Xəbərlər

“Bakı-2023”: Taekvondoçumuz Fəridə Əzizovanın ilk rəqibi müəyyənləşib

30 may 2023 541

Azərbaycan taekvondoçusu Fəridə Əzizovanın Bakıda keçirilən dünya çempionatında ilk rəqibi bəlli olub.

Çempionatda 67 kiloqram çəki dərəcəsində çıxış edəcək millimizin üzvü 1/16 finalda ABŞ idmançısı Kristina Teaçot ilə qarşılaşacaq. “Baku Crystal Hall”da təşkil olunan yarışın 1/32 final mərhələsində ABŞ təmsilçisi polşalı Justina Koşalkovskadan üstün olub.

Digər taekvondoçumuz Qaşım Maqomedov (58 kq) isə 1/32 final mərhələsində Kay Çenqə (Çin) uduzub.

Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin 100 və Dünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edən çempionat “Öz gücünü alovlandır” şüarı altında təşkil olunub. İyunun 4-dək davam edəcək 26-cı dünya çempionatında 145 ölkədən 949 taekvondoçu 16 çəki dərəcəsində mübarizəyə qoşulub.

Dünya çempionu olacaq idmançı aktivinə 140 reytinq xalı əlavə edəcək.

Çempionatda ümumilikdə 150-dən çox ölkədən 2000-ə yaxın qonaq iştirak edir. Bu münasibətlə çempionat çərçivəsində silsilə tədbirlər keçirilir.

Xatırladaq ki, Bakının yarışa ev sahibliyi etməsi barədə qərar ötən il qəbul olunub. Beynəlxalq Olimpiya Komitəsinin İsveçrənin Lozanna şəhərindəki inzibati binasında təşkil olunan və qurumun prezidenti Tomas Baxın qatıldığı yığıncaqda bu yarış üçün 3 ölkə namizədliyini versə də, Bolqarıstan son anda müraciətini geri götürüb. Nəticədə dünya çempionatını qəbul etməyə Azərbaycan və Çin iddia edib. Beynəlxalq qurum ölkəmizin bir sıra nüfuzlu yarışlara, taekvondo üzrə isə Avropa çempionatına, Qran-Pri, Olimpiadaya lisenziya xarakterli təsnifat turnirlərinə uğurla ev sahibliyi etməsini nəzərə alaraq, dünya çempionatının keçirilməsini də Azərbaycana həvalə edib. Beləliklə, taekvondo üzrə dünya çempionatı MDB məkanından Rusiyadan sonra ikinci dəfə Azərbaycanda təşkil olunur. Eyni zamanda, Azərbaycan Avropa ölkələri arasında Almaniya, Danimarka, İspaniya, Yunanıstan, Rusiya və Böyük Britaniyadan sonra dünya çempionatına ev sahibliyi edən yeddinci ölkədir.