Xəbərlər

Bakı məktəblilərinin Özbəkistan səfəri bitib

27 mart 2023 856

Azərbaycanın Elm və Təhsil Nazirliyinin, Milli Olimpiya Komitəsi ilə birgə həyata keçirdiyi OCEP layihəsi çərçivəsində Bakı şəhər 53 nömrəli orta məktəbin müəllim və istedadlı şagirdlərindən ibarət nümayəndə heyəti Özbəkistana gedib. 
Səfər çərçivəsində məktəbin nümayəndə heyəti Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzini ziyarət edib. 

Mərkəzin direktoru Samir Abbasovla qonaqlara Ümummilli Lider Heydər Əliyevin adını daşıyan Mədəniyyət Mərkəzinin Azərbaycan-Özbəkistan dostluq münasibətləri və mədəni əlaqələrin inkişafı istiqamətində fəaliyyəti, həyata keçirdiyi layihələr haqqında məlumat verib. 

Nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan Mədəniyyət Mərkəzində açılmış Azərbaycan-Özbəkistan Dostluq Muzeyi, habelə Heydər Əliyev, Azərbaycan tarixi və Xalça muzeyləri ilə tanış olublar. 
Daha sonra Mədəniyyət Mərkəzinin konfrans zalında 53 nömrəli tam orta məktəbin istedadlı şagirdlərinin hazırladığı bədi proqram təqdim edilib. Şagirdlər milli rəqslərimizi ifa edib, fortepianoda Azərbaycan və Özbəkistanın dövlət himnlərini, Azərbaycan bəstəkarlarının əsərlərini səsləndiriblər. 

Daşkənd şəhərindəki Prezident Məktəbinə də səfər edən Bakı şəhər 53 nömrəli orta məktəbin nümayəndə heyəti məktəbin Təhsil sistemi ilə yaxından tanış olublar. Bundan başqa qonaqlar məktəbin Steam, komputer, fizika, kimya otağına və idman zallarına baxıblar. 

Səfər çərçivəsində məktəb nümayəndələrini və məktəbliləri Azərbaycan Respublikasının Özbəkistandakı Fövqəladə və Səlahiyyətli Səfiri Hüseyn Quliyev qəbul edib. Qəbul zamanı Cənab Səfir ölkələr arasında qardaşlıq münasibətləri və hər iki ölkə başçısının xalqların dostluq və əminamanlıq şəraiti də yaşaması üçün görülən işləri haqqında danışıb. Sonda qarşılıqlı hədiyyələr təqdim olunub və xatirə şəkli çəkdirilib.

53 nömrəli orta məktəblə Özbəkistanın Əl Biruni adına Beynəlxalq orta məktəbi arasında qardaşlaşmış məktəblər haqqında müqavilə imzalanıb. 

Azərbaycan nümayəndə heyəti və məktəblilər Özbəkistanın tarixi şəhərləri olan Buxara və Səmərqəndə də səfər ediblər.

Qeyd edək ki, Milli Olimpiya Komitəsinin “OCEP” lahiyəsi çərçivəsində Bakı şəhər 53 nömrəli tam orta məktəbin müəllim və şagird heyəti ilə yanaşı MOK-nin Beynəlxalq Proqramlar İdarəsinin məsləhətçisi Ceyhun Rəhmanov, OCEP layihəsi üzrə koordinator Namiq Cəfərov da səfərdə olublar.