Xəbərlər

Zəfər Günləri – təqdimat mərasimi

08 may 2017 656

1 may 2017-ci il tarixində Milli Olimpiya Komitəsinin inzibati binasında 4-cü İslam Həmrəylik Oyunlarında Azərbaycanı təmsil edəcək Olimpiya Komandasının təşviq və təltifi üçün nəzərdə tutulmuş “Zəfər Günləri” kampaniyasının təqdimat mərasimi oldu.

Tədbiri giriş sözü ilə açan MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə “Zəfər Günləri”nin əhəmiyyəti və tarixçəsi haqqında ətraflı məlumat verdi. Daha sonra “Zəfər Günləri-2015” kampaniyası haqqında hazırlanmış video çarx nümayiş etdirildi.

Sonra MOK-un marketinq idarəsinin rəisi Mehman Kərimov İslam Həmrəylik Oyunlarına həsr edilmiş “Zəfər Günləri” kampaniyası haqda təqdimat etdi. Kərimovun sözlərinə görə silsilə xarakterli bu tədbir Oyunlarda uğur qazanmış idmançıları, onların ailə üzvləri və dostlarını, həmçinin idman ictimaiyyəti və KİV nümayəndələrini bir araya gətirərək onlar arasında canlı ünsiyyət yaratmağa xidmət edir. Ənənəvi olaraq hər gün qalib gəlmiş idmançılar MOK-a gələrək xüsusi hədiyyələr ilə təltif olunur, canlı tok şouda içtirak edir, fanatları ilə ünsiyyətdə olurlar.

Yarışların cədvəlindən asılı olaraq kampaniyanın ilk gününün 14 may tarixinə təsadüf etməsi elan edildi. Azərbaycan Olimpiya Komandasının Məğrur Tərərəfdaşları olan AzerSun, BP, GoSport, Lider TV və P&G şirkətləri kampaniyanın əsas sponsoru qismində çıxış etdiyi qeyd olundu. Lider Televiziya və Radio şirkəti kampaniyanın ekslusiv TV tərəfdaşı kimi Avropa Oyunlarında olduğu kimi bu dəfə də “Zəfər Günləri”ni canlı olaraq yayımlanmasını həyata keçirəcəkdir. Əvvəlki versiyadan fərqli olaraq bu dəfəki kampaniyada MOK-un Rio 2016 Yay Olimpiya Oyunlarında böyük uğurla tətbiq etdiyi sosial mediadan da geniş istifadə edilməsi planlaşdırılır.

Təqdimat media nümayəndələri sual-cavab sessiyası ilə başa çatdı.