Azərbaycan boksçuları Avropa çempionatında 2 qızıl, 3 gümüş və 3 bürünc medal qazanıblar
26 oktyabr 2025 - 12:20 25
Monteneqronun Budva şəhərində boks üzrə keçirilən U-15 Avropa çempionatına yekun vurulub. Azərbaycan millisi 32 ölkədən 369 idmançının qatıldığı yarışı 2 qızıl, 3 gümüş və 3 bürünc medalla başa vurub.
Komandamızın heyətində Xumar Cəfərli (75 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, finalda Yağmur Eryurtu (Türkiyə) 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub etməklə Budvada Azərbaycan himnini səsləndirib. Bu qızıl medal ölkəmiz üçün əlamətdar olub. Boks tariximizdə ilk dəfə qız idmançımız U-15 Avropa çempionatının qalibi adına yiyələnib.
Onun uğurunu Mehran Rəsulov (80 kq) da təkrarlayıb. Finalda Serqiy Kotovskini (Ukrayna) 5:0 (30:27, 29:28, 29:28, 30:27, 30:27) hesabı ilə məğlub edən boksçumuz qızıl medala layiq görülüb. Bu, Rəsulovun karyerasında Avropa birinciliklərinin 3-cü mükafatı olub. O, bunadək 2 dəfə bürünc medal əldə edib.
Digər boksçularımızdan Nəsrin Abdullazadə (40 kq), Nurlan Müseyibli (66 kq), Yusif Ağakişiyev (75 kq) gümüş, Onur Qurbanov (42 kq), Elcan Musazadə (50 kq) və Ərdəm Təkin (90 kq) bürünc medal qazanıblar.
Qeyd edək ki, Azərbaycan millisi komanda hesabında 6-cı yeri tutub.
Bənzər xəbərlər
Azərbaycanın qadın həndbolçulardan ibarət yığmasının İslamiadadakı rəqibləri müəyyənləşib
Qadın həndbolçulardan ibarət Azərbaycan milli komandasının Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad ... Ətraflı
Azərbaycan sablyaçısı Bolqarıstanda bürünc medal qazanıb
Azərbaycan sablyaçısı Palina Kaspiaroviç Bolqarıstanın paytaxtı Sofiyada keçirilən "Satellite" turnirində ... Ətraflı