Xəbərlər

Avarçəkənlərimiz “Prezident Kuboku 2026” beynəlxalq reqatasına medalla başlayıb

29 aprel 2026 - 20:34 39

Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr edilən avarçəkmə və kanoe üzrə “Prezident Kuboku 2026” beynəlxalq reqatası çərçivəsində Suqovuşanda keçirilən yarışların rəsmi hissəsində gənclər və idman naziri Fərid Qayıbov çıxış edib. Nazir hər kəsi salamlayaraq, yarış iştirakçılarına uğurlar arzulayıb. Fərid Qayıbov bildirib ki, bizim üçün bu yarışlar xüsusi bayramdır. Cənab Prezident İlham Əliyevin tapşırığına əsasən işğaldan azad olunan ərazilərimizdə beynəlxalq yarışların keçirilməsi əsas məqsədlərdən biridir.  Bu, ənənəvi tədbirdir və beşinci dəfədir Suqovuşanda təşkil olunur.  İnanıram ki, ən güclü qalib gələcək.  

 

Tədbirin rəsmi hissəsindən sonra su paradı baş tutub. İdmançılar draqon qayıqlarında keçid edib, iştirakçı ölkə bayraqlarını daşıyan skuterlər Suqovuşan su anbarında dövrə vurublar. 

 

Ardınca yarışlara start verilib. İdmançılar reqatanın bu mərhələsində müxtəlif yaş kateqoriyalarında birnəfərlik kayak və kanoe qayıqlarında 200 metr məsafədə mübarizə aparıblar.

 

Azərbaycan komandasının heyətində ilk medalı Əlimurad Hacızadə qazanıb. Hacızadə birnəfərlik kayak qayığında 2008–2009-cu il təvəllüdlü idmançıların mübarizəsində gümüş medal əldə edib.

 

Xatırladaq ki, “Prezident Kuboku 2026” beynəlxalq reqatası 30 aprel – 1 may tarixlərində Mingəçevir şəhərində yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək.