Xəbərlər

Çingiz Hüseynzadə: “Azərbaycanda idmanın inkişafında Milli Olimpiya Komitəsinin fəaliyyətinin böyük təsiri olub”

02 noyabr 2022 1239

“Şuşanın, Cıdır düzünün işğaldan azad edilməsi həm də idmanımızın qələbəsidir”

 

 

Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) bir neçə gündən sonra 30 illik yubileyini qeyd edəcək. Milli Olimpiya Komitəsi ötən müddət ərzində çətin və şərəfli bir yol keçib, yüksək uğur və nailiyyətlərə imza atıb. MOK idmanın ı və Olimpiya Hərəkatının, olimpizmin, Olimpiya ideallarının inkişafı və təbliği istiqamətində özünəməxsus dəsti-xətti ilə dünya idmanında yeni bir səhifə açmağı bacarıb. Azərbaycan Milli Olimpiya Komitəsi çoxşaxəli və səmərəli fəaliyyətini bu gün də uğurla davam etdirir.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə “Olimpiya dünyası” qəzetinə müsahibəsində MOK-un yaranması tarixindən, bu illər ərzində görülən işlərdən, əldə olunan nəticələrdən və bir çox maraqlı məqamlardan danışıb.

 

- Çingiz müəllim, Milli Olimpiya Komitəsi 30 illik yubileyinə hazırlaşır. MOK-un 30 illik fəaliyyətindən danışanda ən çox hansı məqamları qeyd edərdiniz?

 

- Milli Olimpiya Komitəsi bu 30 il ərzində böyük bir yol keçib. Bu zaman kəsiyində Azərbaycanda idmanın, Olimpiya Hərəkatının inkişafında Milli Olimpiya Komitəsinin fəaliyyətinin böyük təsiri olub. Azərbaycan Milli Olimpiya Komitəsi müstəqilliyin nəticəsi kimi yaranmışdı. İlk illər çox çətin və mürəkkəb idi. Ümumiyyətlə, həmin dövrdə respublikada vəziyyət elə də ürəkaçan deyildi. Həmin ərəfədə Ermənistanın Azərbaycana qarşı təcavüzü başlamışdı, ölkəmizdə hələ hakimiyyət, dövlət qurumları formalaşmamışdı. Buna görə də ilk dövrlər bir qədər çətin idi. Bu hal təkcə bizdə deyil, bütün postsovet ölkələrində də belə idi. Buna görə də Barselona-1992-də heç bir postsovet ölkəsi müstəqil dövlət kimi iştirak edə bilmədi. Azərbaycan da bu olimpiadada MDB-nin tərkibində iştirak edərək, medal qazandı. 1993-cü ildən başlayaraq Azərbaycanda idmana münasibət dəyişdi. Ümummilli lider Heydər Əliyev həmin il Azərbaycan idmançılarını bir yerə toplayaraq, onlarla görüşdü. Bu görüşdə ulu öndərimiz idmana olan qayğını öz üzərinə götürdü. Ondan sonra hər il ilin yekunlarına görə cənab Prezident idmançılarla görüşürdü. 1993-cü ildəki görüşdə iştirak etmək üçün idmançı tapa bilmirdik. İdmanda nəticələrimiz yox idi, ən güclü idman mütəxəssislərimizin əksəriyyəti isə xaricə getmişdi. İdmançılarımız  Atlanta Olimpiadasından qayıdanda Heydər Əliyev yenə də onlarla görüşərək nəticəni yüksək qiymətləndirdi. Lakin o, bildirdi ki, Azərbaycan Milli Olimpiya Komitəsinin fəaliyyətini gücləndirmək lazımdır. 1997-ci ildə Milli Olimpiya Komitəsinə yeni seçkilər keçirildi və cənab İlham Əliyev MOK-un yeni prezidenti seçildi. İlham Əliyev bütün bu məsuliyyəti öz üzərinə götürdü və o dövrdən Milli Olimpiya Komitəsinin fəaliyyətində böyük dəyişikliklər baş verdi.

 

- Böyük zəfərlərə aparan yolda əsas inkişaf meyarları nədən ibarət idi?

 

- Təbii ki, bunun üçün bir sıra məqsədlər qarşıya qoyuldu. İlk növbədə idmançıların sosial vəziyyətinin yaxşılaşdırılması bizim əsas məqsədlərimizdən idi. İdmançılar üçün şərait yaradılmalı idi ki, onlar məişət məsələləri haqda düşünməsin və yalnız idmanla məşğul olsunlar. 1998-ci ildən başlayaraq idmançılara təqaüdlər verməyə başladıq. Həmin vaxt dövlətin büdcəsi o qədər də zəngin deyildi. O dövrdə Milli Olimpiya Komitəsi bir çox məsələləri öz üzərinə götürdü.

İkinci məsələ Azərbaycanda idmanın infrastrukturunun gücləndirilməsi idi. Bunun üçün qərar qəbul olundu ki, ölkənin bütün regionlarında Olimpiya İdman kompleksləri və idman qurğuları yaradılsın. Üçüncü məsələ isə ondan ibarət idi ki, Azərbaycanı tərk etmiş bütün idmançıları və idman mütəxəssislərini yenidən ölkəyə gətirək. Onların yenidən ölkəyə gətirilməsi üçün isə məhz ilk iki məsələnin həlli lazım idi. Bunun nəticəsində bizim bir çox təcrübəli idmançılarımız və idman mütəxəssislərimiz geri qayıtdı. Bütün bunlar Azərbaycanda idmanın inkişafına stimul verdi. Eyni zamanda biz beynəlxalq əlaqələrimizi gücləndirməyə başladıq. Xüsusilə qeyd edərdim ki, 1997-2003-cü illər ərzində cənab İlham Əliyev özü şəxsən bütün tədbirlərdə iştirak edirdi. O, dünyanın idman qurumlarının rəhbərləri ilə görüşür, onlarla fikir mübadiləsi aparırdı.

1997-ci ildə B kateqoriyalı hər hansı bir turniri Bakıda keçirmək istəyəndə bu hüququ bizə vermirdilər ki, sizin şəraitiniz və təcrübəniz yoxdur. 10 il sonra isə mənzərə dəyişdi, Azərbaycanda dünya, Avropa çempionatları və ən yüksək səviyyəli turnirlər keçirildi. Bu gün ölkəmizdə I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Yeniyetmələrin Yay Olimpiya Festivalı kimi mötəbər idman tədbirləri uğurla təşkil olunub. Yəni 10-15 il ərzində Azərbaycan idman ölkəsinə çevrildi. İştirak etdiyimiz hər Olimpiya Oyunlarında nəticələrimiz daha da yaxşılaşdı. Əgər Atlanta Olimpiadasında bizim bir gümüş medalımız var idisə, Rio-2016-da atletlərimiz 18 medal qazandılar. Azərbaycanın Rio Olimpiadasında 51 idmançı ilə təmsil olunaraq, 18 medal qazanması həm də rekord bir nəticə idi. Çünki hər üç idmançıdan biri medal qazanmışdı. Bunlar Azərbaycan Milli Olimpiya Komitəsinin fəaliyyətini və Azərbaycanda idmanın inkişafını göstərən məqamlardır. 

 

- Belə demək olar ki, 30 il ərzində idman tədbirlərinin keçirilməsində Azərbaycan dünyanın ən etibarlı ölkələrindən birinə çevrildi.

 

- Azərbaycanda bu 30 il ərzində Olimpiya Hərəkatı, olimpizm çox inkişaf etdi. 30 il bundan əvvəl Olimpiya Hərəkatı, olimpizm, Olimpiya idealları haqqında heç kimin heç bir təsəvvürü yox idi. Olimpiya Hərəkatı ölkəmizdə artıq formalaşmış bir hərəkata çevrilib. Yəni inkişaf yolu çoxmərhələli və uğurludur. Azərbaycan bu gün tanınmış bir idman ölkəsidir. Ölkəmiz təkcə idman yarışlarını keçirməklə fərqlənməyib. Azərbaycanda eyni zamanda, Avropa Olimpiya Komitəsinin Baş Assambleyası, İslam Həmrəylik İdman Federasiyasının, AİPS-in, WADA-nın, Ədalətli Oyunlar Hərəkatının ən böyük yığıncaqları keçirilib. Bunlar idmanın inkişafında böyük əhəmiyyəti olan tədbirlərdir. Biz bu gün görürük ki, hər hansı bir beynəlxalq federasiyanın yarış keçirməklə bağlı problemi olanda Azərbaycana müraciət edir. Onlar bildirirlər az bir vaxtda bu işləri bizdən başqa heç bir ölkə yüksək səviyyədə təşkil edə bilməz.

 

- Milli Olimpiya Komitəsi yeni formalaşdığı bir vaxtda hər hansı bir ölkənin modelindən qismən də olsa yararlandımı?

 

- Konkret olaraq hər hansı bir ölkənin modelindən yararlanmadıq. Biz əsas etibarı ilə Avropa Olimpiya Komitələrinin iş təcrübəsini öyrəndik. Yəni ayrıca bir ölkənin yox, bir qitənin iş təcrübəsindən yararlandıq. Eyni zamanda Beynəlxalq Olimpiya Komitəsi və Milli Olimpiya Komitələri Assosiasiyası (ANOC) ilə sıx iş birliyi qurduq. Məhz bu qurumların keçirdiyi bütün tədbirlərdə cənab Prezident İlham  Əliyev özü şəxsən iştirak edirdi. Bundan başqa o dövrdən bu günə qədər hər hansı bir ölkənin Olimpiya komitələrinin prezidentləri və ya federasiyaların prezidentləri ölkəmizə gələndə Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev onları qəbul edir, onlarla söhbət edir, fikir mübadiləsi aparır. Bütün bunları nəzərə alaraq, biz öz fəaliyyətimizi qurduq.

 

- Milli Olimpiya Komitəsinin növbəti yubileyinə qədər Azərbaycanın daha bir mötəbər idman tədbirinə ev sahibliyi etməsi ehtimalı varmı?

 

- Azərbaycan idman yarışları baxımından Olimpiya Oyunları istisna olmaqla, bütün mümkün tədbirləri həyata keçirib. Böyük əhəmiyyətli idman tədbirlərindən yalnız Olimpiya Oyunlarına ev sahibliyi etməmişik.  Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün iki dəfə namizədliyimizi irəli sürmüşdük. Amma düzünü demək lazımdır, bizim o zaman bu yarışa ev sahibliyi etmək imkanımız yox idi. Bu gün də Olimpiya Oyunlarını keçirmək çox çətin məsələdir. Beynəlxalq Olimpiya Komitəsinin xartiyasına görə Olimpiya Oyunları yalnız bir şəhərdə keçirilməli və o ölkənin adı ilə deyil, şəhərin adı ilə bağlı olmalıdır. Amma indi daha asan yollar var. Artıq olimpiadanın bir ölkə daxilində müxtəlif şəhərlərdə keçirilməsinə imkanlar yaranıb. Son Olimpiya Oyunlarında belə hallara rast gəlmək olur. Beynəlxalq Olimpiya Komitəsi 2-3 ölkənin birləşərək olimpiadaya ev sahibliyi etməsini təmin edə bilər. Biz də Türkiyə ilə birlikdə və ya başqa bir şəkildə Olimpiya Oyunlarına ev sahibliyi edə bilərik. Amma bu növbəti yubileyə qədər baş verməyəcək. Çünki artıq Olimpiya Oyunları 2036-cı ilə qədər ölkələr arasında bölüşdürülüb.

 

- Bu yaxınlarda Olimpiya Komitələri Assosiasiyasının Seulda keçirilən 26-cı Baş Assambleyasında iştirak etdiniz. Həmin tədbirdə bu quruma yeni rəhbər seçildi. İstərdik ki, bir qədər də yeni prezidentin Azərbaycanla bundan sonrakı əlaqələri barədə danışasınız. 

- Bəli bu tədbirdə Fici dövlətinin nümayəndəsi Robin Mitçell quruma yeni rəhbər seçildi. Bu qurum bütün Olimpiya komitələri ilə işləyir. Bu qurumda həmişə müxtəlif məsələlər müzakirə olunur. Yəni hər hansı bir ölkənin Olimpiya Komitəsinin Beynəlxalq Olimpiya Komitəsinə çatdıra bilmədiyi məsələ ANOC vasitəsi ilə çatdırılır. Bu dəfə də böyük məsələlər müzakirə edildi. Bunlar əsasən, Afrika dövlətləri və maddi rifahı zəif olan dövlətlərin qaldırdıqları məsələlər idi. Bu məsələlər ANOC-un maliyyə bölüşdürülməsinə aid idi ki, güclü ölkələrə maliyyə yardımı azaldılsın və bu dəstək əsasən yoxsul ölkələrə verilsin. Bizim buna ehtiyacımız olmadığı üçün bu məsələlərə qarışmırıq. Azərbaycan təkcə ANOC-dan deyil, heç bir qurumdan dəstək gözləmir. Seuldakı tədbirdə ANOC-un himayəsi altında keçirilən çimərlik oyunlarının təqdimatı oldu. Bu Oyunlara hansı idman növlərinin daxil edildiyi təsdiqləndi. Çimərlik oyunları Bali adasında olacaq. ANOC-un növbəti iclası da Balidə çimərlik oyunlarından sonra orada keçiriləcək. Bu iclasda eyni zamanda hesabatlar təqdim olundu. Yəni bu iclas əsasən Milli Olimpiya komitələrinin bir-biri ilə əlaqələrinin yaranması üçündür. Burada əsas tribunalarda səslənən çıxışlar deyil, dəhlizlərdə, foyelərdə Olimpiya komitələrinin nümayəndələrinin bir-biri ilə görüşlərində müzakirə edilən  məsələlərdir. Burada kimsə kimsədən yardım istəyir, qonaq çağırır və ya idmançı mübadiləsini müzakirə edir. Təsəvvür edin ki, bu iclaslarda 206 ölkənin Milli Olimpiya Komitəsi bir araya toplanır və hərə öz problemlərini orada həll etməyə çalışır.

 

- Çox güman ki, bizdən də dəstək gözləyən ölkələr var.

 

- Bəli, bu belədir. Bizdən dəstək gözləyən, bizimlə münasibətləri daha da yaxşılaşdırmaq istəyən ölkələr var.

 

- 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı qələbə qazandı. Artıq bu gün işğaldan azad edilmiş torpaqlarımızda sürətlə tikinti-quruculuq işləri həyata keçirilir. Yəqin ki, quruculuq və bərpa işlərinin sonrakı mərhələlərində həmin ərazidə idman infrastrukturunun formalaşması nəzərdə tutulub.

 

- Azərbaycan 44 günlük müharibədə Cıdır düzünü, Şuşanı işğaldan azad etdi. Bizim o dövrdə ən gözəl idman arenamız Cıdır düzü idi. Bildiyiniz kimi, Cıdır düzü idman arenası kimi, çaparların yarış məkanıdır. Şuşanın, Cıdır düzünün işğaldan azad edilməsi həm də idmanımızın qələbəsidir. Ümid edirəm ki, bundan sonra Cıdır düzündə idman yarışları keçiriləcək. Bu gün işğaldan azad olunmuş ərazilərdə quruculuq və bərpa işləri həyata keçirilir. Əlbəttə, hər bir rayonda sosial obyektlərlə yanaşı, məktəblər, mədəniyyət ocaqları və eyni zamanda idman qurğuları da tikiləcək. Hazırda həmin ərazilərdə layihələndirmə işləri gedir. Arzu edərdim ki, Kəlbəcərdə bir stadion olsun. Atletika Federasiyasının prezidenti kimi deyə bilərəm ki, atletlər üçün ən yaxşı məşq etmək üçün yer Kəlbəcərdir. Yüksəkliklərdə məşq edən atlet yarışlarda çox gözəl nəticələr əldə edir. Bununla bağlı işlər görülür, təkliflər toplanılır. Hətta təkcə idman qurğularının yaradılması deyil, həmin regionların müxtəlif idman növləri üzrə komandalarının yaradılması da müzakirə olunur. Amma bu, uzun çəkən prosesdir. İdmanla məşğul olmaq üçün gərək əhali həmin ərazilərə qayıdıb, yerləşsin. Onların bütün problemləri həll olunandan sonra uşaqları idmana cəlb etmək mümkün olacaq.

 

- 2023-cü il Heydər Əliyev ili kimi qeyd olunacaq. Gələn il ölkədə keçirilən idman tədbirləri də məhz bu adla keçiriləcək.

 

- Artıq bu barədə müxtəlif federasiyalar müraciət ediblər. Onlar öz tədbirlərini ümummilli lider Heydər Əliyevin yubileyinə həsr etmək istəyirlər. Əvvəllər də Heydər Əliyevin adına turnirlər keçirilirdi. Əminəm ki, gələn il Azərbaycanda təşkil olunan bütün yarışlar ümummilli lider Heydər Əliyevin yubileyinə həsr olunacaq. Yəqin ki, cənab Prezidentin də bu barədə xüsusi təklifləri var. Milli Olimpiya Komitəsinin xətti ilə də mötəbər bir tədbir həyata keçiriləcək.