Xəbərlər

"Olimpiya mühitinə bu qədər yaxın olmaq çox sevindiricidir”

09 fevral 2026 - 16:06 22

Milan-Kortina-2026 Qış Olimpiya Oyunları təkcə idmançıların mübarizəsi ilə deyil, həm də minlərlə könüllünün fədakar əməyi ilə yadda qalır. Beynəlxalq tədbirin ilk günlərində yaranan təşkilati işlərdə çətinliklərin aradan qaldırılmasında könüllülərin rolu xüsusi əhəmiyyət daşıyır.

 

Hazırda Olimpiya Oyunlarında könüllü kimi fəaliyyət göstərən Mariya Luisa Brinster bu məsuliyyətli missiyanın gündəlik iş mexanizmini və Azərbaycan nümayəndə heyəti ilə bağlı təəssüratlarını bölüşüb.

 

Mariya əsasən əməliyyatlara dəstək, Olimpiya Kəndində yerində koordinasiya işlərinin aparılması və Azərbaycan nümayəndə heyətinin şef de-missionu ilə birbaşa əməkdaşlıq istiqamətində fəaliyyət göstərir.

 

“Mən hazırda XXV Qış Olimpiya Oyunlarında könüllü kimi fəaliyyət göstərirəm. Belə irimiqyaslı beynəlxalq tədbirin ilk günlərində müəyyən təşkilati işlərdə çətinliklərin yaranması təbii haldır. Könüllülərin əsas rolu da məhz bu mərhələdə özünü göstərir. Könüllülər gündəlik fəaliyyətlərin əlaqələndirilməsində, nümayəndə heyətlərinə bələdçilikdə, idmançıların və komandaların yarış və məşq məkanlarına vaxtında çatmasının təmin edilməsində fəal iştirak edirlər. Məqsəd bütün proseslərin fasiləsiz və nizamlı şəkildə həyata keçirilməsidir. Bu, yüksək məsuliyyət tələb edən və eyni zamanda olduqca maraqlı bir işdir. Olimpiya mühitinə bu qədər yaxın olmaq çox sevindiricidir. Dünyanın müxtəlif ölkələrindən gəlmiş idmançılar, nümayəndə heyətləri və könüllülər Olimpiya Kəndində vahid, səmimi və beynəlxalq bir mühit formalaşdırıblar. Komandaların gündəlik fəaliyyətini yaxından izləmək, onlarla birbaşa təmasda olmaq və bu atmosferin bir hissəsi olmaq insanı ruhlandırır.

 

Olimpiya ənənələrindən biri olan nişan (“pin”) mübadiləsi də bu mühitin ayrılmaz hissəsidir. Müxtəlif ölkələrdən olan insanlarla ünsiyyət qurmağın sadə, lakin mənalı yolu olan bu ənənə mənim üçün xüsusi əhəmiyyət daşıyır. Azərbaycan nümayəndə heyətindən aldığım nişan isə bu unudulmaz təcrübədən qalan dəyərli bir xatirədir.

 

Azərbaycan nümayəndə heyətinin səmimiyyəti və qonaqpərvərliyi məni xüsusilə təsirləndirdi. Nümayəndə heyətinin üzvləri olduqca istiqanlıdır. Bu münasibət könüllü fəaliyyətimi daha da mənalı edir və mən onlara dəstək olmaq üçün üzərimə düşən vəzifələri məsuliyyətlə yerinə yetirməyə davam edirəm”, - deyə Mariya Brinster qeyd edib.

 

O, Azərbaycan haqqında danışarkən deyib ki, rus əsilli olmasına baxmayaraq, bu təcrübə vasitəsilə ölkənin mədəniyyətinə, idmana olan hörmətinə qarşı səmimi bir bağlılıq hiss edir.

 

“Azərbaycan özünü qlobal arenada böyük ləyaqət və qonaqpərvərliklə təmsil edir. İdmançılarına və nümayəndə heyətlərinə göstərdikləri diqqət və dəstək xüsusilə ruhlandırıcıdır. Gələcəkdə də Azərbaycan idmançılarını fəal şəkildə dəstəkləmək və bu ölkə ilə əməkdaşlığı davam etdirmək istərdim. Eyni zamanda, yaxın gələcəkdə Azərbaycanı şəxsən ziyarət etmək arzum var. Mən və ailəm burada yarışan fiqurlu konkisürən Vladimir Litvintsevin çıxışlarını böyük maraqla izləyəcəyik”, - deyə Mariya bildirib.

 

 

Milli Olimpiya Komitəsinin mətbuat xidməti