Xəbərlər

Cüdoçular dünya çempionatına birgə hazırlaşırlar

31 avqust 2022 697

Azərbaycanın kişilərdən və gənc oğlanlardan ibarət milli yığma üzvləri ilə yanaşı Belçika, İsrail, Niderland, Polşa, Özbəkistan, Səudiyyə Ərəbistan və Tacikistanın aparıcı cüdoçuları 25 avqustdan etibarən Göygöl Olimpiya İdman Kompleksində birgə məşq edirlər. Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə keçirilən beynəlxalq təlim-məşq toplanışında 120-dən artıq idmançı iştirak edir. 

Özbəkistan milli yığmasının baş məşqçisi, olimpiya və üçqat dünya çempionu İlias İliadis təlim-məşq toplanışının yüksək səviyyədə təşkilinə görə ACF-ə təşəkkürünü bildirib: “Azərbaycanın milli yığması dünyanın ən güclü yığmalarından biridir. Onlarla və digər ölkələrin idmançıları ilə birlikdə dünya çempionatına hazırlaşmağımız bizim idmançılar üçün çox faydalı olacaq. Komandamızı Azərbaycana dəvət etdiyi üçün ACF-ə dərin təşəkkürümü bildirirəm. Bizimlə öz təcrübələrini bölüşdüyü üçün millinizin məşqçilər korpusuna da minnətdaram.”.

Böyüklərdən ibarət Azərbaycan milli yığmasının baş məşqçisi Riçard Trautman bildirib ki, Göygöldə təşkil edilən təlim-məşq toplantısı Azərbaycan idmançılarının dünya çempionatına hazırlığı üçün əsas mərhələlərdən biridir: “Göygöl toplanışı bizim üçün dünya çempionatına hazırlıq baxımından çox böyük addımdır. Beynəlxalq təlim-məşq toplanışa bir çox ölkədən cüdoçular qatılıb. Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək mundial öncəsi güclü komandalarla işləmək bizim üçün vacibdir. Bu həm belə bir böyük yarışa hazırlıq, həm də formaya düşmək baxımından önəmlidir.”.


6 idmançı ilə qatılan Polşanın cüdo millisinin baş məşqçisi həmyerlimiz Rəşad Həsənov təlim-məşq toplanışının yüksək səviyyədə təşkilinə görə ACF-ə təşəkkürünü bildirib: “Bizim üçün də çox xoşdur ki, Azərbaycan – Polşa əlaqələrini bu toplanış sayəsində möhkəmləndiririk. Biz də dünya çempionatına hazırlaşırıq. Təlim-məşqdə taktiki və texniki hazırlıqlara üstünlük verilir və Polşa millisinin nəticələrində də irəliləyiş hiss olunur.”.


İsrailin cüdo millisinin baş məşqçisi, olimpiya, üçqat dünya və ikiqat Avropa çempionu Oren Smadja Azərbaycanda olduğu üçün məmnun olduğunu bildirib: “Biz artıq ikinci dəfədir ki, Göygöldə təlim-məşqdə iştirak edirik. Burada bizim üçün bütün şərait yaradılıb. Azərbaycan dünyanın ən güclü cüdo ölkələrindən biridir. Belə yüksək səviyyədə təlim-məşq toplanışının təşkil oluduğu üçün ACF-ə və millinizin məşqçilər korpusuna da minnətdaram. ”.


Təlim-məşq toplanışı Azərbaycanın kişilərdən ibarət milli yığması üçün 6-12 oktyabrda Özbəkistanın Daşkənd şəhərində keçiriləcək Dünya çempionatına hazırlıq məqsədi daşıyır. Eyni zamanda, gənc oğlanlardan ibarət milli yığma 15-18 sentyabrda Çexiyanın paytaxtı Praqa şəhərində keçiriləcək gənclər arasında Avropa Çempionatı üçün hazırlaşırlar.

Qeyd edək ki, təlim-məşq toplanışı sentyabrın 3-nə qədər davam edəcək.