Xəbərlər

Atletika üzrə istedadlı uşaqların aşkarlanması layihəsi uğurla başa çatdı

30 aprel 2026 - 16:25 16

Atletika üzrə istedadlı uşaqların erkən mərhələdə aşkar olunması və onların sistemli şəkildə idmana cəlb edilməsi məqsədilə həyata keçirilən genişmiqyaslı layihə Azərbaycan Respublikasının bir sıra bölgələrini əhatə etməklə uğurla yekunlaşmışdır. Layihə Beynəlxalq Olimpiya Komitəsi-nin Olimpiya Həmrəyliyi Fondu çərçivəsində reallaşdırılmış, Milli Olimpiya Komitəsi və Azərbaycan Atletika Federasiyası tərəfindən təşkil olunmuş, həmçinin Gənclər və İdman Nazirliyi tərəfindən dəstək göstərilmişdir.

 

2026-cı ilin mart–aprel aylarını əhatə edən layihə Gəncə, Qazax, Tovuz, Şəki və Oğuz bölgələrində reallaşdırılıb. Seçim mərhələlərində ümumilikdə təxminən 1000 məktəbli iştirak edib və fiziki hazırlıq səviyyələrini nümayiş etdiriblər

 

Seçim mərhələləri zamanı iştirakçılar yerindən uzunluğa tullanma, 1 kq-lıq tibbi topun atılması və 30 metr məsafəyə qaçış üzrə bacarıqlarını nümayiş etdiriblər. Bu tapşırıqların vasitəsilə məktəblilərin sürət, güc və koordinasiya qabiliyyətləri qiymətləndirilib.

 

Seçim mərhələlərinin nəticələrinə əsasən, hər bir region üzrə ən yüksək nəticə göstərən ilk üç iştirakçı medal, diplom və müxtəlif hədiyyələrlə təltif edilmiş, digər iştirakçılara isə layihədə iştiraklarını təsdiq edən sertifikatlar təqdim olunmuşdur.

 

Layihənin əsas məqsədi erkən yaş dövründən etibarən uşaqlarda atletika idman növünə marağın gücləndirilməsi, perspektivli və istedadlı fərdlərin müəyyənləşdirilməsi, eləcə də onların gələcəkdə peşəkar idman mühitinə inteqrasiyası üçün ilkin bazanın yaradılması olmuşdur. Bununla yanaşı, bu təşəbbüs sağlam həyat tərzinin təbliği və gənc nəslin fiziki inkişafının dəstəklənməsi baxımından da mühüm əhəmiyyət kəsb edir.