Xəbərlər

Tokio Olimpiadasında ilklərimiz

21 iyul 2021 739

Tokio-2020 Yay Olimpiya Oyunlarında Milli Olimpiya Komandamızla bağlı ilkləri və maraqlı faktları təqdim edirik.

 

Olimpiada tariximizdə ilk dəfə Azərbaycanı Olimpiya Oyunlarda 9 cüdoçu təmsil edəcək. Kişilərdən ibarət milli komandamız Tokioya tam heyətlə - 7 cüdoçu ilə yollanacaq. Bu da kişilərdən ibarət milli komandamız üçün ilkdir.

 

Cüdoçularımızdan Kəramət Hüseynov (60 kq), Orxan Səfərov (66 kq), Rüstəm Orucov (73 kq), Murad Fətiyev (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Zelim Kotsoyev (100 kq) və Uşanqi Kokauri (+100 kq) lisenziyalara sahib çıxıblar. Qadınlardan ibarət millimizin heyətində isə Aişə Qurbanlı (-48 kq) və İrina Kindzerska (+78 kq) Tokio-2020-də iştirak edəcək.

 

Azərbaycan tarixdə ilk dəfə Yay Olimpiya Oyunlarında badmintonda təmsil olunacaq. Milli komandamızın lideri Edi Reski Dviçayo lisenziya uğrunda gərgin mübarizədə kişi badmintonçuların şəxsi yarışında bu yay Yaponiyanın paytaxtı Tokioda keçiriləcək 4 illiyin zirvə yarışında ölkəmizi təmsil etmək şərəfinə layiq görülüb. Olimpiya Təsnifat Reytinqində 31-ci olan Edi olimpiadaya lisenziyanı təmin edib.

 

Olimpiya Oyunlarının proqramına ilk dəfə daxil edilən karate idman növü üzrə isə Tokio-2020-də 3 karateçimiz iştirak edəcək. Bunlar kumite yarışlarında mübarizə aparacaq Firdovsi Fərzəliyev (-67 kq), Rafael Ağayev (-75 kq) və İrina Zaretskadır (+61 kq).

 

Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarında ölkəmizi 7 hakim də təmsil edəcək: Kvanq Çeol On (taekvondo), Asif Şirəliyev (güləş), Vahid Nəzərov (ağırlıqqaldırma), Cahangir Babayev (karate), Rza Əliyev (kişi idman gimnastikası), Anar Babanlı (boks), Fikrət Vəliyevin (qılıncoynatma).

 

Fəridə Əzizova ən azı üç Olimpiadada iştirak edəcək 12-ci Azərbaycan idmançısıdır. Ən çox Olimpiya Oyunlarında iştirak edən azərbaycanlı idmançıların siyahısına düşən yeganə taekvondoçu kimi öz idman növündə tək olan atletimiz həm də yaşına görə rekord vurub. O, 26 yaşında özünün 3-cü Olimpiadasına qatılacaq. Bu, Azərbaycan idmançıları arasında mütləq rekorddur. Tokio-2020-də əsas medal ümidlərimizdən olan Mariya Stadnik isə dördüncü Olimpiadasına yollanacaq. Qadın güləşçimiz bununla da güllə atıcısı İradə Aşumovanın rekordunu təkrarlayıb.