Usta ağırlıqqaldıranlarımız Avropa çempionatında iştirak edirlər
23 iyun 2026 - 09:54 165
Belçikanın Varegem şəhərində ustalar arasında ağırlıqqaldırma üzrə Avropa çempionatı keçirilir. İyunun 19-da start götürən mötəbər yarışda Azərbaycan komandası iki idmançı ilə təmsil olunur.
M-75 yaş kateqoriyasında 79 kq çəki dərəcəsində çıxış edən Sərdar Quliyev artıq mübarizəni başa vurub. Təmsilçimiz birdən qaldırmada 52 kq, təkanla qaldırmada isə 65 kq nəticə göstərərək ümumi nəticədə gümüş medala layiq görülüb.
Komandamızın digər üzvü Zülfüqar Süleymanov isə iyunun 24-də körpücük üzərinə çıxacaq. O, M-40 yaş kateqoriyasında 71 kq çəki dərəcəsində mübarizə aparacaq.
Qeyd edək ki, iyunun 27-dək davam edəcək Avropa çempionatında müxtəlif yaş qrupları üzrə ümumilikdə 541 kişi və 471 qadın idmançı medallar uğrunda yarışır.
Yarışdan əvvəl hazırlıq prosesi ilə bağlı fikirlərini bölüşən Zülfüqar Süleymanov qeyd edib: “2025-ci ildə ustalar arasında Avropa çempionatında iştirak etmişdim. Həmin yarışda 65 kq çəki dərəcəsində çempion olmaqla yanaşı, təkanla qaldırmada 137 kq nəticə göstərərək Avropa rekordunu da yeniləmişdim. İlin sonunda isə İspaniyada keçirilən Aralıq dənizi Oyunlarında faktiki çəkim 66 kq olmasına baxmayaraq, 71 kq çəki dərəcəsində qızıl medal qazandım. Bu dəfə də 71 kq-da gücümü sınayacağam. Yarışa hazırlığım yüksək səviyyədə keçib. Əvvəlki yarışlardakı nəticələrimi təkrarlaya bilsəm, qaliblər sırasında yer alacağam. İnanıram ki, bu yarışdan da yaxşı nəticə ilə Vətənə qayıdacağam. Fürsətdən istifadə edərək yarışa ezam olunmağımda göstərilən dəstəyə görə AZAL – Azərbaycan Hava Yollarına minnətdarlığımı bildirirəm", - deyə Zülfüqar Süleymanov bildirib.
Bənzər xəbərlər
BOK Rusiya idmançılarına qarşı məhdudiyyətlərin aradan qaldırılmasını tövsiyə edib
Beynəlxalq Olimpiya Komitəsi (BOK) bundan əvvəl Rusiya idmançıları və komandalarına ... Ətraflı
Azərbaycan güləşçiləri Avropa çempionatına 1 qızıl, 2 gümüş medalla start verib
Şimali Makedoniyanın paytaxtı Skopyedə güləş üzrə U-20 Avropa çempionatı davam ... Ətraflı


