Xəbərlər

OCEP -in Yeni mövsümünün açılışı baş tutdu

18 oktyabr 2022 665

Olimpiya Mədəniyyəti və Təhsil Proqramı Beynəlxalq Olimpiya Komitəsi və Avropa Olimpiya Komitəsinin dəstəyi ilə Bakı 2019 Avropa Gənclərinin Olimpiya Festivalı (AGOF) çərçivəsində həyata keçirilən ilk və unikal proqramdır. Bu proqram çərçivəsində həyata keçiriləcək layihələrin yeni  mövsümünün açılışı Yuri Kovalyov adına 229 saylı tam orta məktəbdə baş tutdu. 
Slovakiyanın Banska Bıstritsa şəhərindəki ZŠ Spojová 14 məktəbi ilə qardaşlaşmış 229 saylı tam orta məktəbin şagirdləri qonaqlara mahni, şeir, rəqs və maraqlı səhnələrlə zəngin tamaşa nümayiş etdirdilər. 
Bakı Şəhər Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva Avropa və Azərbaycan məktəbləri arasında qardaşlaşma və mədəniyyətlər arası mübadiləni təbliğ edən layihənin əhəmiyyətini vurğulayıb. Uşaqların  akademik biliklərlə yanaşı səriştə və  bacarıqlara yiyələnməsinə şərait yaratmağın vacibliyini də qeyd edib. Slovakiyanın Banska Bıstritsa bölgəsində keçirilən Avropa Yeniyetmələrinin XVI Yay Olimpiya Festivalının 5-ci günü OCEP pavilyonunda fəaliyyətə başlayan Azərbaycan guşəsinin təqdirəlayiq  fəaliyyətini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bu əhəmiyyətli tədbirdə iştirak edən  məktəblilər Olimpiya hərəkatını təbliğ edən yarışlar, viktorinalarla qonaqların diqqətini çəkib. Mehriban Vəliyeva bildirib ki, Azərbaycan məktəbliləri ölkəmiz haqda məlumat verib, mədəniyyətimizin və mətbəximizin təbliği ilə maraq cəlb edə biliblər. 
Elm və Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin  sektor müdiri Hilal Salmanov, Mədəniyyət, İdman və Təhsil təşəbbüsləri vasitəsilə məktəblilər arasında Olimpiya hərəkatı və dəyərləri (Hörmət, Dostluq və Mükəmməllik), həmçinin BMT-nin “Dayanıqlı İnkişaf Məqsədləri” təbliğ və təşviq edən layihənin iştirakçılarının  uğurlarından danışıb. O bildirib ki, OCEP məktəbliləri EYOF 2022 davam edən müddətdə Azərbaycanı təmsil etməklə yanaşı həm də digər ölkələrin sərgi stendlərində də iştirak ediblər. OCEP məktəblilər üçün qarşılıqlı bilgi və bacarıq mübadiləsi arenasına çevrilib. Bu arenanın sərhədlərinin genişlənməsi qaçılmazdır. 
MOK-un Marketinq şöbəsinin direktoru Səkinə Vəliyeva  ümumilikdə , OCEP layihəsinin ilk mövsümünə 100.000-dən çox şagird, 6000-dən çox müəllim cəlb edildiyini xatırladıb. OCEP təkcə layihə iştirakçılar arasında deyil həm də BOK və AOK tərəfindən böyük rəğbətlə qarşılanıb. Onun sözlərinə görə, OCEP-in ilk mövsümündən fərqli olaraq 2022-ci ildən icra ediləcək ikinci mövsümündə qardaşlaşmış məktəblər şəbəkəsinə təkcə Avropadan deyil dünyanın müxtəlif ölkə və şəhərlərindən də məktəblər qoşula biləcək. Pekin-2008 Yay Olimpiya Oyunlarının bürünc, London-2012 Yay Olimpiya Oyunlarının gümüş, Rio-de-Janeyro-2016 Yay Olimpiya Oyunlarının gümüş və Tokio-2021 Yay Olimpiya Oyunlarının bürünc  mükafatçısı Mariya Stadnik və Rio-de-Janeyro-2016 Yay Olimpiya Oyunlarının bürünc medalçısı Rəsul Çunayev də məktəblilər qarşısında çıxış edib, onlara idmanla məşğul olmağın şəxsiyyət kimi formalaşmağa təsirindən danışıblar. 
Qeyd edək ki, Olimpiya Mədəniyyəti və Təhsili Proqramı” (OCEP)  Bakı 2019 Avropa Gənclər Olimpiya Festivalı dövründə Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi və Avropa Olimpiya Komitəsinin, həmçinin Təhsil Nazirliyi və Festivalın Əməliyyat Komitəsi birgə təşkil edilib.  OCEP proqramının Avropa Gənclər Olimpiya Festivalının yay-qış buraxılışlarında, Olimpiya Oyunları və hətta istənilən böyük idman tədbirləri çərçivəsində də icra olunması mümkündür.