Xəbərlər

Milli Olimpiya Komitəsi ilə 3 tərəfdaş şirkət arasında Memorandumlar imzalandı.

28 fevral 2020 785

Bu gün Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) və tərəfdaşları arasında “Tokio-2020” Olimpiya və Paralimpiya Oyunları çərçivəsində əməkdaşlığa dair memorandumun imzalanma mərasimi keçirilib.

İmzalama mərasimində çıxış edən Azərbaycanın Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə ölkə idmançılarının XXXII Yay Olimpiya Oyunlarına və XVI Yay Paralimpiya Oyunlarına hazırlığından bəhs edib.

O, prezident İlham Əliyevin Oyunlarda iştirakın təmin edilməsi haqqında imzaladığı sərəncamın bir dəstək göstəricisi olduğunu vurğulayıb:

“İdman sahəsində Olimpiya Oyunlarından böyük oyun yoxdur. Bu baxımdan, Azərbaycanın Olimpiya oyunlarında iştirakı çox əhəmiyyətlidir. Bizim mqəsədimiz yalnız tədris mərkəzlərində deyil, idmançılarımızın həyatını təbliğ etməklə, əhalini sağlam həyat tərzinə dəvət etməkdir.

Onu da qeyd edim ki, Olimpiya hərəkatında on minlərlə könüllü iştirak edir. Onların bu fədakarlığı olmasaydı, biz Avropa və İslam Oyunlarını ölkəmizdə yüksək səviyyədə keçirə bilməzdik.

Azərbaycan Olimpiya hərakatının önündə gedən ölkələrdən biridir və beynəlxalq aləmdə idman ölkəsi kimi tanınır. Artıq ölkəmizdə hansısa beynəlxalq tədbirin keçirilməsi təəccüb doğurmur”.

Daha sonra çıxış edən “Azercell Telekom” MMC-nin prezidenti Vahid Mürsəliyev olimpiyaçıalrımızın böyük nailiyyətlər əldə edəcəyinə inandığını bildirib:

“Olimpiyaçılarımızın “Tokio-2020” Olimpiya və Paralimpiya Oyunları çərçivəsində iştirakı ölkə başçısı İlham Əliyevin idmançılarımıza göstərdiyi diqqət və qayğının göstəricisidir. “Azərcell” şirkəti olaraq, təkcə biznes deyil, sosial layihələrdə də xalqımızın yanında olmağa çalışırıq”.

“Toyota Qafqaz MMC”in direktoru Rəşad Saracov isə öz növbəsində təmsil etdiyi şirkətin Olimpiya komandasına qoşulmasından qürur duyduğunu vurğulayıb:

“Olimpiya dəyərləri “Toyota Qafqaz MMC”in prinsiplərinə çox bənzəyir. Daim inkişaf bizim əsas hədəfimizdir”.

İdmançılarımızın vətənə qalibiyyətlə geri dönəcəyinə inanan “GO Sport” brendinin rəsmi təmsilçisi – “Blue Planet Distribution MMC”nin direktoru Səbinə Qazı-zadə isə vətəndaşlarımızı sağlam həyat tərzinə meylli olmağa çağırıb.

Tədbirdə çıxışlar bitdikdən sonra əməkdaşlığa dair memorandumları Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə,, “Toyota Qafqaz MMC”in direktoru Rəşad Saracov və “GO Sport” brendinin rəsmi təmsilçisi – “Blue Planet Distribution MMC”nin direktoru Səbinə Qazı-zadə imzalayıblar.

İmzalama mərasimindən sonra Gənclər və İdman naziri Azad Rəhimov çıxış edərək, bu günün tarixi bir gün olduğunu vurğulayıb:

“Azərbaycanın idman sahəsində əldə etdiyi nailiyyətlər ölkənin biznes strukturları üçün maraqlıdır. Bununla yanaşı, xalqımız Olimpiya oyunlarına maraqla yanaşır. Olimpiya oyunlarında idmançılarımıza uğurlar arzulayıram və inanıram ki, öz qələbələri ilə idmansevərləri sevindirəcəklər”.

Tədbirdə dövlət və hökumət nümayəndələri, idman ictimaiyyətinin tanınmış simaları, tərəfdaşlar və media mənsubları iştirak edib.

Qeyd edək ki, imzalanan sənədlərə əsasən, hər üç tərəfdaş şirkət 2 il ərzində – 2021-ci ilin sonunadək Azərbaycan Milli Olimpiya Komitəsinin və Milli Olimpiya Komandasının məğrur tərəfdaşları kimi çıxış edəcəklər.

XXXII Tokio Yay Olimpiya Oyunları 24 iyul – 9 avqust 2020-ci il tarixində keçiriləcək.