Xəbərlər

Cüdo yığmasında struktur və kadr dəyişikliyi: iki peşəkar mütəxəssis cəlb edilib

28 fevral 2022 239

Azərbaycan Cüdo Federasiyası (ACF) milli yığma komandaların idarəçiliyində struktur və vəzifə dəyişikliyi edir. Yeni yaradılacaq performans direktoru və kişilərdən ibarət milli yığmanın baş məşqçisi vəzifələrinə iki xarici mütəxəssis cəlb olunub. Performans direktoru vəzifəsinə niderlandlı mütəxəssis Mark van der Ham, kişilərdən ibarət milli yığma komandanın baş məşqçisi vəzifəsinə isə almaniyalı mütəxəssis Riçard Trautman dəvət alıb. Hər iki mütəxəssis 1 mart 2022-ci ildən etibarən vəzifələrinin icrasına başlayacaqlar.

ACF-in İcraiyyə Komitəsinin 28 fevral 2022-ci ildə keçirilən iclasında hər iki mütəxəssis cüdo ailəsinə təqdim edilib. Federasiya prezidenti Rəşad Nəbiyev qeyd edib ki, ACF bu qərarı verərkən tanınmış cüdo ölkələrinin təcrübəsini öyrənib və onların uğurunun əsasında yüksək səviyyəli idmançıların hazırlığına sistemli elmi yanaşmanın və yeni istedadların kəşfi üçün cüdonun kütləviləşdirilməsinin dayandığını müəyyən edib. O, cəlb edilmiş yeni mütəxəssislərin peşəkarlıqlarını indiyə qədər məşqçilik fəaliyyəti zamanı əldə etdikləri nəticələrlə sübut etdiklərini vurğulayıb. Onların elit səviyyəli idmançıların hazırlığına olan sistemli və elmi yanaşması ilə ölkəmizin zəngin cüdo ənənələri və istedadlı idmançılarımızın uğurlu tandemi sayəsində Azərbaycan cüdosunun dünyada daha da yüksək səviyyəyə qalxacağına əminliyini ifadə edən Federasiya prezidenti əsas məqsədin 2024-cü ildə keçiriləcək Paris Olimpiya Oyunlarında uğur qazanmaq olduğunu bildirib.

Daha sonra Federasiyanın baş katibi Rəşad Rəsullu edilən dəyişikliklər və yeni əməkdaşların təcrübəsi və karyerası barədə iclas iştirakçılarına məlumat verib. Qeyd edilib ki, köklü şəkildə inkişafa nail olmaq üçün strukturdakı yenilik federasiyada beynəlxalq təcrübədəki performans direktor vəzifəsinin yaradılmasıdır. Bütün yaş qrupları üzrə milli yığmaların işinin təşkilinə nəzarət edəcək performans direktoru Mark van der Ham eyni zamanda, idmançıların çıxışlarında effektivliyin yüksəldilməsi üzrə məsul şəxs olacaq.  O cümlədən, milli yığma üzvlərinin performanslarının yüksəldilməsi üçün onların və rəqiblərinin çıxışlarının analitik təhlili, müasir idman tibbi və fiziki hazırlıq yanaşmaları tətbiq olunacaq. Bu zaman müvafiq proqram təminatı, elmi-metodiki yanaşmalardan və texniki cihaz və vasitələrdən istifadə ediləcəkdir.
Mark van der Ham məqşçilik fəaliyyətinə 2006-cı ildə Niderlandın iki ən böyük cüdo klubundan biri olan Rotterdam klubunda başlayıb. 2012-2016-cı illərdə Niderlandın cüdo üzrə milli yığmasında məşqçi və baş məşqçi vəzifələrində çalışıb. 2017-ci ildə Belçikada gənclərdən ibarət yığmanın baş məşqçisi kimi fəaliyyətə başlayıb, 2018-ci ildə böyüklərdən ibarət yığma komandanın, 2020-ci ildə bütün milli yığma komandaların baş məşqçisi təyin edilib. Fəaliyyəti dövründə hazırladığı idmançılar Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında dəfələrlə medallar qazanıb. 


Kişilərdən ibarət milli yığma komandanın yeni baş məşqçisi Riçard Trautman (ikiqat olimpiya mükafatçısıdır, 1992 Barselona və 1996 Atlanta Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb)  məşqçilik fəaliyyətinə 2001-ci ildə başlayıb. Elə həmin ildən də Almaniyanın cüdo üzrə milli yığmasına köməkçi məşqçi kimi çalışmağa dəvət alıb.      2005-2008-ci illərdə Almaniyanın yeniyetmələrdən ibarət komandasının, 2009-2016-cı illərdə gənclərdən ibarət yığmasının və 2016-2021-ci illərdə isə böyüklərdən ibarət yığmasının baş məşqçisi olub. Beləliklə, Riçard Trautman Almaniyanın cüdo üzrə milli yığmalarında bütün yaş qrupları üzrə çalışıb. Onun fəaliyyəti Almaniya yığmasına Olimpiya oyunlarında, müxtəlif yaş qrupları üzrə dünya və Avropa Çempionatlarında dəfələrlə medallar qazandırıb. Beynəlxalq turnirlərdə yüksək nəticələrə yönəlik məşq-hazırlıq proqramlarının hazırlanması və gələcək qarşılaşmalar üçün özəl taktikaların formalaşdırılması üzrə geniş təcrübəyə malikdir.

Qeyd edək ki, kişilərdən ibarət milli yığma komandanın hazırkı baş məşqçisi Mövlüd Mirəliyev 1 mart 2022-ci ildən etibarən böyük məşqçi qismində milli yığmada fəaliyyətini davam etdirəcək.