Azərbaycanın 5 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
26 mart 2024 95
Bakıda kişi və qadın boksçular arasında “Böyük İpək Yolu” beynəlxalq turniri davam edir.
11 ölkənin 121 idmançısının qatıldığı yarışın ikinci günündə Azərbaycan millisinin daha 5 üzvü mərhələ adlayıb.
57 kiloqramda Şamil Əsgərov növbəti qələbəsini qazanıb. 1/4 finalda Qodir Axtamovla (Özbəkistan) döyüşən boksçumuz rəqibini 5:0 (30:27, 30:27, 29:28, 29:28, 30:27) hesabı ilə məğlub edib. Əsgərov 1/2 finalda Buzurqmehr İskanovla (Tacikistan) üz-üzə gələcək.
Onun uğurunu Əzrər Bəbirov (60 kiloqramda) da təkrarlayıb. Yığmanın üzvü 1/4 finalda Tukqunbek İmankadirovla (Qırğızıstan) görüşdə 5:0 (30:27, 29:28, 30:27, 30:27, 30:27) hesabı ilə qələbə qazanıb. Bəbirov 1/2 finalda Sayat İlyasovla (Özbəkistan) döyüşəcək.
63,5 kiloqramda Azərbaycan dueli baş tutub. Tayfur Əliyevlə Cavid Çələbiyevin qarşılaşmasında birinci 5:0 (29:28, 29:28, 29:28, 29:28, 29:28) hesabı ilə qalib gələrək, yarımfinala yüksəlib. O, finala gedən yolda rusiyalı İlya Popovla qarşılaşacaq.
Bu çəki dərəcəsində Malik Həsənov da 1/4 final döyüşünü qalib kimi başa vurub. O, iranlı Bağır Faracidən güclü olub – 3:2 (28:29, 30:27, 28:29, 29:28, 29:28). Həsənov yarımfinalda Abdullah Madaminovla (Özbəkistan) üz-üzə gələcək.
80 kiloqramda Sərxan Budaqov isə döyüşsüz mərhələ adlayıb. Pakistanlı Kaleem Muhammad görüşə gəlmədiyindən boksçumuz yarımfinalda iştirak hüququ qazanıb. O, bu mərhələdə özbəkistanlı Fazliddin Erkinboyevlə münasibətinə aydınlıq gətirəcək.
5 boksçumuz yarımfinala vəsiqə qazandığından özləri üçün ən azı bürünc medalı da təmin ediblər.
Qeyd edək ki, Boks Mərkəzində keçirilən yarışın üçüncü gününün döyüşləri saat 14:00-da başlayacaq. Turnirdə final görüşləri isə martın 28-də olacaq.
Bənzər xəbərlər
Azərbaycanın idman gimnastı Avropa çempionatında tarixi medal qazanıb
Azərbaycan gimnastı Nikita Simonov İtaliyanın Rimini şəhərində keçirilən Avropa çempionatında ... Ətraflı
Prezident Kuboku: Taekvondoçularımız ilk gündə 6 medal qazandılar
Yeniyetmə taekvondoçulardan ibarət Azərbaycan millisi Estoniyanın paytaxtı Tallində keçirilən Prezident ... Ətraflı