Xəbərlər

MOK-da Beynəlxalq Məktəb İdman Federasiyasının rəsmiləri ilə görüş keçirilib

04 iyul 2024 86

İyulun 4-də Milli Olimpiya Komitəsinin (MOK) nümayəndələri ilə Beynəlxalq Məktəb İdman Federasiyasının rəsmiləri arasında görüş keçirilib. MOK-un inzibati binasında təşkil edilən görüşdə ölkəmizdə səfərdə olan Beynəlxalq Məktəb İdman Federasiyasının prezidenti Loren Petrinka, icraçı direktor Hasna Əl Ayubi, MOK-un idman idarəsinin müdiri Həsənağa Rzayev, beynəlxalq proqramlar idarəsinin müdiri Mehman Kərimov və beynəlxalq proqramlar idarəsinin əməkdaşı Ceyhun Rəhmanov iştirak edib. 

 

MOK-un beynəlxalq proqramlar idarəsinin müdiri Mehman Kərimov ölkəmizdə idman sahəsində görülən işlərdən danışaraq qeyd edib ki, Azərbaycan qısa müddət ərzində böyük nailiyyətlər əldə edib. O, Azərbaycan idmançılarının dünya, Avropa çempionatlarında və Olimpiya Oyunlarında qazandığı uğurlardan söz açıb. Bildirilib ki, Azərbaycan Milli Olimpiya Komitəsi hər zaman beynəlxaq miqyaslı tədbirlərdə fəallıq nümayiş etdirir. Ölkəmizdə məktəblilər arasında keçirilən müxtəlif idman və mədəni tədbirlərin daim diqqət mərkəzində olduğunu qeyd edən Mehman Kərimov vurğulayıb ki, bu sahədə Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, Elm və Təhsil Nazirliyi sıx əməkdaşlıq edir və mühüm layihələr həyata keçirilir.

 

Beynəlxalq Məktəb İdman Federasiyasının prezidenti Loren Petrinka səmimi görüşə görə minnətdarlığını bildirib. Federasiya rəhbəri qeyd edib ki, hazırda mənzil qərargahı İsveçrənin Lozzana şəhərində yerləşən bu qurumun əsas məqsədi məktəbli idmançıları bir araya toplamaq və onlar arasında müxtəlif idman növləri üzrə yarışlar təşkil etməkdir. “Elə bu məqsədlə payızda Bəhreynin paytaxtı Manama şəhərində böyük bir idman tədbiri təşkil etmək niyyətindəyik. Düşünürük ki, bu yarış bütün dünyanın məktəbli idmançılarını bir araya toplayacaq. Məqsədimiz gələcək nəsillər arasında sağlam və dostluq əlaqələrini daha sıx sürətdə qurulmasına nail olmaqdır”, - deyə Loren Petrinka qeyd edib.

 

Beynəlxalq Məktəb İdman Federasiyasının icraçı direktoru Hasna Əl Ayubi təmsil etdiyi qurumun fəaliyyətindən danışaraq bildirib ki, onun ölkəsi oktyabr ayında keçiriləcək böyük idman tədbirinə böyük məsuliyyətlə hazırlaşır.      
“Manamada təşkil olunacaq dünya məktəblilərinin yarışında təxminən 70-80 ölkədən 5 minə yaxın məktəbli idmançını bir araya toplayacağıq. Bu, təkcə idman mübarizəsi olmayacaq. Ölkəmizə gələcək qonaqlar eyni zamanda öz mədəniyyətini, mətbəxlərini və adət-ənənələrini nümayiş etdirmək imkanı əldə edəcəklər. Hesab edirəm ki, böyük tarixə, qədim mədəniyyətə və ən əsası güclü idman ənənələrinə malik olan Azərbaycan da bu mötəbər idman tədbirində yaxından iştirak edəcək”, - deyə xanım Hasan Əl Əyubi vurğulayıb. 

 

Görüşdə MOK-un idman idarəsinin müdiri Həsənağa Rzayev deyib ki, uşaqları, məktəbliləri idmana cəlb etmək, onlara idmanı sevdirmək vacibdir. O, Azərbaycanda idmanın, Olimpiya Hərəkatının inkişafı haqqında da qonaqlara məlumat verərək deyib ki, Azərbaycan hər zaman beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edib. Buna misal olaraq, I Avropa Oyunlarını, İslam Həmrəyliyi Oyunlarını, dünya və Avropa çempionatlarını və digər önəmli təbdirləri qeyd etmək olar.

 

Beynəlxalq proqramlar idarəsinin əməkdaşı Ceyhun Rəhmanov Olimpiya Mədəniyyəti və Təhsil Proqramı (OCEP) haqqında qonaqlara ümumi məlumat verib.

 

Tədbirdə iştirak edən Gənclər İdman Nazirliyinin baş məsləhətçisi Hüseyn Quliyev bildirib ki, Milli Olimpiya Komitəsindəki görüşdən sonra qonaqlar Gənclər və İdman Nazirliyində də olacaqlar.

 

Görüşün sonunda xatirə şəkili çəkdirilib.

 

 

Milli Olimpiya Komitəsinin mətbuat katibi