkəmiz, xalqımız üçün bir bayrama çevrildi.
Heydər Əliyev kursunun layiqli davamçısı olan Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin xalqımızın rifahı və gələcəyi üçün gördüyü işlər misilsizdir. Xalqımz bunu görür və hiss edir. Hamı ona inanır və seçimində də qəti qərar verir. Xalqımız əmindir ki, ölkəmiz bundan sonra da Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında uğurla inkişaf edəcək, dünyanın ən qüdrətli ölkələri sırasında öz mövqeyini əbədi olaraq qoruyacaqdır.
Bənzər xəbərlər
Ferstappen Qətər Qran-prisinin sıralama turundakı qələbəsindən məhrum edilib
“Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen “Formula 1” avtomobil ... Ətraflı
Cüdo üzrə Azərbaycan çempionatında fərdi yarışların qalibləri müəyyənləşib
Gənclər və İdman Nazirliyinin və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ... Ətraflı