Xəbərlər

Elçin Cəfərov: Yunan-Roma güləşçilərimizin qazandığı nəticələr möhtəşəmdir

26 sentyabr 2023 598

Bu nailiyyətdə Azərbaycan Güləş Federasiyası, Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsinin əvəzedilməz rolu var. Hər tərəfdə ciddi hazırlıqlar gedirdi, çox çalışırdılar. Sevindirici haldır ki, yunan-Roma güləşçilərimiz ümidləri doğrultdu, əziyyətləri yerdə qalmadı. Bu, Azərbaycan idmanında möhtəşəm hadisə kimi tarixə düşdü.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Güləş Federasiyasının (AGF) sabiq vitse-prezidenti Elçin Cəfərov yunan-Roma güləşçilərinin Serbiyanın paytaxtı Belqradda keçirilmiş dünya çempionatındakı uğurlu çıxışını şərh edərkən deyib.

O bildirib ki, bütün idmançılar görüşlərə xüsusi məqsədlər üçün çıxmışdılar: “Qarşılarına qoyduqları hədəfə çata bildilər. Rafiq Hüseynov ikiqat, Eldəniz Əzizli üçqat dünya çempionu oldu. Komandanın beş üzvü finalda mübarizə apardı. Hesab edirəm ki, bu uğur federasiya rəhbərliyi tərəfindən göstərilən diqqət və qayğının nəticəsidir. Vaxtlı-vaxtında keçirilən təlim-məşq toplanışlarının da kifayət qədər təsiri oldu”.

Yunan-Roma güləşi üzrə yığmanın keçmiş baş məşqçisi finalda uduzan idmançıların da çıxışlarının qənaətbəxş olduğunu vurğulayıb: “Qızıl medal ala bilməyən idmançılarımız hələ çox gəncdirlər. Onların da hazırlıqları yüksək səviyyədə idi, hər biri yaxşı çalışmışdı. Hamısından nəticə, bəzilərindən Olimpiya lisenziyası gözləyirdik. Ancaq bu, idmandır. Gözlənti heç nəyi dəyişdirmir, əsas real nəticədir. Hazırkı nəticələr də bizi olduqca qane edir. Bütün hallarda nəticə möhtəşəmdir, tarixi qələbədir”.

64 yaşlı mütəxəssisin sözlərinə görə, bu cür yarışlarda yaxşı nəticə üçün psixoloji vəziyyəti düzgün idarə etmək lazımdır: “Hazırlıq səviyyəsindən də çox şey asılıdır. Kim daha çox əziyyət çəkibsə, qızıl medala da o, layiq görülür. Təbii ki, lisenziya qazana bilməyən güləşçilərimizin hələ iki şansı var. İnanıram ki, onlar qarşıdakı lisenziya turnirlərində uğur qazanacaqlar. Sərbəst güləşçilərimizdən isə ikisi fəxri kürsüyə qalxdı. 97 kiloqram çəki dərəcəsində yarışan Maqomedxan Maqomedov lisenziya əldə etdi. Nəticəni öz xeyirlərinə dəyişmək üçün sərbəst güləşçilərin də şansı var”.

E.Cəfərov dünya çempionatında medal və lisenziya qazana bilməyən qadın güləşçilərin çıxışını da dəyərləndirib: “Təlim-məşq bazamız bir olsa da, onların hazırlıq planları ilə elə də yaxından tanış deyiləm. Ümid edirəm ki, sonrakı yarışlara daha yüksək səviyyədə hazırlaşacaqlar”.

Qeyd edək ki, Azərbaycan güləşçiləri dünya çempionatını ümumilikdə yeddi medalla başa vurublar. Bunlardan ikisi sərbəst, beşi isə yunan-Roma güləşçilərinin payına düşüb.