Xəbərlər

“Qarabağ"ın çıxışını daha çox qeyd etmək lazımdır" - MOK-un vitse-prezidenti

02 fevral 2022 625

 "İlk növbədə, konfransın bu formatda keçirilməsi münasibətilə sizi təbrik edirəm.Pandemiya dövründə belə bir iclasın təşkili böyük işdir". Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə AFFA-nın  30-cu Konfransında deyib. O, Azərbaycan idmanında yeni mərhələnin başladığını bildirib: "Pandemiya dövründə bir çox işlərin istədiyimiz kimi getmədiyinin şahidi olduq. Ən çox zərər çəkən isə idman oldu. Çünki zallar bağlı olduqda idmançı idmanla məşğul ola bilmir. Hər bir federasiyanın fəaliyyətində iki əsas məqam vacibdir: Təşkilati uğurlar və idman nəticələri. Bu baxımdan, ötən il AFFA-nın nailiyətləri çox yaxşı olub. AFFA yenidən təşkilatçılıq bacarığını göstərib.  Eyni zamanda, "Qarabağ"ın çıxışını daha çox qeyd etmək lazımdır. Bu klub ilk dəfə UEFA Konfrans Liqasında pley-off mərhələsinə çıxıb. Komandanın nəticələrini və AFFA-nı alqışlayırıq". Ç.Hüseynzadə Azərbaycan millisinin 2017-ci ildə Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarındakı qələbəsini yüksək qiymətləndirərək, bu il Türkiyənin Konya şəhərində təşkil olunacaq V İslamiadada da futbol yığmasının iştirak edəcəyinə ümidvar olduğunu vurğulayıb."Futbolla hər bir vətəndaş məşğul olur. Kişilər və ya oğlanlar heç olmasa, ömürlərində bir dəfə futbol topuna zərbə vurur" deyən MOK rəsmisi futbol ictimaiyyəti gələcəkdə Azərbaycan futbolunun böyük uğurlarına şahid olacağına inam ifadə edib. AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov isə Azərbaycan futolunun indiyədək ilk qızıl medalı məhz Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında qazandığını xatırladıb.