Zeyd Ələsgərov: "İnanıram ki, EYOF-da da uğurlu çıxışımı davam etdirə biləcəyəm
09 iyul 2025 - 14:04 453
Şimali Makedoniya və Xorvatiyada keçiriləcək XVIII Avropa Gənclər Olimpiya Festivalına artıq sayılı günlər qalıb.
Azərbaycan komandası yarışda 10 idman növündə 52 (28 oğlan, 24 qız idmançı ilə mübarizə aparacaq. Sözsüz ki, bu yarışda da yenə əsas medal ümidlərimiz daha çox cüdo idman növünədir.
Belə ki, Skopyeyə 6 oğlan, 6 qız idmançı ilə yollanacaq komandamız iyulun 22-dən 26-dək medallar uğrunda mübarizə aparacaq.
Komandamızın əsas medal ümidlərindən biri olan Zeyd Ələsgərov da millimizin heyətində Skopyeyə yola düşəcək. O, iki həftə əvvəl -60 kq çəki dərəcəsində qazandığı Avropa çempionatındakı uğurunu bu dəfə Avropa Gənclər Yay Olimpiya Festivalında təkrarlamağı hədəfləyir.
Gənc cüdoçumuz Olympic.az saytına müsahibəsində hazırlıq prosesindən danışaraq bunları bildirib:
“Bu, mənim artıq beynəlxalq yarışlarda beşinci sınağım olacaq. Buna qədər Samorində və Qubada keçirilən Avropa kuboklarında qızıl, Tbilisidə keçirilən beynəlxalq yarışda isə bürünc medal qazanmışam. “Sonuncu dəfə isə iki həftə əvvəl Şimali Makedoniyada keçirilən yeniyetmələr arasında Avropa çempionatında qızıl medala sahib çıxdım. Bu yarışda Avropa çempionatının ab-havasını hiss etdim. Düşünürəm ki, bir ay sonra yenidən həmin məkanda - eyni mühitdə ikinci dəfə tatami üzərinə çıxmaq mənim üçün daha rahat olacaq. Bu amil çıxışıma müsbət təsir göstərə bilər. Hazırlıqlarımız yüksək səviyyədə davam edir. İnanıram ki, EYOF-da da uğurlu çıxışımı davam etdirə biləcəyəm”.
Qeyd edək ki, festivalın cüdo yarışları Şimali Makedoniyanın Skopye şəhərində yerləşən Yan Sandanski İdman Mərkəzinin qapalı zalında təşkil olunacaq.
Bənzər xəbərlər
Azərbaycanın cüdo millisinin Avropa çempionatı üçün yekun heyəti açıqlanıb
Aprelin 16-19-da Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə böyüklər arasında keçiriləcək ... Ətraflı
Portuqaliyada tarix yazan gimnastlar Vətənə qayıdıblar
Portuqaliyanın Portimao şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Avropa ... Ətraflı