Xəbərlər

Naxçıvanda beynəlxalq lisenziyalı məşqçilik kursu keçirilir

27 iyun 2022 385

Milli Olimpiya Komitəsi (MOK), Azərbaycan Badminton Federasiyası (ABF) və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi fondu və Dünya Badminton Federasiyasının (DBF) dəstəyi ilə badminton məşqçiləri üçün “Level 1” məşqçilik kurslarına start verilib.

Bu gün Naxçıvan Muxtar Respublikasında İlham Əliyev adına Olimpiya İdman Kompleksində kursun açılış mərasimi təşkil olunub. Nazirliyin şöbə müdiri Taleh İbrahimov iştirakçıları salamlayaraq layihənin məqsədi  barədə danışıb, müvafiq təlimlər sayəsində güclü badminton məşqçilərinin formalaşacağına və bu sahənin gələcək inkişafına olan inamını ifadə edib.

MOK-un layihələr üzrə meneceri Ceyhun Rəhmanov, ABF-nin baş katibi Ramil Hacıyev Naxçıvanda ilk dəfə olaraq “Level 1” kurslarının keçirilməsi üçün yaradılan şəraitə görə minnətdarlıq edərək, məşqçilərin badminton biliklərinin təkmilləşdirilməsi və idmançıların gələcək hazırlığı baxımından layihənin böyük rola malik olduğunu vurğulayıblar.

Kursun moderatoru – DBF-nin eksperti, eyni zamanda Azərbaycan milli komandasının baş məşqçisi Murtuza Validarvi diqqətə çatdırıb ki, badmintonun məşqçilik təhsilindəki önəmli səviyyələrdən biri kimi “Level 1” dünyanın istənilən yerində badminton məşqçisi kimi fəaliyyət göstərməyə imkan verən tədris kursudur. Digər mərhələrdə artıq milli komanda məşqçisi, təlimçi və ekspert kimi formalaşmaq mümkündür.

Açılış mərasiminin ardınca kursa start verilib. İlk gün iştirakçılarla tanışlıq olub, onların badminton bilikləri və bu sahə ilə bağlı fikirləri yoxlanılıb, ilkin məlumatlandırıcı seminar keçirilib. İyulun 4-dək eyni məkanda hər gün nəzəri və texniki təlimlər keçiriləcək. Kurslara Naxçıxan Muxtar  Respublikasının  şəhər və rayonlarından olmaqla, məşqçilər, fiziki tərbiyə müəllimlərindən 22 nəfər qatılıb. Sonda imtahanlar keçiriləcək və buna əsasən də, uğur qazananlara məşqçilik sertifikatları təqdim olunacaq.

Qeyd edək ki, bu kurs MOK-un 30 illik yubleyi ərəfində tədbirlər planındakı ilk texniki kursdur.