Xəbərlər

Bakıda keçirilən atıcılıq üzrə “Dünya Kuboku 2024” davam edir

05 may 2024 63

Qadınlar arasında stend atıcılığının səngər növündə final mərhələsinə yekun vurulub.

 

Penni Smit (Avstraliya), Safiye Temizdemir (Türkiyə), Raşel Leiganne Tozyer (ABŞ), Aeriel Alease Skinner (ABŞ), Erika Sessa (İtaliya) və Ray Bassilin (Livan) mübarizə apardığı həlledici mərhələdə Asiyanı təmsil edən atıcı qalib adını qazanıb.

 

50 atışdan 44-nü dəqiq yerinə yetirən Ray Bassil qızıl medal əldə edib. Penni Smit 40 halda hədəfi dəqiq tuşlayaraq gümüş medala yiyələnib. İtaliyanı təmsil edən Erika Sessa “bürünc”lə kifayətlənib (34 dəqiq atış).

 

Yarış başa çatandan sonra Ray Bassil final fikirlərini bildirib:

“Ölkəmin adına qızıl medal qazandığım üçün özümü hədsiz xoşbəxt hiss edirəm. Bu, Paris-2024 Olimpiya Oyunları öncəsi mənim üçün yaxşı stimul oldu. Bu sevincli anların dadını çıxarmağa çalışıram.

 

Final mərhələsində yalnız atışa köklənmişdim. Başqa heç nə haqda düşünmürdüm. Dəqiq olmayan atışlara önəm vermirdim. Fikrimcə, bu amil mənə qalib olmaqda çox kömək etdi.

 

Azərbaycanda qazandığım ikinci medaldır. Ölkənizdə bu hissi ilk dəfə 2016-cı ildə yaşamışdım. Lakin həmin vaxt “gümüş” əldə etmişdim. Bakının mənim üçün düşərli olduğunu deməliyəm”. 

 

Eyni gündə keçirilən kişilərin stend atıcılığının səngər növündə final mərhələsi baş tutub.

 

Tolqa Tuncer (Türkiyə), Jan Pyer Brol Kardenas (Qvatemala), Filip Marinov (Slovakiya), Ceyms Villet (Avstraliya), Matyu Con Kovard-Holley (Böyük Britaniya), Pavel Vanekin (Çexiya) mübarizə apardığı həlledici mərhələdə avstraliyalı atıcı qalib adını qazanıb.

 

50 atışdan 46-nı dəqiq yerinə yetirən Ceyms Villet qızıl medal əldə edib. Filip Marinov 42 halda hədəfi dəqiq nişan alaraq gümüş medala yiyələnib. Jan Pyer Brol Kardenas 34 dəqiq atışla “bürünc”lə kifayətlənib.

 

Qalib adını qazanan Ceyms Villet final təəssüratlarını bölüşüb:

“Bakı Atıcılıq Mərkəzi mənim üçün düşərlidir. 2 il əvvəlki Dünya Kubokunda komanda növündə qızıl medal əldə etmişdim. Düzdür, məşqlər zamanı külək əsirdi. Yaxşı ki, final günündə hava sakit keçdi. Avstraliyadan Bakıya böyük məsafə qət edərək gəlmişik. Olimpiya Oyunları ərəfəsində “qızıl” olduqca vacib idi. Üstəlik, bu, reytinq xallarımıza da təsir edir.

 

Final mərhələsində təcrübə müəyyən mənada rol oynayır. Psixoloji durum olduqca vacibdir. Məncə, final atışları zamanı rəqibimə nisbətən təcrübəli olmağım nəticələrdə öz sözünü dedi”.