Avropa çempionatı: Azərbaycanın 5 boksçusu finala yüksəlib, 3-ü bürünc medal qazanıb
25 oktyabr 2025 - 11:14 346
Monteneqronun Budva şəhərində boks üzrə U-15 Avropa çempionatında yarımfinal döyüşləri başa çatıb.
Mərhələnin son günündə Azərbaycan millisinin daha 3 idmançısı adını finala yazdırıb.
66 kiloqramda Nurlan Müseyibli Arda Fidanla (Türkiyə) gücünü yoxlayıb. Rəqibini 5:0 (30:27, 29:28, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edən boksçumuz Avropa birinciliklərində ardıcıl 3-cü dəfə finala yüksəlib. Qitə çempionatının son qalibi həlledici görüşdə Evander Dikinsonla (İngiltərə) üz-üzə gələcək.
Yusif Ağakişiyev (75 kiloqram) ardıcıl ikinci döyüşünü də vaxtından əvvəl xeyrinə bitirib. 1/4 finalda cəmi 45 saniyəyə tam üstünlüklə qalib gələn milli üzvü yarımfinalda Oleksandr Tomiçi (Ukrayna) ikinci raundda təslim edib. O, finalda Tomas O Reyli (İrlandiya) ilə qüvvəsini sınayacaq.
Mehran Rəsulov (80 kiloqram) isə Valeri Todorovdan (Bolqarıstan) güclü olub. İlk raundu xeyrinə bitirən boksçumuz ikinci raundda tam üstünlüklə qalib gəlib. Rəsulov qızıl medal döyüşündə Serqiy Kotovski (Ukrayna) ilə münasibətinə aydınlıq gətirəcək.
Digər boksçularımızdan Onur Qurbanov (42 kiloqram), Elcan Musazadə (50 kiloqram) və Ərdəm Təkin (90 kiloqram) Avropa çempionatında bürünc medala sahib olublar.
Qeyd edək ki, bu gün baş tutacaq finallarda daha 2 boksçumuz rinqə çıxacaq. Nəsrin Abdullazadə (40 kiloqram) Madlin Laverik-Arnotla (İngiltərə), Xumar Cəfərli (75 kiloqram) Yağmur Eryurtla (Türkiyə) üz-üzə gələcək.
Bənzər xəbərlər
AzVİF İcraiyyə Komitəsinin iclasında "Bakı-Xankəndi" yarışının hazırlıq prosesi müzakirə edilib
Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) İcraiyyə Komitəsinin 4-cü iclasında "Bakı-Xankəndi" ... Ətraflı
Azərbaycanın yeniyetmə xizək alpinistləri Türkiyədə qızıl və gümüş medal qazanıblar
Azərbaycanın xizək alpinizmi üzrə yeniyetmə idmançıları Türkiyənin Kayseri şəhərində təşkil ... Ətraflı