Xəbərlər

Atlanta-1996 Olimpiadasının 30 ili təntənəli şəkildə qeyd olunacaq

30 iyun 2026 - 13:39 62

“Biz istəyirik ki, "Olimpiya Günü"ndə bütün azərbaycanlı olimpiyaçıları yad edək və onların tarixdəki rolunu gənc nəslə çatdıraq”.

 

Bu fikirləri Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə bu gün "Olimpiya Günü"nə həsr olunmuş tədbir zamanı jurnalistlərə musahibəsində qeyd edib. 

 

O vurğulayıb ki, Beynəlxalq Olimpiya Komitəsinin qərarına əsasən 1948-ci ildən hər il iyun ayı ərzində, xüsusilə 23 iyun tarixində qeyd olunan "Olimpiya Günü" Azərbaycanda da uzun illərdir ənənəvi şəkildə keçirilir və bu tədbirlər çərçivəsində qaçış yarışları, müxtəlif idman növləri üzrə turnirlər və olimpiyaçılarla görüşlər təşkil olunur.

 

"Hər il olduğu kimi, bu il də “Olimpiya Günü”nü müxtəlif tədbirlərlə qeyd edirik. Budəfəki "Olimpiya Günü" tədbiri 1952-1992-ci illərdə Sovet İttifaqı tərkibində Olimpiya Oyunlarında çıxış etmiş azərbaycanlı idmançılara həsr olunub və məqsəd həmin dövrün idman irsini unutmamaqdır. Müstəqillik dövrünün olimpiyaçıları ictimaiyyətə yaxşı tanışdır, lakin Sovet dönəmində Olimpiya Oyunlarında iştirak etmiş idmançılarımızın bir qismi bu gün az xatırlanır, yeni nəsil isə onları demək olar ki, tanımır. Məhz buna görə bu tədbiri Olimpiya Oyunlarında iştirak edən azərbaycanlılara həsr etmişik, çünki SSRİ 1952-ci ildən Olimpiya Oyunlarında iştirak edib və elə ilk gündən yığma komandanın tərkibində idmançılarımız yer alıb. Sonrakı illərdə isə bir çox olimpiadalarda Olimpiya çempionları və mükafatçılarımız olub.”, - deyə Çingiz Hüseynzadə bildirib.

 

MOK-un vitse-prezidenti, eyni zamanda, qeyd edib ki, "Olimpiya Günü"nə həsr olunmuş silsilə tədbirlər bu ay yekunlaşsa da, il ərzində idman tədbirləri davam edəcək: “Bu il müstəqil Azərbaycanın Olimpiya Oyunlarında komanda şəklində ilk dəfə iştirak etdiyi Atlanta-1996 Olimpiadasının 30 ili tamam olur. İlk Olimpiya komandamızın üzvləri və onların uğurları haqqında məlumatları ictimaiyyətə çatdırmaqla, idman tariximizdə xüsusi yeri olan bu tarixi hadisəni təntənəli şəkildə qeyd edəcəyik”.

 

 

Milli Olimpiya Komitəsinin mətbuat xidməti