Xəbərlər

Fərhad Əliyev: “Sərsəng su anbarında avarçəkmə yarışları keçiriləcək”

07 aprel 2026 - 15:24 27

Azərbaycan su idmanı növləri son illərdə yeni inkişaf mərhələsinə qədəm qoyub. İnfrastrukturun genişləndirilməsi, beynəlxalq əlaqələrin möhkəmləndirilməsi və su hövzələri olan regionlarda həyata keçirilən tədbirlər bu sahənin perspektivlərini daha da artırır. Xüsusilə işğaldan azad olunmuş ərazilərdə idman həyatının bərpası və yeni su hövzələrinin yarış məkanına çevrilməsi ölkə idmanında keyfiyyətcə yeni mərhələnin başlanğıcından xəbər verir.

 

Məhz bu yeniliklər, qarşıda duran hədəflər və beynəlxalq əməkdaşlıq məsələləri ilə bağlı “Azərbaycan Su İdmanı Növləri Federasiyası” İctimai Birliyinin icraçı vitse-prezidenti Fərhad Əliyevlə söhbətləşdik. Müsahibədə federasiyanın yenidən təşkili, beynəlxalq qurumlarla əlaqələr, regionlarda avarçəkmənin inkişafı və “Prezident Kuboku-2026” beynəlxalq reqatasına hazırlıq prosesi ətrafında mühüm məqamlara aydınlıq gətirildi.

 

- Fərhad müəllim, söhbətimizə federasiyadakı yeniliklərdən başlayaq. “Azərbaycan Su İdmanı Növləri Federasiyası” İctimai Birliyinin tərkibinə Azərbaycan Yelkən Federasiyası İctimai Birliyinin qoşulması federasiyanın yenidən təşkili ilə nəticələndi. Bu dəyişiklik nələri vəd edəcək?

 

- Son dəyişikliklər federasiyamızın fəaliyyət imkanlarını daha da genişləndirib. Əvvəllər əsasən akademik avarçəkmə və kayak, kanoe növlərini əhatə edən federasiyamız artıq yelkənli qayıq idmanını da özündə birləşdirir. Bu dəyişikliklə federasiyanın adı rəsmi olaraq Azərbaycan Su İdmanı Növləri Federasiyası kimi təsdiqlənib. Yəni bundan sonra su üzərində olan idman növlərinin inkişafı üçün çalışacağıq. Avarçəkmə ilə yanaşı, yelkənli qayıqda da komandamızın uğurlu nəticələr əldə etməsi üçün fəaliyyət göstərəcəyik. Çalışacağıq ki, yeni idmançılar cəlb edib, güclü  milli komanda formalaşdıraq. Məqsədimiz həm ölkə daxilində, həm də xaricdə təşkil olunan beynəlxalq yarışlarda, Avropa və dünya çempionatları kimi böyük turnirlərdə nəticələr əldə etməkdir.

 

- Bu yaxınlarda Beynəlxalq Kanoe Federasiyasının prezidenti Tomas Konyetsko və Avropa Kanoe Assosiasiyasının prezidenti Jan Zunqrana ölkəmizdə səfərdə oldular. Bu səfərin qısa icmalı və əsas məqsədi barədə məlumat verərdiniz.

 

- Bu səfər Azərbaycan Su İdmanı Növləri Federasiyasının beynəlxalq təşkilatlarla qurduğu səmərəli əməkdaşlığın bariz nümunəsidir. Hər iki qurumun rəhbəri ölkəmizdə yüksək səviyyədə qarşılandı və Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov tərəfindən qəbul edildi. Görüşlər zamanı ölkəmizdə kanoe idman növünün inkişaf perspektivləri geniş şəkildə müzakirə olundu. Xüsusilə qeyd edim ki, kanoe idmanına slalom növü də daxildir və bu istiqamətdə Bakıda arenanın inşası planlaşdırılır. Səfər çərçivəsində qonaqlar federasiyanın nümayəndələri ilə birlikdə Sərsəng su anbarında oldular. Federasiya nümayəndələri və beynəlxalq federasiyaların rəhbərləri ilə birgə qısa zaman ərzində Sərsəng su anbarına baxış keçirildi. İlkin rəylər müsbət oldu. Qısa zaman ərzində biz təlim-məşq toplanışlarını və beynəlxalq yarışların bir hissəsini Sərsəng su anbarında təşkil edəcəyik. Ölkəmizə səfər zamanı hər iki beynəlxalq federasiyanın rəhbəri Mingəçevirdəki Kür Olimpiya Tədris-İdman Mərkəzində oldu və Suqovuşan su anbarına da baş çəkdi. Qonaqlar, həmçinin Bakıda federasiyanın binası və Bakı Avarçəkmə və Kanoe İdman klubunun bazasındakı proseslərlə tanış oldular və idmançıların məşqlərini izlədilər.

 

- Avropa Kanoe Assosiasiyasının Bakı ofisinin açılması ölkə idmanı üçün mühüm hadisədir. Bu ofisin yaradılmasının əsas məqsədləri nədir və fəaliyyəti Azərbaycana hansı üstünlüklər qazandıracaq?

 

- Avropa Kanoe Assosiasiyasının Bakıda ilk dəfə ofisinin açılması, həqiqətən də, əlamətdar hadisədir və ölkəmizin idman sahəsində artan nüfuzunun göstəricisidir. Bu addım təkcə Azərbaycanın deyil, ümumilikdə regionun inkişafına xidmət edəcək. Belə ki, yeni ofis kanoe idman növünün Asiya, Yaxın Şərq və digər inkişaf etməkdə olan ölkələrdə daha geniş yayılmasına və inkişafına mühüm töhfə verəcək. Eyni zamanda, bu təşəbbüs Azərbaycan Su İdmanı Növləri Federasiyasının beynəlxalq təşkilatlarla, xüsusilə Avropa Kanoe Assosiasiyası ilə əməkdaşlığını daha da gücləndirir. Artıq tərəflər arasında müvafiq müqavilə də imzalanıb və yaxın zamanda ofisin tam fəaliyyətə başlaması gözlənilir. İlkin mərhələdə burada yerli mütəxəssislərin çalışması nəzərdə tutulur, sonrakı dövrdə isə beynəlxalq təşkilatın nümayəndələrinin də prosesə cəlb olunması planlaşdırılır.

 

- Bu gün avarçəkmə üzrə beynəlxalq yarışlarda ölkəmizi əsasən yerli idmançılar təmsil edir ki, bu da idman növünə marağın artdığını və yeni nəslin formalaşdığını göstərir. Maraqlıdır, Mingəçevir və Bakı ilə yanaşı, digər bölgələrdən də idmançılar fərqlənirmi?

 

- Mingəçevir Azərbaycanda avarçəkmənin vətəni sayılır. Kür Olimpiya Tədris-İdman Mərkəzi fəaliyyət göstərdiyi bütün dövrlərdə beynəlxalq standartlara cavab verib. Xüsusən də cənab Prezident İlham Əliyevin tapşırığı əsasında əsaslı təmir olunduqdan sonra burada müxtəlif ölkələrin komandaları da il ərzində təlim-məşq toplanışları keçirlər. Avropa Oyunları və III MDB Oyunları zamanı avarçəkmə yarışları Mingəçevirdə təşkil olunub. Ənənəvi olaraq artıq həm ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Prezident Kuboku” beynəlxalq reqatası, həm də “Mingəçevir reqatası” yarışları da “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçirilir. Azərbaycan Su İdman Növləri Federasiyası artıq bir neçə ildir ki, Bakıda da avarçəkmə ənənəsini yenidən bərpa edib. Bakı Avarçəkmə və Kanoe İdman Klubunun fəaliyyəti nəticəsində xüsusilə yeniyetmə və gənclər arasında bu idman növünə maraq xeyli artıb. Bunun məntiqi nəticəsi olaraq Bakı birinciliyi və ölkə çempionatında iştirakçıların sayı əvvəlki illərlə müqayisədə bir neçə dəfə yüksəlib. Bizim əsas məqsədimiz ölkəxarici yarışlarda azərbaycanlı idmançıların uğurlu nəticələr əldə etməsidir. Planlarımıza Azərbaycanda su hövzələri mövcud olan bir çox yerdə təlim-məşq toplanışları təşkil etmək və yeni idmançıların cəlb olunması da daxildir. Çünki avarçəkmə və yelkənli qayıq idman növünə nə qədər çox idmançı cəlb olunarsa, onların arasından seçim etmək və peşəkar milli komanda formalaşdırmaq daha asan olar.

 

- Bu ayın sonunda təşkil olunacaq ümummilli lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunacaq “Prezident Kuboku-2026” beynəlxalq reqatasına hazırlıq hansı mərhələdədir?

 

- Beynəlxalq reqataya hazırlıq işləri yüksək səviyyədə davam etdirilir. İştirak edəcək ölkələr üçün dəvətlər göndərilib. Artıq 20-yə yaxın ölkə “Prezident kuboku”nda iştirakını təsdiqləyib. Yarışın proqramına əsasən, reqata 27 aprel - 1 may tarixlərini əhatə edəcək. Aprelin 27-də Sərsəng su anbarında nümunəvi çıxışlar olacaq. Ertəsi gün - aprelin 28-də Mingəçevir şəhərində komandaların paradı və konsert proqramı ilə açılış mərasimi keçiriləcək. Əsas start və ilk yarış günü isə aprelin 29-da Suqovuşan su anbarında təşkil olunacaq. 30 aprel və 1 may tarixlərində isə Mingəçevirdə son final yürüşləri təşkil olunacaq və bağlanış mərasimi nəzərdə tutulub.

 

- Bu yarış əvvəlki illərlə müqayisədə hansı yeniliklərlə seçiləcək və iştirakçı ölkələrin sayında artım gözlənilirmi?

 

- Əsas yenilik nümunəvi çıxışların məkanı ilə bağlıdır. Artıq Qarabağımızda daha bir su hövzəsində, işğaldan azad edilmiş Ağdərə rayonunda Sərsəng su anbarında ilk dəfə idman tədbiri keçiriləcək. Bu tədbirin məhz avarçəkmə idman növü ilə bağlı olması bizim üçün böyük qürurdur. İşğaldan azad edilmiş bütün ərazilərimizə qayıdış başlayıb, cənab Prezidentimiz İlham Əliyevin göstərişi ilə infrastruktur yenidən qurulur. Azərbaycan Su İdman Növləri Federasiyası olaraq biz də azad olunmuş ərazilərimizdə, tarixi torpaqlarımızda idmanın yenidən canlanması üçün əlimizdən gələni əsirgəmirik və bunun üçün gələcək illərdə də çalışacağıq.