Xəbərlər

BP şirkəti Azərbaycan komandalarının London 2012 Oyunlarındakı iştirakını dəstəkləyir

26 yanvar 2012 591

BP London 2012 Oyunları üçün öz xüsusi nümayəndələri kimi seçdiyi yeddi Azərbaycan idmançısının adlarını açıqladı. BP Azərbaycan şirkəti 2012-ci ildə Londonda keçiriləcək Olimpiya və Paralimpiya Oyunlarına hazırlaşan Azərbaycan milli komandalarına və bir qrup seçilmiş idmançıya dəstək vermək üçün bu gün Azərbaycan Milli Olimpiya Komitəsi və Milli Paralimpiya Komitəsi ilə tərəfdaşlıq müqavilələri imzaladı. Bu, 1992-ci ildən Azərbaycanda fəaliyyət göstərən BP şirkətinin öz 20-illiyini qeyd etdiyi bir vaxta təsadüf edir. Bu müqavilələrə əsasən BP Azərbaycan şirkəti Azərbaycan Milli Olimpiya Komitəsinin və Azərbaycan Milli Paralimpiya Komitəsinin London 2012 Oyunlarında rəsmi tərəfdaşı olacaq. BP bu gün həmçinin London 2012 Oyunları üçün öz xüsusi nümayəndələri kimi seçdiyi yeddi Azərbaycan idmançısının adlarını da açıqladı. Şirkət üç olimpiya və dörd paralimpiya idmançısından ibarət bu qrupun həm London 2012 Oyunlarına hazırlığını, həm də oyunlarda iştirakını dəstəkləyəcək. Həmin idmançılar bunlardır: Cəbrayıl Həsənov - sərbəst güləş, Fəridə Əzizova - taekvondo, Rövşən Bayramov - yunan-roma güləşi (klassik güləş), İlham Zəkiyev - dzyudo, Afaq Sultanova - dzyudo, Oloxan Musayev - atletika, Oleq Panyutin - atletika. BP Azərbaycanın xüsusi təmsilçiləri kimi seçdiyi idmançılar haqqında daha ətraflı məlumat bu mətbuat açıqlamasına əlavə olunur. İmzalama mərasimində çıxış edən BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Rəşid Cavanşir dedi: “Azərbaycanın Milli Olimpiya və Paralimpiya Komitələrinə, həmçinin London 2012 Oyunlara hazırlaşan bir qrup Azərbaycan idmançısına dəstək verməkdən məmnunluq duyuruq. Olimpiya və paralimpiya oyunları bütün ölkəyə həyəcan yaşadacaq bit tədbirdir və biz Azərbaycan xalqını əmin etmək istərdik ki, milli idmançıların Yay Oyunlarında iştirakını izləyərkən yaşanılan həyəcanı, həmçinin idmançılar vətənə olimpiya medalları ilə qayıdarkən duyulan fərəhi biz də sizinlə bölüşmək istəyirik. Azərbaycandakı 20 illik fəaliyyətimiz ərzində biz bütün maraqlı tərəflərlə gözəl münasibətlər və bu ölkə ilə möhkəm bir tərəfdaşlıq qurmuşuq. Bütün bunlar ölkənin icrasını bizə həvalə etdiyi strateji layihələri həyata keçirmək bacarığımıza olan etimadına əsaslanır. BP hələ uzunmüddət regionda güclü və dayanıqlı iqtisadiyyata malik lider ölkə olmaq kimi öz strateji roluna doğru inkişaf edən Azərbaycanda olmaq niyyətindədir. ” Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə dedi: “Bu strateji tərəfdaşlıq BP şirkətinin ölkəmiz və xalqımız qarşısında götürdüyü öhdəliyə sadiq olduğunu nümayiş etdirir. Əməliyyatçısı olduğu iri layihələr vasitəsilə neft və qaz sənayemizin inkişafına, eləcə də özünün davamlı inkişaf təşəbbüslərini həyata keçirməklə icmaların, yerli şirkətlərin, dövlət və təhsil müəssislərinin inkişafına əsaslı şəkildə töhfələr verməklə 20 ildir ki, Azərbaycanda aparıcı operator kimi gördüyümüz bir şirkətin Azərbaycan Milli Olimpiya və Paralimpiya Komitələri ilə tərəfdaş olmaq qərarını verməsindən çox məmnunuq. Ümid edirik ki, bu tərəfdaşlıq da BP-nin əvvəllər Azərbaycanda həyata keçirdiyi digər tərəfdaşlıq təşəbbüsləri kimi uğurlu olacaq”. Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov tədbirdə çıxış edərək dedi: “Zənnimizcə, bu tərəfdaşlıq idmanın cəmiyyətdə hər kəsə fayda verə biləcəyi barədə məlumatlılığı artırmağa kömək edir. Biz həmçinin inanırıq ki, BP-nin xüsusilə bizim komitə ilə tərəfdaşlığı və paralimpiya idmançılarına dəstəyi London 2012 Paralimpiya Oyunlarında iştirak etmək kimi çətin öhdəliyi qəbul etmiş idmançılarımıza qarşı hər birimizin hiss etdiyi hörmət və heyranlıq hisslərini bir daha vurğulayır”. BP Azərbaycan şirkətinin Milli Komitələrlə tərəfdaşlığı, eləcə də bütün il boyu – həm Olimpiya Oyunlarından əvvəl, həm də sonra milli komandalar və idmançılara dəstəyi haqqında əlavə məlumatlar bundan sonra da veriləcək.