Xəbərlər

Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarındakı Azərbaycan komandasının son nümayəndə heyəti Vətənə qayıdıb

15 noyabr 2026 - 03:38 14

Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının gümüş medalçıları taekvondoçumuz Adil Kazımlı (-73 kq), boksçumuz Gülər Hüseynova (51 kq), MOK-un xarici əlaqələr idarəsinin müdiri, Azərbaycan komandasının şef-de-missionu Anar Bağırov, məşqçilər, Olimpiya komandasının həkimi Ruslan Şərifov və Oyunlarda iştirak etmiş idmançılar Vətənə qayıdıblar.
 

Heydər Əliyev Beynəlxalq Hava Limanında təşkil olunan qarşılanma mərasimində Milli Olimpiya Komitəsinin, Azərbaycan Taekvondo və Boks Federasiyalarının əməkdaşları, məşqçilər, media və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

 

Xatırladaq ki, Dakar-2026-da 8 idman növü üzrə 13 idmançı ilə təmsil olunan Azərbaycan komandası Oyunları 3 qızıl və 3 gümüş medalla başa vurub. Qızıl medalları komandamıza cüdoçu İbrahim Talıbov (-55 kq), eləcə də çimərlik güləşçiləri Tunar Quliyev (70 kq) və Elgün Kərimli (90 kq) qazanıblar. Digər çimərlik güləşçimiz Nihad Süleymanlı (80 kq), taekvondoçumuz Adil Kazımlı (-73 kq) və boksçumuz Gülər Hüseynova (51 kq) isə Oyunları gümüş medalla başa vurublar. Komandamız bu nəticə ilə ümumi medal sıralamasında 13-cü yeri tutub. Çin Xalq Respublikasının yığması 18 qızıl, 8 gümüş və 7 bürünc medalla birinci olub. Yaponiya komandası 11 qızıl, 8 gümüş və 9 bürünc medalla ikinci, Rusiya yığması isə 8 qızıl, 4 gümüş və 2 bürünc medalla üçüncü yeri tutub. 
 
 

Milli Olimpiya Komitəsinin mətbuat xidməti