Xəbərlər

Bakıda voleybol məşqçiləri üçün növbəti beynəlxalq seminar başa çatıb

15 sentyabr 2023 240

Bakıda voleybol məşqçiləri üçün keçirilən beynəlxalq seminar başa çatıb.

Sentyabrın 11-dən 15-dək davam edən “Level 2” seminarı Beynəlxalq Voleybol Federasiyasının (FIVB) və AVF-nin birgə təşkilatçılığı ilə baş tutub.

Yerli və xarici mütəxəssislərin, həmçinin qadın voleybolçulardan ibarət millimizin üzvlərinin iştirak etdiyi seminara türkiyəli Çengiz Akarçeşmə rəhbərlik edib, onun köməkçisi isə daha öncə FIVB-nin məşqçilik sertifikatı almış, çimərlik voleybolu üzrə məşqçi Nihad Tanrıverdiyev olub.

Seminar nəzəriyyə və təcrübədən ibarət olub. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunan seminarın sonuncu günündə mütəxəssislər nəzəri, ardınca isə praktiki imtahanda iştirak ediblər. Hər bir iştirakçı imtahanlardan uğurla keçərək FIVB-nin Level 2 dərəcəli beynəlxalq sertifikatına layiq görülüb.

Daha sonra seminarın bağlanış mərasimi keçirilib. Tədbirdə AVF-nin vitse-prezidenti Bəhruz Quliyev, baş katib Faiq Orucov, türkiyəli Çengiz Akarçeşme və digər qonaqlar iştirak ediblər.

B.Quliyev çıxış edərək hər bir iştirakçını seminarı uğurla başa vurduğu üçün təbrik edib. Bildirib ki, AVF ölkədə voleybolçuların yetişdirilməsi ilə yanaşı, məşqçilərin peşəkarlığının artırılmasına da diqqət ayırır. Ümumilikdə voleybolun inkişafı və bu idman növünə marağın yüksəldilməsi istiqamətində belə seminarların gələcəkdə də keçiriləcəyini vurğulayıb, mütəxəssislərə fəaliyyətlərində uğurlar arzulayıb.

Ç.Akarçeşmə bu həftənin gərgin və yorucu keçdiyini bildirib. O qeyd edib ki, klub mövsümünün başlanmasına baxmayaraq, həm voleybolçular, həm də mütəxəssislər seminarı uğurla başa vurublar. Türkiyəli mütəxəssis belə vaxtda bu seminarın təşkilinin yüksək səviyyədə həyata keçirildiyi üçün AVF rəhbərliyinə təşəkkürünü bildirib. Federasiyanın bu seminarlarla yanaşı, uşaq voleybolunun inkişafı istiqamətində də ciddi tədbirlər gördüyünü deyən qonaq yaxın gələcəkdə bu işlərin nəticə verəcəyinə inamını bildirib.

Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub və xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, 3-7 iyul tarixlərində Bakıda FIVB-nin “Level 1” seminarı keçirilib. Noyabrda isə paytaxtda “Level 3” beynəlxalq seminarının keçirilməsi nəzərdə tutulur.