Rəşad Rəsullu: “Ədalətli oyun prinsiplərinin təşviqi istiqamətində fəaliyyətimizi genişləndirəcəyik”
12 may 2025 716
Xəbər verdiyimiz kimi, mayın 12-də Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) Ədalətli Oyunlar Komissiyası tərəfindən 2024-cü ilin yekunlarına əsasən müəyyənləşdirilmiş nominasiya qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Tədbir MOK-un inzibati binasında baş tutub.
Ədalətli oyun prinsiplərinə sadiqlik nümayiş etdirən şəxslər və təşkilatlar bu münasibətlə təltif olunublar.
Mükafatlandırılanlar arasında Azərbaycan Cüdo Federasiyası da yer alıb. Federasiyanın prezidenti Rəşad Nəbiyev “Ədalətli oyun prinsiplərinə sadiq bədən tərbiyəsi və idman xadimi” nominasiyası üzrə mükafata layiq görülüb.
Tədbirdən sonra Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu Olympic.az saytına açıqlamasında MOK-un Ədalətli Oyunlar Komissiyasına göstərilən etimada görə minnətdarlığını bildirib. O qeyd edib ki, federasiyanın fəaliyyətində idman nəticələri ilə yanaşı, cüdonun fəlsəfəsi və dəyərlərinin idmançıların gündəlik həyatına və karyerasına tətbiq olunması əsas prioritetdir.
“Cüdo idman növünün mərkəzində çox güclü etik kodeks dayanır. Həmin etik dəyərlərə əməl etmək hər bir idmançının borcudur. Azərbaycan Cüdo Federasiyası da öz fəaliyyətində bu prinsipləri əsas götürür, idmançılardan ədalətli mübarizə aparmağı və bu prinsiplərə daim sadiq qalmağı tələb edir. Federasiya olaraq bundan sonra da ədalətli oyun prinsiplərinin təşviqi istiqamətində fəaliyyətimizi genişləndirəcəyik”, - deyə Rəşad Rəsullu bildirib.
Bənzər xəbərlər
Cüdo üzrə dünya çempionatına hazırlıqla bağlı mətbuat konfransı keçirilib
İyulun 16-da cüdo üzrə böyüklər arasında dünya çempionatına hazırlıq və ... Ətraflı
Avropa Kuboku: Azərbaycan atıcısı ikinci qızıl medalını qazanıb
Azərbaycan atıcılıq millisinin üzvü Ruslan Lunyov Estoniyanın Manniku şəhərində keçirilən ... Ətraflı