Xəbərlər

Paytaxtın abad məhəllələrində minifutbol yarışlarına start verilib

16 aprel 2024 113

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümü ərəfəsində Bakı Şəhər İcra Hakimiyyəti, Regional İnkişaf İctimai Birliyi və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə Bakı şəhərinin bütün rayonlarını əhatə edən məhəllələr arası minifutbol turnirinə start verilib.

 

2012-2013-cü il təvəllüdlü yeniyetmələr arasında keçirilən, rayon və şəhər mərhələlərindən ibarət olan yarışın əsas məqsədi yeniyetmə və gənclərdə sağlam həyat tərzinin tərbiyə olunması və onların idmanla məşğul olmağa cəlb edilməsidir.

 

Yarışlar Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə paytaxtın qəsəbə və yaşayış məntəqələrində həyata keçirilən “Bizim həyət” layihəsi çərçivəsində yaradılan abad məhəllələrdəki minifutbol stadionlarında keçirilir. Olimpiya sistemi üzrə keçirilən yarışda ümumilikdə 1152 gənc idmançının yer aldığı 96 komanda iştirak edir.

 

Yarışların birinci turu aprelin 20-nə kimi paytaxt rayonlarında baş tutacaq, daha sonra isə qaliblər Bakı şəhər mərhələsində yarışacaqlar. Respublika səviyyəli hakimlərin iştirakı ilə təşkil edilən turnirə mayın 3-də final oyunları ilə yekun vurulacaq. Yarışın qalibləri fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.

 

Turnirin rayon mərhələlərinə artıq start verilib. Açılış mərasimlərində iştirak edən rəsmilər, idman mütəxəssisləri yarışlar barədə məlumat verib və yeniyetmələrə uğurlar arzulayıblar.

 

Hazırda turnirin rayon mərhələləri davam edir.