Xəbərlər

Dakar-2026: Çimərlik güləşçilərimiz yarımfinala vəsiqə qazandılar

07 noyabr 2026 - 19:50 15

Bu gün Seneqalın paytaxtı Dakarda Yeniyetmələrin IV Yay Olimpiya Oyunları çərçivəsində keçirilən çimərlik güləşi üzrə yarışlara start verilib. 

 

Azərbaycan komandasının iki idmançısı da Oyunlarda mübarizəyə başlayıb.

 

Təmsilçilərimizdən Nihad Süleymanlı (80 kq) və Günel Kərimli (55 kq) qrup mərhələsində keçirdikləri üç görüşü qələbə ilə başa vurublar.
80 kq çəki dərəcəsində mübarizə aparan Nihad Süleymanlı A qrupunda əvvəlcə Əlcəzair təmsilçisi Kəbir Kraledə, daha sonra isə hindistanlı Depanşu Kokara qalib gəlib. Güləşçimizin qrup mərhələsində sonuncu rəqibi mərakeşli Abdelcalil Benelyasser olub. Bu görüşdə də rəqibinə qalib gələn Nihad yarımfinala vəsiqə qazanıb. Təmsilçimiz finala vəsiqə uğrunda görüşdə yunanıstanlı Konstantinos Mourtzilakislə üz-üzə gələcək. 

 

Digər təmsilçimiz Günel Kərimli (55 kq) də A qrupunda inamlı çıxış edib. Təmsilçimiz ilk görüşdə latviyalı Anastasiya Yakovlevanı, ikinci qarşılaşmada isə qvineyalı Foula Mariama Kabanı məğlub edib. İdmançımız qrupda keçirdiyi sonuncu görüşündə isə mərakeşli Rəna Lahsidən üstün olub. Beleliklə, Günel Kərimli də adını yarımfinala yazdırıb. Güləşçimiz yarımfinalda seneqallı Elizabet Diatta ilə qarşılaşacaq.