Xəbərlər

Güləşçimiz gümüş medal və Rio Olimpiadasına vəsiqə qazanıb

27 aprel 2016 243

Monqolustanın paytaxtı Ulan-Bator şəhərində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə verən I Dünya təsnifat turniri başa çatıb.
57 kq çəki dərəcəsində mübarizə aparan Mircəlal Həsənzadə ilk görüşündə Guamdan Ethan Tomapanı 57 saniyə ərzində tam üstünlüklə məğlub edib. Ardınca Moldovadan Aleksandru Chirtoaca üzərində qələbə qazanan güləşçimiz yarımfinala yüksəlib. Hindistan təmsilçisi Sandip Tomarla gərgin keçən qarşılaşmada hesab bərabər olsa da, xalların keyfiyyətinə və son xalı qazandığına görə Mircəlal Həsənzadə finala yüksəlib və Rio Olimpiadasına vəsiqəni təmin edib. Bu, güləş yığmalarımızın qazandığı 13-cü, sərbəst güləşçilərimizin isə 6-cı Olimpiya vəsiqəsi olub. Beləliklə, sərbəst güləş yığmamız Olimpiadada tam heyətlə iştirak edəcək.

Final görüşündə güləşçimiz Rumıniyadan İvan Guideaya uduzub və I Dünya təsnifat turnirinin gümüş medalına yiyələnib.

57 kq
1/8 final – Mircəlal Həsənzadə – Ethan Tomapa (Guam) 10:0 (55 san.)
1/4 final – Mircəlal Həsənzadə – Aleksandru Chirtoaca (MDA) 10:0
1/2 final – Mircəlal Həsənzadə – Sandip Tomar (IND) 8*:8
FİNAL – İvan Guidea (ROM) – Mircəlal Həsənzadə 8:3

Məlumat üçün bildirək ki, güləş yığmalarımız buna qədər Rio-de Janeyro Olimpiya Oyunlarına 12 vəsiqə qazanıb. Bunlardan 5-i sərbəst, 4-ü yunan-Roma, 3-ü isə qadın güləşçilərin payına düşür.