Azərbaycan Basketbol Federasiyasının (ABF) son mövsümün hesabatı və yeni mövsümün açılışı ilə bağlı tədbiri baş tutub
25 sentyabr 2025 - 17:35 26

25 sentyabr “Four Seasons” otelində Azərbaycan Basketbol Federasiyasının (ABF) 2025/26 mövsümünün başlanması və ötən mövsümün hesabatına həsr olunmuş tədbir baş tutub. Tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev, Azərbaycan Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov, Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev, federasiyanın rəyasət heyətinin üzvləri, əməkdaşları, klub rəhbərləri, məşqçilər, basketbolçular və media nümayəndələri iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə ölkəmizdə basketbolun inkişaf istiqamətləri və bu sahədə atılan addımlardan bəhs edib. O, Azərbaycan basketbolunun milli və klub səviyyəsində beynəlxalq müstəvidə böyüyən uğurlarından da söz açıb.
Daha sonra federasiyanın marketinq meneceri Famil Məcidov son mövsümün hesabatını təqdim edib. O, federasiyanın ötən mövsümdə həyata keçirdiyi layihələr, beynəlxalq turnirlərdə qazanılan uğurlar və yaxın gələcəkdə planlaşdırılan yeniliklər barədə ətraflı məlumat verib.
ABF prezidenti Emin Əmrullayev çıxışında federasiyanın fəaliyyət prinsiplərinə toxunaraq bildirib ki, əsas hədəf həm milli komandaların, həm də daxili liqanın daha da peşəkarlaşdırılmasıdır: “Basketbolun ölkəmizdə kütləviləşməsi, gənc idmançıların beynəlxalq səviyyədə yetişməsi və klubların dayanıqlı inkişafı bizim üçün prioritetdir. Qarşıdakı mövsümdə daha genişmiqyaslı tədbirlər, yarışlar və əməkdaşlıqlar həyata keçiriləcək.”
Tədbirin sonunda federasiya prezidenti Emin Əmrullayev federasiyanın rəsmi tərəfdaşlarına xüsusi hədiyyələr təqdim edib. Ardınca media nümayəndələri üçün brifinq təşkil olunub. Jurnalistlərin suallarını cavablandıran ABF rəhbəri yeni mövsümün basketbol ictimaiyyəti üçün daha məhsuldar və maraqlı olacağına inandığını bildirib.
Qeyd edək ki, ölkəmizdə yeni basketbol mövsümü 26 sentyabr tarixində start götürəcək.
Bənzər xəbərlər

III MDB Oyunlarında iştirak edəcək daha bir qrup idmançı Azərbaycana gəlib
III MDB Oyunlarında iştirak edəcək nümayəndə heyətləri Azərbaycana gəlməyə davam ... Ətraflı

Azərbaycan şahmat millisi Avropa çempionatına Naftalanda hazırlaşır
Qadın şahmatçılardan ibarət Azərbaycan millisi Naftalan şəhərində növbəti təlim-məşq toplanışına ... Ətraflı