MOK-un kollektivi Zəfər Günü münasibətilə Zəfər Parkını ziyarət edib
08 noyabr 2026 - 18:02 42
8 Noyabr – Zəfər Günü münasibətilə Milli Olimpiya Komitəsinin kollektivi Zəfər Parkını ziyarət edib.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Zemfira Meftaxetdinova, MOK-un İcraiyyə Komitəsinin üzvləri, Olimpiya çempionları və MOK-un kollektivi Zəfər abidəsi önünə gül dəstələri düzərək, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin 2020-ci il dekabrın 3-də Azərbaycanda Zəfər Gününün təsis edilməsi ilə bağlı imzaladığı Sərəncama əsasən, xalqımızın qüdrətinin və milli qürurunun təntənəsinə çevrilən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycanda Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilir.
Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncama əsasən, paytaxtın 8 Noyabr prospektində inşa olunan Zəfər parkının girişində 44 günlük Vətən müharibəsinin rəmzi kimi hündürlüyü 44 metr, sütunlarının sayı 44 olan Zəfər tağı inşa edilib. Parka keçid hissədə 8 Noyabr - Zəfər Gününü əks etdirən memorial abidə ucaldılıb. Azərbaycan xalqının vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı şanlı qələbənin nümayişi məqsədilə parkda Zəfər muzeyi yaradılıb. Zəfər muzeyi, onu əhatə edən Zəfər parkı, parkın girişindəki Zəfər tağı Azərbaycan tarixinə həkk olunmuş 44 günlük Vətən müharibəsini, şanlı Qələbəmizi, qəhrəman şəhidlərimizin əziz xatirəsini yaşadır, buraya gələn hər bir ziyarətçinin yaddaşında qürurverici tarix yenidən canlanır.
Milli Olimpiya Komitəsinin mətbuat xidməti
Bənzər xəbərlər
Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 8 ... Ətraflı
Dakar-2026: Çimərlik güləşçilərimizdən uğurlu başlanğıc
Seneqalın paytaxtı Dakarda Yeniyetmələrin IV Yay Olimpiya Oyunları çərçivəsində keçirilən ... Ətraflı





