Xəbərlər

Bakıda üzgüçülük üzrə açıq qış çempionatının açılış mərasimi olub

28 noyabr 2024 70

Bakıda üzgüçülük üzrə Azərbaycan açıq qış çempionatının açılış mərasimi keçirilib.

 

Bakı Su İdmanı Sarayında təşkil edilən tədbirdə əvvəlcə idmançıların paradı olub. Sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.

 

Azərbaycan Üzgüçülük Federasiyasının vitse-prezidenti Tamerlan Abdullazadə turnirdə müxtəlif regionlardan üzgüçülərin iştirakının sevindirici hal olduğunu vurğulayıb. O, daxili yarışların perspektivli üzgüçülərin vaxtında aşkar edilməsində, onların milli komandanın tərkibinə cəlb olunmasında vacib rol oynadığını söyləyib.

 

Rəsmi çıxışlardan sonra çempionat açıq elan olunub.

 

Beynəlxalq Üzgüçülük Federasiyasının (FINA), Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Üzgüçülük Federasıyasının Nizamnaməsinə və təsdiq olunmuş əsasnaməsinə uyğun olaraq keçirilən yarışda ölkənin 15 müxtəlif klub və idman cəmiyyətlərindən 150 FINA xalı olan 240-a yaxın idmançı qüvvəsini sınayır. Onlar 50, 100, 200, 400, 800 və 1500 metr məsafədə sərbəst üsullarda, 50,100, 200 metr məsafələrdə arxası üstə, brass və batterflay üsullarında mübarizə aparırlar. Yarışda Azərbaycan üzgüçüləri ilə yanaşı, Gürcüstanın Tbilisi komandasının idmançıları da çıxış edirlər.

 

Qeyd edək ki, dünən start götürən çempionata noyabrın 30-da yekun vurulacaq. Yarışın sonunda qaliblər diplomlar və hədiyyələrlə mükafatlandırılacaqlar.