Xəbərlər

“Bakı 2015 - Süni İntellekt və İdmanda İnnovasiya” müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib

28 oktyabr 2025 - 13:30 184

Oktyabrın 28-də Holiday INN Hotelində Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) və Avropa Olimpiya Komitələrinin (AOK) birgə təşəbbüsü ilə “Bakı 2015 - Süni İntellekt və İdmanda İnnovasiya” adlı müsabiqənin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

 

Milli Olimpiya Komitəsinin mətbuat xidməti xəbər verir ki, tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidentləri Çingiz Hüseynzadə, Zemfira Meftaxetdinova, Fərid Mansurov, MOK-un baş katibi Azər Əliyev, Avropa Olimpiya Komitələrinin nümayəndəsi Canluka De Angelis, MOK-un İcraiyyə Komitəsinin, müsabiqənin münsiflər heyətinin üzvləri, idman ictimaiyyətinin nümayəndələri, həmçinin digər xarici qonaqlar iştirak ediblər. 

 

Tədbir çərçivəsində Avropa Olimpiya Komitələrinin prezidenti Spiros Kapralosun Bakı 2015 Avropa Oyunlarının 10 illik yubileyinə həsr olunmuş təbrik video müraciəti nümayiş olunub.

 

Tədbirdə çıxış edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə I Avropa Oyunlarının Azərbaycan idman tarixində dərin iz buraxdığını, bu mötəbər yarışların qısa müddətdə yüksək səviyyədə təşkil olunduğunu xatırladıb. O, həmin oyunların Avropada yeni standartlar müəyyən etdiyini və bu ənənənin bu gün də davam etdiyini vurğulayıb.

 

Çingiz Hüseynzadə Oyunların artıq qitənin ən vacib idman tədbirlərindən birinə çevrildiyini, Avropa Oyunlarının yubileyini yenilik və müasir texnologiyalarla qeyd etmək məqsədilə süni intellekt mövzusunda müsabiqə elan edildiyini diqqətə çatdırıb. 

 

Avropa Olimpiya Komitələrinin nümayəndəsi Canluka De Angelis çıxışında bildirib ki, I Avropa Oyunlarının 10 illik yubileyinə həsr olunan müsabiqə Azərbaycan Milli Olimpiya Komitəsi ilə Avropa Olimpiya Komitələrinin birgə təşəbbüsü kimi həyata keçirilən qabaqcıl layihədir.

 

O, qeyd edib ki, bu müsabiqə Avropa Olimpiya Komitələrinin tarixində mühüm mərhələ olmaqla yanaşı, irs və innovasiyanın vəhdətini təcəssüm etdirən beynəlxalq kommunikasiya platformasına çevrilib. 

 

Tədbir zamanı “Süni İntellekt və İdmanda İnnovasiya” mövzusunda hazırlanmış qısa video təqdim olunub. 

 

Müsabiqənin münsiflər heyətinin üzvləri - İspaniya Milli Olimpiya Komitəsinin baş katibi Viktoriya Kabezas (video müraciət vasitəsilə) və Türkiyə Olimpiya Komitəsinin korporativ kommunikasiyalar direktoru Volkan Öner çıxış edərək idmanda texnoloji yeniliklərin tətbiqinin idmançının nəticələrinə və psixoloji hazırlığına təsirindən danışıblar.

 

Bakı 2015 Avropa Oyunlarının çempionu İlham Zəkiyev tədbirdə çıxış edərək, Oyunların idman tariximizdəki əhəmiyyətini xüsusi vurğulayıb.

 

Tədbirdə müsabiqəyə təqdim olunan işlər vizual nümayiş formasında təqdim edilib. 

 

Sonra müsabiqənin qaliblərinin adları açıqlanıb. Müsabiqənin beynəlxalq qalibi türkiyəli Fatihcan Aytan, Azərbaycan üzrə qalibi isə Rauf Həmişə olub. Qaliblərə sertifikatlar və mükafatlar təqdim edilib. Qaliblər çıxış edərək təşkilatçılara minnətdarlıqlarını bildiriblər.

 

Sonda münsiflər heyətinin üzvləri, iştirakçılar və layihənin reallaşmasında çalışan şəxslər mükafatlandırılıblar. 

 

Qeyd edək ki, müsabiqəyə 56-sı qrafika, 10-u video olmaqla, 66 iş təqdim olunub.