Xəbərlər

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan “Baku Open 2023” Beynəlxalq Şahmat Festivalının açılış mərasimi keçirilib

05 may 2023 352

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışın açılış mərasimində "Heydər Əliyev və Azərbaycan şahmatı" adlı video nümayiş olunub. Ardınca Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov çıxış edərək ölkə şahmatının inkişafının əsasının Heydər Əliyev tərəfindən qoyulduğunu bildirib. M.Məmmədov şahmata olan diqqət və qayğının bu gün Azərbaycan prezidenti İlham Əliyev tərəfindən davam etdirildiyini söyləyib.

FIDE prezidenti Arkadi Dvorkoviç şahmat yarışlarının yüksək səviyyədə təşkilatçılığı eləcə də bu idman növünün inkişafı naminə görülən işlərə görə Azərbaycan prezidenti İlham Əliyevə minnətdarlıq edib.

Gənclər və İdman Naziri Fərid Qayıbov may ayında Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan  bir sıra idman tədbirlərinin keçirələcəyini vurğulayıb. Sonda nazir yarış iştirakçılarına uğurlar arzulayıb. 
Dövlət himni səsləndirildikdən sonra rəsmi hissə başa çatıb.

FIDE prezidenti Arkadi Dvorkoviç şahmat tacı uğrunda rusiyalı Yan Nepomnyaşi və çinli Din Liren arasında keçirilən çempionluq görüşünün 13-cü partiyasının keçirildiyi şahmat lövhəsini Azərbaycan Şahmat Federasiyasına hədiyyə edib.

Bakıya səfər zamanı şahmat lövhəsini özü ilə gətirən A.Dvorkoviç hədiyyəni AŞF rəhbəri M.Məmmədova təqdim edib. 

AŞF-nin prezidenti Mahir Məmmədov dəyərli hədiyyəyə görə, FIDE rəhbərinə təşəkkürünü bildirib.

Qeyd edək ki, Astanada keçirilən şahmat tacı uğrunda görüşdə qələbə qazanan Din Liren dünya çempionu olub.

Açılış şahmata həsr olunan rəqs kompozisiyası ilə yekunlaşıb.