Xəbərlər

Paris Olimpiya Oyunları proqnozlaşdırılan güclü istilər səbəbindən təhlükə altındadır

26 iyun 2024 112

Fransanın hidrometeorologiya xidməti Parisdə keçiriləcək Olimpiya Oyunları zamanı iyul və avqust aylarında havanın həmişəkindən daha isti olacağını bildirib. 

 

News.sky.com saytına istinadla məlumatına görə, iqlimşünaslar xəbərdarlıq edirlər ki, həddindən artıq istilər yay aylarında Olimpiya Oyunlarının keçirilməsini mümkünsüz edə bilər.

 

Qərb mətbuatı indi səs-küylü başlıqlarla doludur: ölümcül istilər Paris Olimpiadasında idmançıların həyatını təhdid edir. Həddindən artıq istilər yarış zamanı idmançıların dəfələrlə huşunu itirməsinə səbəb ola bilər. Ən pis halda isə, bədəndəki həddindən artıq stressdən həlak olacaqlar. 

 

Portsmut Universitetinin alimləri ilə əməkdaşlıqda bir qrup olimpiyaçı temperaturun yüksəlməsi və bunun şüurun itirilməsinə və ya ən pis halda ölümə səbəb ola biləcəyi barədə həyəcan təbili çalıb. “Od halqaları: Paris 2024 Olimpiya Oyunlarında istilik riskləri” adlı hesabatda Oyunların təşkilatçıları və digər idman qurumlarına iqlim dəyişikliyi ilə mübarizə üçün tədbirlər görməyə çağırış yer alıb. Hesabatda tədqiqatçılar Parisin sonuncu dəfə Olimpiya Oyunlarına ev sahibliyi etdiyi 1924-cü ildən bu ilə qədər olan temperatur fərqlərini təhlil ediblər. Onlar müəyyən ediblər ki, iyul-avqust aylarında temperatur orta hesabla 3,1 dərəcə daha isti olub. 

 

Hesabatda iddia olunur ki, Tokio Oyunları narahatedici tendensiyasının başlanğıcından xəbər verib - Yay Olimpiya Oyunları getdikcə daha isti şəraitdə keçirilir. Həyəcan təbili ilk növbədə açıq hava yarışlarında iştirak edən idmançılar tərəfindən çalınır. 

 

Tokioda keçirilən Yay Oyunları Olimpiada tarixində ən isti oyunlar kimi tanınıb. Vəziyyəti inanılmaz dərəcədə yüksək rütubət daha da ağırlaşdırırdı. Finiş xəttinə çatanda idmançılar qusaraq huşlarını itiriblər. Onlar isti idman arenalarından əlil arabalarında aparılıblar. Yapon həkimlərin hesablamalarına görə, Olimpiadada istilərə görə ümumilikdə 131 idmançı həkimə müraciət edib. 

 

Yuxarıda qeyd olunan hesabatın müəllifləri əmindirlər ki, Paris Oyunlarının Tokio antirekordunu keçmək üçün hər cür şansı var. 

 

Beynəlxalq Atletika Federasiyaları Assosiasiyasının prezidenti Sebastyan Kou hesab edir ki, ayrı-ayrı idman növləri ekzistensial təhlükə ilə üz-üzədir. 

 

Lakin istilik Olimpiada ərəfəsində narahatlıq doğuran yeganə problem deyil. Təşkilatçılar üçün daha bir başağrısı triatlon yarışlarının keçiriləcəyi Sena çayıdır, eləcə də Oyunların açılış mərasimidir. Bir əsrdən çoxdur ki, əsas su arteriyasında çimmək qadağandır, Sena haqlı olaraq Avropada ən çirkli çay sayılır. Hələ olimpiadaya hazırlıq mərhələsində ekspertlər çay sularında nəcisli bakteriyaların və E.coli konsentrasiyasının qəbuledilməz dərəcədə artıq olduğunu açıq bildirirdilər. Fransa hakimiyyət orqanları Oyunların başlanmasına qədər Sena çayını təmizləyəcəklərini vəd edirdilər. Prezident Makron dəfələrlə çayda çimməyə söz verib.

 

Çayın təmizlənməsinə dair tədbirlərə külli miqdarda vəsait ayrılıb. Lakin Senadakı suyun keyfiyyəti hələ də bir çox suallar doğurur. 

 

Alimlər hesab edirlər: qlobal istiləşmə yay Olimpiadasını məhv edəcək. 70 ildən sonra Şimal yarımkürəsində yalnız bir neçə şəhər Oyunları yayda keçirə biləcək.