Xəbərlər

Gəncə və Göy-göl şəhərləri “Olimpiya Hərəkatı – 2017” qoşulur

15 dekabr 2016 758

15 Dekabr 2016-cı il tarixində Gəncə şəhər Gənclər Mərkəzində Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi (MOK), Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyinin və Olimpiya Oyunlarının ümumdünya tərəfdaşı olan “Coca-Cola” şirkətinin birgə tərəfdaşlığı ilə həyata keçirilən “Olympic Moves – 2017” (“Olimpiya Hərəkatı – 2017”) məktəblilərin kütləvi idman proqramının II mövsümünün təqdimat mərasimi baş tutub. Təqdimat Gəncə və Göygöl şəhər məktəbləri, həmçinin proqramın digər tərəfdaşları üçün keçirilib.

“Olympic Moves – 2017” proqramının əsas məqsədi Olimpiya Oyunlarının atletika, velosiped idmanı, basketbol 3×3, badminton və voleybol 2×2 idman növləri vasitəsilə şagirdləri sağlam və aktiv həyat tərzinə cəlb etmək, həmçinin Olimpiya dəyərlərini təşviq etməkdən ibarətdir. 2015-ci ildə Bakı şəhərindən olan 52,000 şagirdin iştirakı ilə başlayan “Olympic Moves” proqramı budəfə Bakı şəhəri ilə yanaşı Sumqayıt, Göygöl və Gəncə məktəblərini də əhatə edəcək.

Təqdimat mərasimində iştirak edən Milli Olimpiya Komitəsinin nümayəndəsi Ruslan Məmmədov, Gənclər və İdman Nazirliyinin nümayəndəsi Ərşad Nəsibov, Təhsil Nazirliyini nümayəndəsi Arzu Qarayev Azərbaycanda keçirilən bu irimiqyaslı layihə haqqında ətraflı məlumat paylaşıblar. Daha sonra Gəncə şəhər və Göygöl rayon ümumtəhsil orta məktəblərinin direktor və fiziki tərbiyə müəllimlərinin oyunlarla bağlı sualları cavablandırılıb. Həmçinin, “Olympic Moves” proqramının birinci mövsümündə həyata keçirilən fəaliyyətlər haqqında video çarx nümayişi etdirilib.

Qeyd edək ki, Məktəblilərin “Olympic Moves” idman proqramının əsası 2003-cü ildə “Coca-Cola” və Beynəlxalq Olimpiya Komitəsi tərəfindən qoyulub. Proqram məktəblilərin daha fəal və sağlam həyat tərzinə cəlb olunmasına yardım edir. “Olympic Moves” proqramının Azərbaycanda icrasına 2015-ci ildə başlanılıb və bu proqram məktəblilərin idmana cəlb olunmasında əhəmiyyətli rol oynayır.

“Olympic Moves” proqramının 2016 – 2017-ci tədris ilini əhatə edən ikinci mövsümündə 4 şəhərdən 5 idman növü üzrə 100,000 nəfərdən artıq şagirdin iştirakı gözlənilir.

img_1035 img_1013