Xəbərlər

Avropa çempionatından əvvəl MOK-da könüllülərlə görüş təşkil olunub

05 noyabr 2026 - 15:32 36

Noyabrın 11-12-də Bakıda eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatı keçiriləcək. Qitə çempionatında 12 ölkədən 80-nə yaxın cüdoçu yarışacaq.   

 

Azərbaycanda ilk dəfə təşkil olunan Avropa çempionatı ilə noyabrın 5-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında görüş keçirilib.

 

Görüşdə Azərbaycan Deflimpiya Komitəsinin (ADK) baş katibi Namiq Novruzov, Milli Olimpiya Komitəsinin idman idarəsinin müdiri, Azərbaycan Deflimpiya Komitəsinin idman şöbəsinin müdiri Həsənağa Rzayev, Komitə əməkdaşları və könüllülər iştirak ediblər. 

 

Çıxış edən ADK-nın baş katibi Namiq Novruzov əvvəlcə Azərbaycan Deflimpiya Komitəsinin fəaliyyəti ilə bağlı könüllülərə qısa məlumat verib. O qeyd edib ki, Azərbaycan Deflimpiya Komitəsi 2023-cü ildə yaradılıb. Qısa müddət ərzində Komitənin fəaliyyəti beynəlxalq miqyasda qiymətləndirib və 2025-ci ildə İCSD-nin (Beynəlxalq Karlar İdman Komitəsi) üzvlüyünə daxil edilib. Ötən ilin noyabr ayında Tokioda keçirilən XXV Yay Deflimpiya Oyunlarında Azərbaycan cüdoçusu Coşqun Əliyev ilk dəfə ölkəmizə qızıl medal qazandırıb. Gənc cüdoçumuz bu tarixi nailiyyətinə görə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən «Tərəqqi» medalı ilə təltif olunub. ADK-nın baş katibi Namiq Novruzov çıxışında vurğulayıb ki, Bakıda təşkil olunacaq yarışın özü də Azərbaycan üçün böyük uğur və etimad hesab olunmalıdır. O, bu işdə könüllülərin də təcrübəsinə arxalandığını diqqətə çatdırıb. 

 

Milli Olimpiya Komitəsinin idman idarəsinin, Azərbaycan Deflimpiya Komitəsinin idman şöbəsinin müdiri Həsənağa Rzayev çıxış edərək qeyd edib ki, Azərbaycan hər zaman böyük idman tədbirlərinin ən etibarlı məkanı hesab olunur. Bu vaxta qədər ölkəmizdə böyük idman yarışları təşkil olunub və beynəlxalq qurum rəsmiləri indiyə qədər həmin yarışların təşkilini digər ölkələrə nümunə göstərirlər. Bu işdə könüllülərin də bilavasitə böyük xidmətlərini vurğulayan Həsənağa Rzayev onlara bu işdə uğurlar arzulayıb. 

 

Çıxışlar başa çatdıqdan sonra Komitə rəsmiləri tədbir iştirakçılarının suallarını cavablandırıblar.