Xəbərlər

Pirallahı adasında “IronWind Duatlon” yarışın qalibləri müəyyənləşib

25 aprel 2022 292

 Aprelin 24-də Pirallahı adasında “IronWind Duatlon” turniri təşkil olunub.
Yarış Gənclər və İdman Nazirliyi və Azərbaycan Triatlon Federasiyasının dəstəyi ilə “Triterra Baku Triathlon Club” tərəfindən keçirilib. Yarışda 44 iştirakçı mübarizə aparıb.

Son zamanlar Pirallahı adası triatlonçuların sevimli məkanlarından birinə çevrilib. Payızda burada IronWinD turniri keçirilib və indi iştirakçılar duatlonda ən güclüləri müəyyənləşdiriblər.

Duatlonun özü üç mərhələdən ibarət idi. İdmançılar əvvəlcə 5 km qaçmalı, daha sonra velosipedlə 20 kilometr məsafə qət etməli, finiş xəttinə isə 2,5 km qaçmalı oldular.

Yarış idman ictimaiyyətinin marağına səbəb olub. Turniri izləmək üçün gənclər və idman naziri Fərid Qayıbov gəlib. Fəxri qonaqlardan biri də Milli Məclisin deputatı Rauf Əliyev olub.
Yarış iştirakçıları arasında Triatlon Federasiyasının prezidenti Elçin Əliyev idi. Beynəlxalq mövsümə hazırlaşan Azərbaycan milli komandasının lideri Rostislav Pevtsov da Pirallahıya gəlib.
Kişilər arasında Dinçar Yılmaz qalib gəlib. Teymur Fərəcov yarışı ikinci, Renat Baxışov isə üçüncü pillədə başa vurublar.
Qadınların mübarizəsində isə ilk üç yeri müvafiq olaraq, Rəbiyyə Orucova, Marina Belan və Ayan Nəcəf tutublar.
Müxtəlif nominasiyalar və yaş kateqoriyaları üzrə qaliblər də müəyyən edilib. Turnir həm fərdi həm də estafet formatında baş tutub.