Xəbərlər

MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə İranın idman və gənclər naziri Seyid Həmid Səccadinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

24 iyun 2022 782

İslam Əməkdaşlıq Təşkilatı Gənclər və İdman Nazirlərinin Daimi Şurasının Bakıda keçirilən 3-cü iclasında iştirak edən İranın idman və gənclər naziri  Seyid Həmid Səccadi səfər çərçivəsində MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə ilə görüş imkanı əldə etdiyinə görə məmnunluğunu ifadə etdi. Çingiz Hüseynzadəni İran İslam Respublikasına rəsmi səfərə dəvət edən nazir sərhədyanı bölgələrdə birgə idman yarışlarının təşkil olunmasının vacibliyini vurğuladı. İranın idman və gənclər naziri  Seyid Həmid Səccadi hər iki ölkəyə məxsus ənənəvi idman növlərinin xüsusilə zorxananın dünyada tanıdılması istiqamətində Azərbaycanın töhvə verə biləcəyinə inandığını da qeyd etdi. “Regiona aid idman növləri üzrə birgə yarışlar təşkil etmək, idmançıların təlim məşq toplantılarının keçirilməsi, xarici ölkəyə getmək istəyən idmançıların elə Azərbaycana üz tutması məsələlərində MOK-un dəstəyinə ehtiyac var” deyə nazir bildiri.  İranın idman və gənclər naziri  Seyid Həmid Səccadi və İran parlament nümayəndələrini salamlayan MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə  ölkələrin idman potensiallarından səmərərli istifadə edilməsi üçün əməkdaşlığın vacibliyini vurğuladı. Birgə təlim-məşqlər və yarışların təşkilinin mümkünlüyünü qeyd edən MOK rəsmisi sərhədyanı ərazilərdə reallaşdırılan idman yarışlarındakı işbirliyinin vacibliyinə də diqqət çəkdi.  O Azərbaycanın ev sahibliyi etdiyi IV İslam Həmrəyliyi Oyunlarında zorxana idman növünün proqrama salındığını xatırlatdı. İslam Həmrəyliyi idman Federasiyasının vitse-prezidenti olaraq buna nail olmaq üçün keçilən prosesə də toxundu. MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə bidlridi ki, əməkdaşlığın daha da genişləndirilməsi, birgə idman tədbirlərinin təşkili hər iki tərəf üçün faydalı ola bilər. Görüşdə MOK-un baş katibi Azər Əliyev, İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyed Abbas Musəvi də iştirak edirdi.