Xəbərlər

Elman Nəsirov: "Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası son illərdə möcüzələr yaradır"

30 aprel 2024 78

"Artıq üçüncü ildir ki, ulu öndər Heydər Əliyevin anadan olmasının ildönümü ilə bağlı belə mühüm bir idman tədbiri həyata keçirilir". 

 

Bu sözləri millət vəkili Elman Nəsirov avarçəkmə üzrə "Prezident Kuboku 2024" beynəlxalq reqatasının paradı zamanı jurnalistlərə açıqlamasında deyib. 

 

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının son illərdə ölkəmizdə böyük işlər həyata keçirdiyi deyən millət vəkili bu idman növünün Azərbaycanda geniş populyarlıq qazandığını qeyd edib.

 

"Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası son illərdə sözün əsl mənasında möcüzələr yaradır. Gəlin etiraf edək ki, güləş ölkəmizdə çox populyardır. Bu idman növü üzrə bizim beynəlxalq yarışlarda uğur qazanan çoxlu pəhləvanlarımız var. Amma müqayisə edəndə görərik ki, avarçəkmə ölkəmizdə bu qədər populyar olmamışdı. Avarçəkənlərin son illərdə əldə etdiyi nəticələr də bunu deməyə əsas verir. Bu günlərdə akademik avarçəkənimiz Diana Dımçenko Parisdə keçiriləcək Olimpiya Oyunlarına lisenziya qazandı. Bu, həm ulu öndərin anadan olmasının 101-ci ildönümünə, həm də cənab Prezident İlham Əliyevin rəhbərliyi altında dövlətimizin qazandığı zəfərə böyük bir töhfədir. Bəlkə də çoxları güman etmirdi ki, avarçəkmə üzrə idmançımız Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanacaq. Amma fakt budur ki, idmançılarımız, sadəcə, iki ildir bu idman növündə öz sözlərini deməyə başlamalarına rəğmən, əldə edilən uğur göz qabağındadır. İnanırıq ki, avarçəkənimiz Parisdə də tarixi uğura imza atacaq", - deyə Elman Nəsirov bildirib. 

 

Qeyd edək ki, “Prezident Kuboku 2024” beynəlxalq reqatasının açılış mərasimi və ilk yarışları sabah Suqovuşan su anbarında keçiriləcək.

 

 

Milli Olimpiya Komitəsinin mətbuat xidməti