Xəbərlər

İslamiadanın bürünc mükafatçısı: Belə bir mötəbər yarışda medal qazandığım üçün çox sevinirəm

16 avqust 2022 373

İslamiadada ilk dəfə iştirak edirdim və yarış çox maraqlı keçdi. Rəqiblərimin hamısı güclü idi. Belə bir mötəbər yarışda medal qazandığım üçün çox sevinirəm. 

Bu sözləri V İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanan Azərbaycanın para-stolüstü tennisçisi Dinarə Sunçeleyeva jurnalistlərə açıqlamasında bildirib. O qeyd edib ki, növbəti yarışlarda daha yüksək nəticə əldə etməyə çalışacaq. İdmançımız dəstəyə görə ilk növbədə məşqçisinə və komanda yoldaşlarına minnətdarlıq edib. 

Dinarə Sunçeleyevanın şəxsi məşqçisi Ruqiyyə Qubuşova yetirməsinin uğuruna çox sevindiyini vurğulayıb: “Dinarənin medal qazanması çox sevindirici haldır. Turnirdə rəqabət çox yüksək idi. Belə ki, Türkiyə və İran yığmaları güclü olsalar da, vəzifəmizin öhdəsindən layiqincə gəldik. Komandada ən kiçik idmançımız isə Dinarə idi. Cəmi 12 yaşı var”. 

Stolüstü Tennis Federasiyasının baş katibi Könül Mikayılova isə idmansevərlərə bu sevinci yaşatdığına görə Sunçeleyevaya təşəkkür edib.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları 2021-ci ildə keçirilməli olsa da, qlobal pandemiya səbəbindən yarış bir il təxirə salınıb. Oyunlarda 56 ölkədən 4 mindən çox atlet idmanın 24 növü üzrə 483 dəst medal uğrunda mübarizə aparır. İslamiada avqustun 18-dək davam edəcək.