Bu gün MOK-un vitse-prezidenti, Olimpiya çempionu Zemfira Meftaxetdinovanın doğum günüdür
28 may 2026 - 15:23 127
“Şöhrət” ordenli, “Tərəqqi” medallı, Əməkdar bədən tərbiyəsi və idman xadimi, Milli Olimpiya Komitəsinin (MOK) və Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti, Azərbaycan İdman Veteranlarının İctimai Birliyinin sədri, Azərbaycanın ilk Olimpiya çempionu Zemfira Meftaxetdinovanın doğum günüdür.
Zemfira Meftaxetdinova 1963-cü il mayın 28-də Bakı şəhərində anadan olub. Təhsilini A. Məmmədov adına 115 nömrəli tam orta məktəbdə alıb. Atıcılığa marağı olan 12 yaşlı Zemfira dərslərdən sonra qızlarla birgə evləri ilə üz-üzə olan atıcılıq tirində bu idman növü ilə məşğul olmağa başlayıb. Zemfira Meftaxetdinova Hafiz Cəfərovun rəhbərliyi altında Daxili işlər Nazirliyinin İdman Cəmiyyətində məşqlərini davam etdirib.
1979–1984-cü illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda, 2000–2005-ci illərdə isə Bakı Dövlət Universitetində təhsil alıb. Zemfira Meftaxetdinova Dünya və Avropa çempionatlarında da dəfələrlə qələbə qazanıb. O, 1993, 1997 və 2003-cü illərdə stend atıcılığı üzrə Avropa çempionatlarının qalibi olub. Ümumi olaraq beş dəfə Avropa çempionu olan Zemfira Meftaxetdinova 1995 və 2001-ci illərdə Dünya çempionatlarının qızıl medalını qazanıb. Sidney-2000 XXVII Yay Olimpiya Oyunlarında stend atıcılığı üzrə yarışlarda qızıl, Afina-2004 XXVIII Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb.
Zemfira Meftaxetdinova Azərbaycan idmanında xidmətlərinə görə Azərbaycan Prezidenti Heydər Əliyevin Sərəncamına əsasən 1995-ci ildə "Tərəqqi" medalı, 2000-ci ildə "Şöhrət" ordeni, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 2004-cü ildə "Tərəqqi" medalı, 2022-ci ildə Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif olunub. Daxili işlər orqanlarında xidmətlərinə görə 2018-ci ildə "Vətən uğrunda" medalına layiq görülüb.
Zemfira xanımı bütün olimpiyaçılar və ölkəmizin idman ictimaiyyəti adından təbrik edirik.
Bənzər xəbərlər
MOK və ”Visa” arasında tərəfdaşlıq müqaviləsi yenilənib
İyunun 9-da Milli Olimpiya Komitəsi (MOK) və rəqəmsal ödənişlər üzrə ... Ətraflı
Prezident İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib
Prezident İlham Əliyev minifutbol üzrə Avropa çempionatının qalibi olan Azərbaycan ... Ətraflı


