Xəbərlər

Milan-Kortina-2026: Azərbaycanın “Ağ Olimpiada”da səkkizinci cəhdi

29 yanvar 2026 - 16:04 34

İtaliyanın ev sahibliyi edəcəyi Milan-Kortina-2026 Qış Olimpiya Oyunlarının başlanmasına artıq sayılı günlər qalır. Fevralın 6-dan 22-dək keçiriləcək budəfəki “Ağ Olimpiada” Milan və Kortina Ampetso şəhərlərinin birgə təşkilatçılığı ilə baş tutacaq. 16 idman növü üzrə 116 medal dəsti uğrunda keçiriləcək mötəbər yarışda 92 ölkədən 3 minə yaxın idmançı mübarizə aparacaq.

 

Azərbaycan bu Olimpiya Oyunlarında iki idmançı ilə təmsil olunacaq. Milli komandamızın üzvlərindən Vladimir Litvintsev fiqurlu konkisürmə yarışlarında, Anastasiya Papatoma isə dağ xizəyinin slalom növündə ölkəmizin idman şərəfini qoruyacaq.

 

Kişilər arasında fiqurlu konkisürmə üzrə Azərbaycan millisinin üzvü Vladimir Litvintsev 2001-ci il fevralın 18-də anadan olub. Rusəsilli azərbaycanlı idmançı 2018-ci ilin oktyabr ayından etibarən ölkəmizi beynəlxalq arenalarda təmsil edir. Onun, Azərbaycan millisində ilk çıxışı həmin il Sloveniyanın Lyublyana şəhərində keçirilən yeniyetmələr arasında Qran-Pri mərhələsində olub və yarışı 8-ci pillədə başa vurub.

 

Vladimir Litvintsev 2022-ci il Pekin Qış Olimpiya Oyunlarında da Azərbaycan millisinin heyətində çıxış edib. O, həmin yarışlarda ümumi nəticələrə əsasən 18-ci yeri tutub və eyni zamanda Olimpiadanın açılış mərasimində Azərbaycanın bayraqdarı olub.

 

İdmançımız Milan-Kortina-2026 Olimpiya Oyunlarına vəsiqəni ötən il martın 25-30-da ABŞ-ın Boston şəhərində keçirilən fiqurlu konkisürmə üzrə dünya çempionatında qazanıb. Qısa və sərbəst proqramlar üzrə çıxış edən V.Litvintsev 233,31 xal toplayaraq 39 idmançı arasında 15-ci yerdə qərarlaşıb və XXV Qış Olimpiya Oyunlarına lisenziya əldə edib. Bu, 24 yaşlı idmançımızın olimpiadalarda ikinci iştirakı olacaq.

 

Dağ xizəyinin slalom növündə ölkəmizi təmsil edəcək Anastasiya Papatoma 2008-ci il yanvarın 16-da anadan olub. O, 2024-cü ilin noyabrında Beynəlxalq Xizək Federasiyası (FIS) xətti üzrə ilk rəsmi yarışında debüt edib. Həmin vaxtdan etibarən beynəlxalq turnirlərdə mütəmadi çıxış edən gənc idmançı 2024-2025 illər mövsümü ərzində Avropanın müxtəlif ölkələrində keçirilən yarışlarda iştirak edərək həm təcrübəsini, həm də FIS reytinq göstəricilərini ardıcıl şəkildə artırıb.

 

Topladığı ümumi reytinq xalları 18 yaşlı idmançıya XXV Qış Olimpiya Oyunlarına vəsiqə qazandırıb.

 

Milan-Kortina-2026 Qış Olimpiya Oyunlarının açılış mərasimi fevralın 6-da Milan şəhərində yerləşən məşhur “San Siro” stadionunda keçiriləcək. Bu Olimpiada Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Kirsti Koventrinin rəhbərliyi dövründə təşkil olunan ilk Qış Olimpiya Oyunları kimi də tarixə düşəcək.

 

Qeyd edək ki, Azərbaycan müstəqil dövlət kimi qış olimpiadalarında ilk dəfə 1998-ci ildən etibarən iştirak edir. İndiyədək ölkəmizin ən yüksək nəticəsi 2014-cü ildə Rusiyanın Soçi şəhərində keçirilən Qış Olimpiya Oyunlarında qeydə alınıb. Həmin yarışlarda fiqurlu konkisürmənin buzüstü rəqs növündə çıxış edən Yuliya Zlobina və Aleksey Sitnikov cütlüyü 12-ci yeri tutmuşdu.
 

Azərbaycanı XXV Qış Olimpiya Oyunlarında təmsil edəcək idmançılar

 

Adı: Vladimir
Soyadı: Litvintsev
Təvəllüdü: 18.02.2001
İdman növü: Fiqurlu konkisürmə
Nailiyyətləri: Pekin-2022 Qış Olimpiya Oyunlarının iştirakçısı (18-ci yer), “Bosfor Cup 2025” turnirinin qalibi, 2025-ci il dünya çempionatında (Boston, ABŞ) 15-ci yer, “China Cup 2025” və “Skate America 2025” Qran-Pri mərhələlərinin iştirakçısı, “Volvo Open Cup 2018” və “Open Ice Mall Cup 2019” turnirlərinin qalibi.
XXV Qış Olimpiya Oyunlarına lisenziyanı ABŞ-ın Boston şəhərində keçirilən fiqurlu konkisürmə üzrə dünya çempionatında əldə etdiyi nəticə ilə qazanıb.

 

Adı: Anastasiya
Soyadı: Papatoma
Təvəllüdü: 16.01.2008
İdman növü: Dağ xizəyi (slalom)
Nailiyyətləri: 2025-ci ilin mart ayında Rumıniyanın Arieseni şəhərində Entry League FIS yarışlarında slalomda 10-13-cü yerlər, 2025-ci ilin noyabrında BƏƏ-nin Dubay şəhərində FIS Entry League yarışlarında slalom üzrə 10-12-ci yerlər.

 

XXV Qış Olimpiya Oyunlarına lisenziyanı beynəlxalq yarışlarda topladığı ümumi reytinq xallarına əsasən qazanıb.