Dakar-2026: Azərbaycan komandası medal siyahısının 12-ci pilləsində qərarlaşır
11 noyabr 2026 - 23:14 54
Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının 12-ci yarış gününə yekun vurulub.
Günü bir gümüş mükafatla başa vuran komandamız ümumi medal siyahısında ötən günlə müqayisədə bir pillə geriləyib. Hazırda komandamız 3 qızıl və 2 gümüş medalla 12-ci pillədə qərarlaşır.
Medal siyahısının ilk üç pilləsində isə dəyişiklik olmayıb. Ötən günlərdə olduğu kimi Çin Xalq Respublikasının komandası siyahıya başçılıq edir. Şərqi asiyalıların aktivində 30 (16 qızıl, 8 gümüş, 6 bürünc) medal var. "Gündoğar ölkə" təmsilçisi Yaponiya komandası isə 9 qızıl, 8 gümüş, 9 bürünc medalla ikincidir. Günü bir bürünc medalla başa vuran Rusiya komandası isə üçüncü pillədə yer alır. "Şimal qonşular"ımızın aktivində 8 qızıl, 4 gümüş və 2 bürünc medal var. Misir komandası 12 (6 qızıl, 1 gümüş, 5 bürünc) medalla dördüncü, Efiopiya yığması isə 8 (5 qızıl, 3 gümüş)medalla beşincidir.
Ümumilikdə 95 ölkənin komandası Dakar-2026-da medal qazanıb ki, onlardan da 75-i qızıl medal əldə edib.
Qeyd edək ki, Azərbaycan komandasına qızıl medalları cüdoçu İbrahim Talıbovla (-55 kq) yanaşı, çimərlik güləşçiləri Tunar Quliyev (70 kq) və Elgün Kərimli (90 kq) qazandırıb. Digər çimərlik güləşçimiz Nihad Süleymanlı (80 kq) və taekvondoçumuz Adil Kazımlı (-73 kq) isə gümüş medallara sahib çıxıb.
Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarına noyabrın 13-də yekun vurulacaq.
Bənzər xəbərlər
Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”
Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında 73 kq çəki dərəcəsində mübarizə ... Ətraflı
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı paylaşım edilib
Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 12 Noyabr - ... Ətraflı