Xəbərlər

Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında medal qazanan çimərlik güləşçilərimiz Vətənə qayıdıb

10 noyabr 2026 - 03:03 57

Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında çimərlik güləşi üzrə qızıl medal qazanan Tunar Quliyev (70 kq), Elgün Kərimli (90 kq), gümüş medalçı Nihad Süleymanlı (80 kq), Oyunları beşinci pillədə başa vurmuş Günel Kərimli (55 kq) və çimərlik güləşi üzrə milli komandanın baş məşqçisi Oyan Nəzəriani Vətənə qayıdıblar.

 

Heydər Əliyev Beynəlxalq Hava Limanında təşkil olunan qarşılanma mərasimində Milli Olimpiya Komitəsinin, Azərbaycan Güləş Federasiyasının əməkdaşları, məşqçilər, media və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

 

Məlumat üçün bildirək ki, Dakar-2026-da iştirak edən Azərbaycan komandasının aktivində hazırda üç qızıl və bir gümüş medal var. Azərbaycan komandasına qızıl medalları cüdoçu İbrahim Talıbovla (-55 kq) yanaşı, çimərlik güləşçiləri Tunar Quliyev (70 kq) və Elgün Kərimli (90 kq) qazandırıb. Digər çimərlik güləşçimiz Nihad Süleymanlı (80 kq) isə gümüş medala sahib çıxıb. 

 

Noyabrın 13-dək davam edəcək Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında Azərbaycan komandası 8 idman növü üzrə 13 idmançı ilə təmsil olunur.

 

 
Milli Olimpiya Komitəsinin mətbuat xidməti