Gözlənilməz görüş
26 fevral 2026 - 12:17 38
Dünənlər yaşanmışlardı, sabahlar – yaşanılacaqlar. Dünənlər həm tarixdi, həm də ruhunda xalqa, dövlətə, dövlətçiliyə sədaqət mehri varsa, işığı milli-mənəvi dəyərlərimizin işığında yaşanılacaq sabahlara da düşür. Bu səmavi işıq ədəbiyyat kimi, incəsənət, mədəniyyət kimi idmanın da fəlsəfəsini müəyyənləşdirir. Bu gözəl fəlsəfənin yaşarılığı kimi tarixləşən gözlənilməz bir görüş illərdi düşüncələrimin ruh ortağıdı...
İdman gücdü, idman iradədi, dözümdü, inamdı, ... , milli-mənəvi dəyərlərimizə sədaqətdi. Cavanlıqda güc, iradə, dözüm, inam, ... milli-mənəvi dəyərlər əsasında formalaşan münasibətlər əsgəri münasibət kimi yaşadılır – qətiyyətli, dönməz...
Samir Texniki Universitetin, Vasif İqtisad Universitetinin tələbəsi idi. İkisinin də marağı həvəs olmuşdu, həvəsi – niyyət, niyyəti – məşqlər; boksu sevmişdilər. Ötən il Samir 63 kiloqram çəki dərəcəsində, Vasif 57 kiloqram çəki dərəcəsində Azərbaycan birinciliyinin qalibi olmuşdu. Salamları ordan başlamışdı. Hərdən vədələşib görüşürdülər. Görüşlər, görüşlərdə söhbətlər ürəklərini doğmalaşdırırmış.
Rəssamlıqla da məşğul olurmuşlar – söz sözü çəkəndə bilmişdilər. İkisinin də barmaqları kətan üzərində rənglərin möcüzəsini yaradırdı – vatmandan kətana köçürülən kiçik möcüzələr iki gənc idmançı-rəssamın sənətkarlıq imzası ilə tarixə köçürdü....
2019-ci ilin iyun ayı idi. Minskdə İkinci Avropa Oyunları keçirilirdi. Yığma komandamızın tərkibində Samir də vardı, Vasif də...
Yarımfinaldaydılar. Məşqçi Şamil müəllim ötən illərin idmançılarının qələbələrindən danışırdı. Sözarası bildirmişdi ki, əslən Xocalıdan olan Tahir sonuncu SSRİ çempionatında 57 kiloqram çəki dərəcəsində gümüş medal qazanmışdı. Tahir haqqında danışanda Xocalı faciəsini də xatırlatmışdı:
Ermənistan ordusunun hissələri 366-cı alayın iştirakı ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda faciə törətdi. Kənd odlara qalandı. Qaçanları Əsgəran, Naxçıvanik, Pircamal kəndlərinin yaxınlığında, Qarqar çayının sahillərində, Çətik dağının ətəklərində, ... qətlə yetirdi. Neçə cavan qız ermənilərin nəfəsi yaxınlaşanda özünə qəsd elədi, dəstədən geridə qalmış neçə ata ermənilər yaxınlaşanda xəncərlə əvvəl cavan qızını, sonra özünü öldürdü. Xocalını müdafiə etmək mümkün olmadı. Döyüşdə ordu sıralarına könüllü getmiş Tahir də şəhid oldu...
Bu faciə Samirin də varlığını tirtətmişdi, Vasifin də. Heç biri dillənmirdi. Gecənin saçları dolaşıqmı düşmüşdü, Ayın üzünü buludlarmı örtmüşdü, könül küsdürən gecəydi. Samir qəhərlə, “Ay qağa, sən udmalısan, sənin şəki dərəcəndə müdal qazanmış idmanıçıının. Döyüşdə şəhid olmuş idmançının ruhu ruhu alğışçın olsun...”, – demişdi. Vasif pəncərədən buludu sıxlaşan göy üzünə boylanmışdı. Yeniyetmələrin beynəlxalq turnirində erməni rəqibini nakaut etdiyi görüşü də xatırlamışdı, yarışdan qayıtdıqdan sonra məktəbdə müəlliminin onun əlini sıxanda kirpiklərinin nəmləndiyi anları da. Bilirdi ki, müəlliminin oğlu Kərkicahanda şəhid olub...
Minskdən ikisi də Azərbaycana medalla qayıtmışdı...
Xocalı faciəsini kətana köçürməyi qərara almışdılar.
“Öldürülmüş uşağı ağlaya-ağlaya qucağında aparan kişini də çəkərik...”, – Vasif belə demişdi.
“Fəryad edən ananı da, qar üstə qalmış yaşlı kişini də...”, – Samir belə demişdi...
...Dərslər, imtahanlar, sonra hərbi xidmət – ayrı düşdülər...
Samir Beyləqanda xidmət edirdi, Vasif Bərdədə...
İkinci Qarabağ müharibəsi başladı...
Samirin də, Vasifin də xidmət etdiyi hərbi hissə döyüşlərdəydi...
Vətən müharibəsi qələbəylə başa çatdı...
...Vasif beynəlxalq əlaqələrə malik olan bir şirkətin baş mühasibi idi.
2025-ci ilin oktyabr ayında şirkətə proqramçı vəzifəsinə qəbul üçün elan vermişdilər. 5 nəfər CV göndərmişdi. Vasif CV-lərlə tanış olanda diqqətini Aydın-zadə soyadı çəkmişdi. 7 ilin o üzündə qalan xatirələr düşüncələrini silkələmişdi. CV-yə bir də baxmışdı: Mahir Samir oğlu Aydın-zadə. Gözlərini bir müddət məşq yoldaşı olmuş idmançı-rəssam dostunun soyadından çəkə bilməmişdi. Bu yeddi ildə onu gümanlar dəfələrlə çıxılmazlıqlara salmışdı, düşüncələrində nəhayətsizliyə uzanan şırımlar açmışdı. Alnını ovuşdurmuşdu. Köməkçisini çağırmışdı:
– Aydın-zadə Mahir sabah yanıma gəlsin.
Səhərin açılmasını Mahir də həsrətlə gözləmişdi, Vasif də, Mahir işə düzəlmə şansının narahatlığındaydı, Vasif 7 il əvvəlin xatirələrindən dikələn “Salam, ay qağa!” kəlmələrini yenə eşidə biləcəyinin həsrətində.
Səhər çox gec açılmışdı...
Vasif sənədləri nəzərdən keçirirdi. Anlaşılmazlıq görüncə qaşları çatıldı...
–Vasif müəllim, dediyiniz oğlan qəbul otağındadı.
–Çağır gəlsin...
Mahir salam verib dayandı. Baxışları sol divarda ramkaya alınmış şəkilin üzərində dayandı. Hara gəldiyini, nəyə gəldiyini unudubmuş kimi iki-üç addım da atıb dayandı. Vasifin onu səslədiyini də eşitmədi, yanaqlarında közə dönən göz yaşlarını görən Vasifin ona yaxınlaşdığını da duymadı. Şəkilə baxır, baxırdı. Arada qırıq-qırıq “A-ta!” deyirdi...
–Niyə qəhərləndin, oğul?, – Vasif maraqla soruşdu.
–Müəllim, bu şəkilin eynisi bizdədi, elə bil bir-birinin təkrarıdı, atam çəkib. Bizdəki şəkildə də ermənilərin öldürdüyü qızcığaz qucağında göz yaşları üzünü yandıran kişi qar qalağını çığnaya-çığnaya adamların sırasına irəliləyir...
Vasif heç nə demədi, Mahirin çiyinlərindən tutdu, gözlərinə baxdı, köksünə sıxdı.
Mahirin kürəyinə göz yaşları düşdü.
–O şəkili sənin atan sonuncu kursda oxuyanda çəkib, oğlum. Belə bir şəkil çəkməyi qərara almışdıq. Çəkmişdik. Bir-birimizdən xəbərsiz.
Vasif ehtiyatla, gümanların sazağından sıyrılıb soruşdu:
–Samir harda işləyir, oğlum?
–Atam...Atam müharibədə şəhid oldu, müəllim...
Vasif için-için ağlayırdı...
Rəşid FAXRALI,
Əməkdar jurnalist
Bənzər xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyeva Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocalı soyqırımının 34-cü ildönümü ... Ətraflı
Azərbaycanı Avropa Kubokunda 6 cüdoçu təmsil edəcək
Fevralın 28-dən martın 1-dək İspaniyanın Mostoles şəhərində gənc cüdoçular arasında ... Ətraflı