Xəbərlər

Azərbaycanın daha üç güləşçisi Bakıdakı Avropa çempionatında medal qazanıb

26 may 2024 1155

Güləş üzrə U-23 Avropa çempionatına yekun vurulub.

 

Bakı İdman Sarayında keçirilən yarışın son günündə sərbəst güləşdə 61, 74, 86, 92 və 125 kq-da qaliblər müəyyənləşib.

 

Nürəddin Novruzov (61 kq) bürünc medal uğrunda qarşılaşmada ukraynalı Yaqor Rudauskiylə üz-üzə gəlib. Gəncə güləş məktəbinin yetirməsi ilk hissədə 7 xal fərqiylə geri düşsə də, əsl əzmkarlıq nümayiş etdirərək 13:12 hesablı qələbə qazanıb. Beləliklə, Novruzov ölkəmizə bu növdə ilk bürünc medalı qazandırıb.

 

Cəbrayıl Qadjiyev (74 kq) finalda rusiyalı Kamil Abdulvahabovla münasibətləri aydınlaşdırıb. Gərgin mübarizə şəraitində keçən həlledici qarşılaşmada rəqibinə minimal fərqlə (6:5) qalib gələn təmsilçimiz Avropa çempionu olub. Bununla da Cəbrayıl 2 il əvvəlki uğurunu təkrarlayıb.

 

Arseniy Djioyev (86 kq) bürünc medal uğrunda görüşdə Miko Elkalanı sınağa çəkib. İlk hissədə rəqibinə tam üstünlüklə (11:0) qalib gələn yığmamızın üzvü fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.

 

Beləliklə, son yarış günündə millimiz 1 qızıl, 2 bürünc medal qazanıb.

 

Qeyd edək ki, sərbəst güləşçilərimizdən Kənan Heybətov (70 kq) və Ali Tsokayev (79 kq) ötən gün gümüş medal qazanıblar. Daha əvvəl 3 qızıl, 1 gümüş və 4 bürünc medal qazanan yunan-Roma güləşi üzrə Azərbaycan millisi U-23 Avropa çempionatının qalibi olub. Bir dəst (1 qızıl, 1 gümüş, 1 bürünc) medal əldə edən qadınlardan ibarət yığma isə 76 xal toplayaraq ilk dəfə komanda hesabında üçüncü yeri tutub.